Xatirələr. Nağı bəy Şeyxzamanlı

Читать онлайн.
Название Xatirələr
Автор произведения Nağı bəy Şeyxzamanlı
Жанр
Серия Xatirə ədəbiyyatı
Издательство
Год выпуска 0
isbn 978-995-255-787-9



Скачать книгу

başlamış və bu işi on il ərzində tamamlaya bilmişdi. İşğal edilən xanlıqların heç bir hüququ tanınmadan onlar rus imperiyasına il-haq edilmişlər. Bunlar Bakı, Gəncə, Qarabağ, Şəki, Şir-van, Quba, Lənkəran xanlıqları ilə bir neçə kiçik sultanlıqdan ibarət idi. Azərbaycan xanlıqları o dövrlərdə aralarında birlik qura bilməmişdilər. Bu səbəbdən də rus imperializmi onları asanlıqla bir-bir işğal edə bilmişdir. Ancaq başlarına gələn fəlakətdən sonra onlar öz əhalisi ilə ruslara qarşı amansız mübarizəyə başladılar. Dinləri, dilləri, ənənələri və adətləri bir olan bu insanlar tez dil tapdılar, qaynaşdılar və bir varlıq olaraq ortaya çıxa bildilər. Ruslar ən çətin mübarizəni Gəncə xanlığı ilə apardı və böyük tələfat verdi. Rus ordularının komandanı general Sisianov Gəncə xanı Cavad xana hədələyici ultimatumlar göndərir və onun ruslara qarşı vuruşmasını milçəklə filin mübarizəsinə bənzədərək, "Gəl təslim ol, imperator səni əfv edər", – deyirdi. Cavad xan isə inadından dönməyərək mübarizəsini davam etdirirdi. O, Sisianova, "Mən ölməmiş siz Gəncə-yə girə bilməzsiniz", – cavabını vermişdi. Nəhayət, mühasirənin heç bir nəticə verməyəcəyini hiss edən ruslar şəhərin içindən keçən çayın məcrasını dəyişdirdilər. Bir tərəfdən aclıq, susuzluq, digər tərəfdən də ağır topların müntəzəm olaraq şəhərə atəş açmaları xalqın müqavimətini zəiflətdi. Bundan istifadə edən ruslar şəhərə girə bildilər. Yalnız Cavad xanın və oğlunun şəhid olmasından sonra şəhərə daxil olan vəhşi rus əsgərləri qarşılarına çıxan hər canlını amansızcasına məhv etdilər. Bu, rus çarının onlara qələbədən sonra verdiyi zəfər haqqı idi.

      Mühasirə zamanı şəhərdəki qocalar, xəstələr, uşaqlar Gəncənin böyük camesinə sığınmışdılar. Növbə ora çatır. Ancaq rus əsgərlərini qapıda rusca bilən bir ağsaqqal qarşılayır və onlara, "Bura qışla deyil, Allahın evidir. Burada yalnız ibadət edilir, silahla girilməz. İçəridə qocalar, qadınlar, uşaqlar var. Hamısı Allahlarına sığınmışlar. Mərhəmət edin", – deyir. Əsgərlər əvvəlcə agsaqqal qocanı öldürür, sonra da içəri girərək oradakıları qılıncdan keçirirlər. Camenin qanını təmizləmək üçün düz bir həftə lazım gəlir. Bax, budur rus mədəniyyəti…

      Şairlər tərəfindən Gəncə xanlığı və onun qəhrəman xanı Cavad xan üçün yazılan misralar hələ də Azərbaycan xalqının dilində əzbərdir. Şair Qazaxlı Dilbozun dastanının son misrası belədir: "Elə ki, Cavad xanı vurdular, sanki qırıldı beli Gəncənin".

      Tarixdə gəncə

      («İslam Ensiklopediyası», «Gəncə» məqaləsi)

      Böyük ticarət yolları üzərində zəngin və münbit bir ərazidə qurulmuş olan Gəncə çox əski dövrlərdə iqtisadi cəhətdən xeyli inkişaf etmişdir. Gəncəlilərin cəngavərlikləri və şücaətləri də məşhur idi. 1221-ci ildə monqollar ilk dəfə Gəncənin qala divarları ətrafında göründükləri zaman qəhrəmanlıqları ilə tanınmış bu şəhərə yaxınlaşmağa cəsarət etməmiş, aldıqları qızıl və parçalarla kifayətlənərək çəkilib getmişdilər.

      XIII əsrin erməni salnaməçilərindən gəncəli Kirakos yazır: "Monqollardan qaçaraq Azərbaycana gələn Xarəzmşah Cəlaləddin Eldənizlilərin xanı Özbək xanın Təbrizdən qaçaraq sığınmış olduğu Gəncəni zəbt etdi. Ancaq bu hadisədən bir neçə il sonra gəncəlilər üsyan qaldıraraq, şəhərdəki Xarəzmşahın adamlarını öldürməyə başladılar. Buna baxmayaraq, Cəlaləddin 1231-ci ildə üsyanı yatırmağa müvəffəq oldu və onun 30 nəfər əsas iştirakçısından başqa heç kəsə toxunmadı. O, əsgərlərinin şəhəri talan etmələrinə də icazə vermədi".

