Название | Xatirələr |
---|---|
Автор произведения | Əlisa Nicat |
Жанр | |
Серия | Xatirə ədəbiyyatı |
Издательство | |
Год выпуска | 0 |
isbn | 978-995-256-623-9 |
Ümumiyyətlə, bütün uşaqlar kimi mən də həddən artıq meyvəpərəstdim. Ancaq öz ağaclarımız yox idi. Bazardan nə atamız, nə də anamız heç vaxt meyvə almazdılar. Olsa da, nadir hallarda. Ümid qalırdı özümüzə. Özümüzün də pulumuz olmazdı. Ata-anamız heç vaxt bizə xərclik üçün pul verməzdilər. Yəqin ki, uşaqdıq, ona görə. Amma yadıma gəlir ki, elə
sonralar, məktəbli olanda da belə olmuşdu.
Əlbəttə, hər qadının, hər ananın öz xasiyyəti, xarakteri var. Eləcə, atanın da. Təbii ki, ata-anamız övladlarını sevirdilər. Amma bu, çox özünəməxsus sevgi, çox sərt məhəbbət idi.
Hətta qeyd edim ki, səhv eləmirəmsə, dərzidə ilk bahalı kostyumu universitetdə tələbə
olarkən tikdirmişəm. Ona qədər, yəni iyirmi yaşına kimi yay-qış ucuz mallardan tikilən paltar geyərdik. Axırı bir dəfə hirslənib anama qışqırıb dedim ki, nə vaxtacan bizə “detdom”
parçalarından kostyum, ayrı-ayrı mallardan olan, sətin parçalardan pencək və ucuz şalvarlar tikdirəcəksiz? Anam çox sakit təbiətli uşaq olan mənim bu ittihamıma mat qalıb deməyə söz tapmamışdı.
O dövrdən yadımda qalan Əbucənin qoz ağacları ilə bağlıdır. Payızda səhər tezdən duranda məftil hasarın altından keçib qorxa-qorxa və tələsə-tələsə gecə yerə düşüb qabığı partlayan yaş
qozları yığmağım hələ də yadımdadır. Bu, beş yaşında olan mənim üçün az qala bayram olardı.
Ona görə ki, məhəllədə uşaq oyunlarının ən prestijlisi “qoz-qoz” oyunu idi. Çünki aşıqdan fərqli olaraq qoz ləzzətli idi və qeyd edim ki, o dövrün meyvələri indikindən dəfələrlə dadlı olurdu. Doğrudur, aşıq-aşıq da çox oynayardıq. Ancaq aşıq sadəcə sümükdü, qoz isə yağlı və
ləzzətli meyvə.
Uşaqlar, əlbəttə, məktəb yaşına qədər həyatlarının ləzzətli dövrlərini yaşayırlar. Bütün günü küçədə, dalanda müxtəlif oyunlar oynayıb keyf edirlər.
Bütün heyvanların, canlıların körpələri oynamağı sevir. İtlərin, pişiklərin, hətta vəhşi heyvanların da. Lakin heyvanlarda bu oyun dövrü çox az çəkir. Çünki təbiət onların uşaqlığı üçün lap az vaxt ayırıb. İnsanların körpələri isə məktəbə gedənə qədər, hətta ondan sonra da səhərdən-axşamacan oynamaqdan başqa heç nə bilmirlər. Özü də unutmaq olmaz ki, o vaxtlar illər indikindən çox-çox uzun çəkirdi.
Məhəllə uşaqlarının həm yaş, həm də boyca ən böyüyü “domkom” (evlər müdiri) Ağabbanın oğlu Əlihüseyn idi. Bir az əqli natamamlığına görə məktəbə getməsinin və elmləri dərk etməsinin faydasız olduğunu görüb ata-anası onu sərbəst buraxmışdılar. Məlumdur ki, hər övlad, hətta şikəst olsa belə, valideynləri üçün əzizdir. Hətta çox vaxt şikəstlər sağlamlardan daha şirin olur. Görünür, belə uşaqlara valideynlərin yazığı gəlir. Əlihüseyn isə
sağlam, cəld və diribaş idi. Sonralar o, heç bir savad istəməyən Yanğınsöndürmə idarəsində işə
düzəlib, hətta evlənib ailə başçısı da oldu.
Bütün günü oynadığımız məhəllə uşaqları – Fikrət, İlyas, Paşa, Bayram, Adil, İsmayıl, Xəlil və başqaları idilər. Əlbəttə, məndən iki yaş kiçik qardaşım Qəhrəman da daim bizimlə olardı.
