Название | İki ömrüm olsaydı |
---|---|
Автор произведения | Əli Zeynalov |
Жанр | |
Серия | Xatirə ədəbiyyatı |
Издательство | |
Год выпуска | 0 |
isbn | 978-995-255-785-5 |
Tətil günləri qurtardı. Mən Bakıya qayıtdım. Artıq son kursdaydım. Özü də tamamilə dəyişmişdim.
Bir gün ədəbiyyat müəlliməmiz təəccüblə soruşdu:
– Axır vaxtlar qəribə olmusan. Həmişə fikirli görünürsən. Dərslərədə hazır gəlmirsən. De görək, nə olub sənə?
Mən başımı aşağı salıb susdum.
Əlbəttə, bu vəziyyətim tələbə yoldaşlarımı da heyrətləndirirdi. Axı, bu il biz texnikumu bitirib müəllimlik diplomu almalı idik. Bütün dərslərdən əla qiymətlə oxuduğum halda son kursda hamıdan geri qalırdım.
Çıxılmaz vəziyyətə düşmüşdüm. Gecə-gündüz teatr haqqında, səhnə haqqında düşünürdüm. Şirin-şirin arzuların, xəyalların burulğanından çıxa bilmirdim.
Bir dəfə yoldaşlarımdan eşitdim ki, vağzalın yanındakı fotoatelyenin vitrinində Abbas Mirzənin böyük portreti qoyulub.
Adı dillərdə bir əfsanə kimi gəzən, dostum Fərruxun ürəkdən sevdiyi bu adamın şəklinə uzun-uzadı baxdım. O, nədənsə mənə qeyri-adi bir varlıq kimi göründü. Gözlərindəki vüqar və cazibə qüvvəsi məni elə bil əfsunlamışdı.
O gün dərsə getmədim. Dolaşıq fikirlərlə gəzə-gəzə dəniz kənarına gəldim.
Son vaxtlar məndəki bu dəyişiklik ailəmizdə də nəzərdən qaçmamışdı. Tez-tez evdən çıxır, küçələri dolaşır, həmişə tək-tənha qalmaq istəyirdim.
Axşama yaxın idi. Qoca bibim o biri otaqda tikişlə məşğul idi. Mən çarpayıda uzanıb dərin fikrə getmişdim. Bibimin səsi gəldi:
– Gəl çörəyini ye!
– Yemirəm! – deyə cavab verdim. Ağzı üstə uzanıb üzümü balmcın altında gizlətdim.
Bibim asta addımlarla gəlib yanımda oturdu.
Mənim bu rəftarım, deyəsən, qəlbinə toxunmuşdu. Axı, mən öz sirlərimi həmişə ona deyərdim. Bir şey lazım olanda ona müraciət edərdim. Amma indi bibimdən də uzaq olmaq istəyirdim. O, mənim xətrimi çox istəyirdi. Mənim bibimə olan mehribanlığım nədənsə anama xoş gəlmirdi. O bundan əsəbiləşir, tez-tez atama gileylənirdi. Atamla mənim aramda böyük bir hörmət pərdəsi vardı. O, anamın təhrikinə baxmayaraq məni məzəmmət etməzdi. Anam isə yerli-yersiz məni acılayırdı. Bununla da kifayətlənməyib mənə təsir etsin deyə bibimlə sərt rəftar edirdi. Buna dözə bilmədim. Son günlər yaman əsəbi olmuşdum. Bəzən günlərlə evdən gedir, yoldaşlarımgildə qalırdım…
Bibimin qırışmış,mehriban əlini saçlarımda hiss etdim. Başımı qaldırıb ona baxdım. Gözləri yaşarmışdı.
– Nə olub sənə? Bu qədər fikir olar ki, eləyirsən?
Elə bil mən onun sualını gözləyirdim. Hönkür-hönkür ağladım.
– Ağla, qoy ürəyin boşalsın, görürəm haçandır dolmusan.
O mənə təsəlli versə də, özünün də qəhərləndiyini hiss edirdim.
Bibim oturub diqqətlə mənə qulaq asırdı. Ona deyəndə ki, teatra getmək istəyirəm, aktyor olmaq istəyirəm, o, gözlərini gözlərimdən çəkməyərək diqqətlə baxdı, baxdı… Ürəyim riqqətlə döyünürdü: "Görəsən bibim nə deyəcək? Bəlkə heç o da bu işə razı olmayacaq?".