      Gəncə XIV əsrin sonunda Böyük Teymura müqavimət göstərmiş, boyun əyməmişdir. Erməni salnaməçisi Kirakosa görə, Cəlaləddindən sonra iki dəfə Azərbaycana gələn monqollar 1235-ci ildə gəncəlilərin silahlı müqaviməti ilə üzləşiblər. Bir həftə mühasirə altında qalan şəhərin ələ keçəcəyini başa düşən əhali öz yurdunu büs – bütün yandırdı. Məhv ediləsi nə var idisə, məhv etdilər. Bundan hiddətlənən monqollar isə şəhər əhalisini qılıncdan keçirdilər.

      Azərbaycan Cümhuriyyətinin keçmiş İstanbul elçisi Yusif Vəzirlinin 1920-ci ildə İstanbulda nəşr etdiyi "Azərbaycanın iqtisadiyyatı, tarixi və coğrafiyası" adlı kitabının 24-cü səhifəsində deyilir: "Gəncə xalqı qədim tarixdən bəri hürriyyətini müdafiə və mühafizə etməklə məşhurdur. Gürcülərin istila məqsədi ilə hücum etmiş qüvvələrinə qarşı sinə gərib mərdanə mübarizədə rəşadət göstərən Gəncə vaxtilə Çingiz xanın da diqqətini cəlb etmişdir. Xanın ordusu Qafqazı tar-mar edərkən, Gəncəyə toxunmamışdır. Gəncə, milli təşkilatı ilə Azərbaycanda birincilik qazanmış bir şəhərdir. Azərbaycanın istiqlalı yolunda böyük rol oynayan şəxslərin əksəriyyəti Gəncədəndir. Gəncə Şeyx Nizaminin vətənidir".

      Rusların 1803-cü ildə Gəncəni işğal etdikləri zaman törətdikləri vəhşiliklər haqqında qısa da olsa yuxarıda bəhs etmişdik. İndi isə tarixi bir hadisəyə toxunaraq bu bəhsi bitirəcəyik.

      Rus tarixçilərinin bildirdiklərinə görə, Cavad xan Gəncə qalasının bürcündə şəhid edilmişdi və qalib rus zabitləri onun meyitini görməyə tələsirdilər. Bu zaman qalanın bürcündə belə bir mənzərə yaranmışdı: bir tərəfdə Cavad xan və oğlu Hüseyn xanın meyitləri, o biri tərəfdə isə silahları əllərindən alınmış Azəri döyüşçüləri. Bu döyüşçülərdən biri xanına və xanzadəsinə son ehtiram vəziyyətində durmaqdadır. Bu zaman zabitlərlə qala bürcünə çıxan rus çavuşu Cavad xanın meyitinə küfr edir və cəsədə bir qılınc zərbəsi vurur. Ehtiram vəziyyətində duran döyüşçü silahsız olduğunu bir anlıq unudaraq əlləri ilə çavuşun xirtdəyindən yapışır. Mübarizənin sonunda ikisi də cansız halda yerə sərilirlər. Rus çavuşu döyüşçünün dəmir barmaqlarının gücündən, Azəri döyüşçüsü isə boğarkən digər rus döyüşçülərinin vurduğu qılınc zərbəsindən həlak olur. Bu hadisəni rus tarixçisi "Qafqaz kalendarı" adlı məcmuədə, "Qəhrəman çavuşumuzu Cavad xanın cani döyüşçüsü boğaraq öldürdü", – deyə təsvir edir. Bax, budur rus mədəniyyəti…

      Rusların Gəncə və Azərbaycan xalqına qarşı törətdikləri vəhşilik və qəddarlıq unudulmayacaq qədər ağırdır. Kiçik yaşlı gəncəli uşaqlar böyüklərdən, yaşlılardan, xalq şairləri tərəfindən söylənmiş dastanlardan bu həqiqətləri öyrənirlər və o yaşda ruslara nifrət etməyə başlayırlar. Onlar heç bir zaman ruslara isinməmiş və nifrət dolu nəzərlərlə baxmışlar. Özlərinə güvənən kənd cavanları fürsət düşən kimi rus məmurlarını öldürür, sonra da silahlarını alıb dağlara çəkilirdilər.

      Cavanların bu hərəkətlərindən sonra rus məmurları ilə amansız mübarizə başladı. Xalqımız əsarət yerinə azadlığı seçən qəhrəmanlara "qaçaq" adını verdi. Onlar öldülər, öldürdülər, şöhrət qazandılar. Qəhrəmanlıqları ilə rusların gözlərinin odunu aldılar. Şairlərimiz haqlarında dastanlar yaratdı, xalq da bu dastanları ağızdan-ağıza yaydı. Gəncənin dağları və dərələri qaçaqlarla dolu idi. Hər kəndlinin evi onların yatağına çevrildi.

      Bu zamanlar Gəncənin şəhərdə qalan cavanları da təşkilatlanmağa başlamışdılar. Rusların jandarma alayı hansı qaçağın üzərinə hücum etməyə hazırlaşırdısa, dərhal