Onlar məktəbəqədərki dövrün dostları, o vaxt dediyimiz kimi “partnyor”larımız idilər.
Məktəbli dövrün isə öz dostları vardı və onlar barədə hələ xeyli söhbət olacaq.
Məktəbəqədərki məhəllə uşaqları və o dövrün yadımda qalan hadisələri, əlbəttə, xarakterimin formalaşmasında, psixikamda dərin iz buraxdığından uzun illər yuxumun əsas mövzusu idi. Aydındır ki, yuxu bütün yaşantıların, bütün baş verənlərin bir növ disketə çəkilib beynin rəflərinə düzülməsidir. Gecələr çox vaxt təbiət onları işə salır.
5
Əgər anamın xəbərçiliyi ilə atamızın gələndə öz enli dəri qayışı ilə bizə divan tutması hadisəsi illər boyu dönə-dönə təkrar olunmasaydı, uşaqlıq dövrünü doğrudan da, ən qayğısız və ləzzətli dövr saymaq olardı.
Müharibə illəri idi. Atam Səpnəkəran kəndində İcraiyyə Komitəsinin sədri – “spolkom” idi.
Səhv eləmirəmsə, 1942-1946-cı illərdə. Ondan əvvəl isə “Kirov” sovxozunda “politotdel” idi, yəni siyasi şöbə rəisi. Sonralar bu vəzifə sovxozlarda partiya katibi adlandı.
Lap uşaqlıq, bağça illərinə aid olan o dövrdən yadımda qalan odur ki, bu sovxozda taxta və
ağacdan tikilmiş dövlət evində yaşayırdıq. Yadıma gəlir ki, bağçaya gedirdim və orda hansısa o dövrün vətənpərvərlik mahnısını hey oxuyardıq. Yadıma gəlir ki, sovxozda qalıb orduya getməyən kişilər axşamlar təlim və döyüş hazırlığı keçər, cərgəyə düzülüb marş addımlarla küçələrdən keçərdilər.
Müharibənin ikinci ilində, atam Səpnəkəranda işləyəndə hər yanda aclıq olsa da, vəziyyətimiz pis deyildi. Atam kolxozdan aldığı buğda və un “payok”unu evimizə qətirər, ilboyu anamın bişirdiyi təndir çörəyini yeyərdik.
Səpnəkəran kəndi Lənkərandan 10-15 kilometr aralı, Bakı-Astara şosesi üstündə bol meyvəli, xüsusilə gilas ağacları ilə məşhur kənd idi.
Hələ məktəbə getmirdim və atam çox vaxt həftədə bir dəfə evə gələrdi. Ona görə də dörd oğlundan (Məhərrəm də hələ körpə idi) yalnız məni özü ilə aparıb kənddə yanında saxlayardı.
Qayğısız halda günlərimi, xüsusən yaz, payız aylarında, kəndin iri gilas bağında keçirər, ağaclara çıxıb budaqlarda qalıb bürüşən dadlı gilasları qoparıb yeyərdim.
İdarənin həyətində nəhəng şəlem ağacları var idi. Payız günləri həyəti örtən xəzəllərin altında bəzən bir də görürdün sap-sarı, ətirli armud var. Götürüb ləzzətlə yeyərdim.
Günorta atam məni çağırar, bişirdiyi qayğanağı (o ancaq bunu bişirə bilirdi) birlikdə
yeyərdik.
Taxtadan tikilmiş ikimərtəbəli binanın aşağı otağı atamın idarəsi, yuxarıdakı isə yataq otağımız idi.
Atama “bon” verib orduya aparmamışdılar. Yaşı əllini haqlamışdı. Ancaq üç əmim – Bali (Balaxan), Feyruz və Dənzi orduda idilər. Elə böyük əmim Rəşidin oğlu Baloğlan da. Onların Separadi kəndində evləri, həyətləri və ailələri vardı. Sonralar müharibənin ortalarında Bali əmim yaralanıb gəldi. Sağ əlində bir neçə barmağını qəlpə alıb aparmışdı. Başqa yarası da vardı, amma müalicə olunub evə buraxılmışdı.
Atam vaxtaşırı Separadiyə gedib onların, xüsusilə çox sevdiyi Feyruzun ailəsinə maddi kömək edərdi.
Anam Qızbəs də Separadidən idi. Atamgil təqribən 1910-cu illərdə, ataları Əkbər vəfat edəndən