O, yaylığının ucu ilə yaşarmış gözlərini silə-silə dedi:
– Bilmirəm, atan bu işə necə baxar?
Ani sükutdan sonra əlavə etdi:
– Amma onu bilirəm ki, qohum-əqrəba razı qalmaz.
O, haqlı idi.
Atamla heç vaxt öz istəyim, arzularım barədə danışmamışdım.
Ona deyə bilərdimmi ki, mən artist olmaq istəyirəm? O bu arzuya necə baxardı, qohumlar, tanışlar arasında sıxılmazdımı?
Atam bu istəyimə razı olmasa mən daha nə edə bilərdim? Axı o, öz oğlunu müəllim görmək istəyirdi. Bu ona sarsıdıcı bir zərbə olmazdımı?
Bu sirrim evdəkilərə məlum oldu.
Bibim dilini dinc qoymamışdı. Düzdür, mən özüm də arzu edirdim ki, bilsinlər. Amma nədənsə indi peşman olmuşdum.
Birtəhər pedaqoji texnikumu qurtardım. Atamın mənimlə belə bir söhbəti oldu:
– Müəllimlik etmək istəyirsən, yoxsa təhsilini davam etdirmək?
– Teatr texnikumuna girmək istəyirəm.
Mən bu sözləri deyib özüm də hiss etmədən günahkar adamlar kimi başımı aşağı saldım. Atam bir müddət yerindən tərpənmədi. Sonra o biri otağa keçdi, mən başımı qaldıranda gördüm ki, bibim qapı ağzında dayanıb mənə baxır. Elə bu vaxt atam əlində portfel evdən çıxdı.
Həmin gün "Raboçi i ziritel" jurnalının son səhifəsində Bakı Dövlət Teatr Texnikumuna tələbə qəbulu barədə elan oxudum. Tərəddüd edə-edə sənədlərimi aparıb texnikumun katibliyinə verdim…
Evimizdə demək olar ki, oturmağa yer yox idi. Qohumlar, tanışlar hamısı bizə yığılmışdı.
Mənim hərəkətim onları haldan çıxarmışdı. Anamın şikayət dolu səsi evi başına götürmüşdü. Məni danlamağa, "başıma ağıl qoymağa" başladılar. Bir sözlə tələb edirdilər ki, mən alim, həkim, heç olmasa müəllim olum.
Başımı aşağı salıb susurdum. Danışmasam da, qərarım qəti idi. Dodaqlarım titrəyirdi. Çalışırdım ki, ağlamayım. Bu özü də bir qəhrəmanlıq idi. Mən öz qərarımın qətiliyini onlara sübut etmək istəyirdim. Boğazım göynəyirdi. Amma özümü saxlayırdım. Dırnaqlarım az qala əlimin ətinə keçmişdi. Ağrı hiss etmirdim. Bircə gözlərimdən yaş axmayaydı! Bunu necə arzu edirdim!?
Demək olar ki hamı növbə ilə danışırdı. Axırda stolun baş tərəfində oturan və bizim ailəyə yaxın olan, şişman kişi sözə başladı:
– Əşi, uşaqdır, qanmayıb, bir işdir edib. Sabah mən Maarif komissarlığına gedib o texnikumun direktorunu biabır edərəm. Bu harada görünüb ki, müəllim diplomu alan bir adamı təzədən texnikuma götürür? Heç eybi yoxdur!
Elə bil məni ildırım vurdu. Çevrilib nifrətlə ona baxdım. Ancaq bir söz deyə bilmədim.
Atam daha dinmirdi. Ortalığa dərin bir sükut çökdü. Ürəyim daha da sıxıldı. Dayım üzünü atama tərəf tutub dedi:
– Ay Yusif, bəs sənin sözün nədir?
Yenə şişman kişi söhbətə qarışdı.
– O nə deyəcək? Yoxsa el-obanı bizə güldürəcək?
Titrəyirdim: "Ah, bircə atam danışaydı".
Elə bu an başını qaldırıb aram səslə dedi:
– O, hansı sənəti istəyirsə, onun da dalınca getməlidir. Zorla sənət seçdirmək ağıllı iş deyil. Yoxsa aqibəti pis olar.
Mən sevincək bayıra çıxdım.
Elə bil atam dünyanı mənə bağışlamışdı. Bircə anın içində o, gözümdə nə qədər yüksəldi,