Название | Wittgensteinin qardaşı oğlu |
---|---|
Автор произведения | Томас Бернхард |
Жанр | |
Серия | |
Издательство | |
Год выпуска | 0 |
isbn |
Min doqquz yüz altmış yeddinci ildə Baumgartnerhöhe xəstəxanasının Hermann korpusunda yorulmadan çalışan rahibə şəfqət bacılarından biri bir il qabaq Brüsseldə, Rue de la Croix küçəsi 60 ünvanında yazdığım və təzəlikcə çapdan çıxan “Dəlilik” adlı romanımı çarpayımın üstünə qoydu, amma o kitabı qaldırmağa gücüm çatmazdı, çünki döş qəfəsimdəki yumruq boyda uru çıxartmaq üçün boğazımı kəsən həkimlərin mənə verdiyi bir neçə saatlıq narkozdan cəmi bir neçə dəqiqə qabaq ayılmışdım. Yadımdadır, Altı günlük müharibə gedirdi və kartizonla amansız müalicə nəticəsində üzüm ay kimi şişib yumrulanmışdı. Elə həkimlər də bunun üçün çalışırdılar. Məni yoxlamağa gələndə həkimlər şişmiş üzümlə elə zarafat edirdilər ki, hətta onların öz sözünə görə bir neçə həftəlik, ən yaxşı halda bir neçə aylıq ömrüm qalmağına baxmayaraq, mən də onlara qoşulub gülürdüm. Hermann korpusunun birinci mərtəbəsində cəmi yeddi palata var idi və on üç və ya on dörd xəstə o palatalarda uzanıb ölümü gözləyirdi – başqa bir şey gözləmək üçün ümid qalmamışdı. Xəstələr evdən gətirdikləri xalatlarda dəhlizdə gəzişirdilər və günlərin bir günü həmişəlik yoxa çıxırdılar. Hər dəfə mütləq şəkildə ağ əlcək taxan, hətta adi yerişiylə də ətrafdakılarda özünə qarşı hörmət oyadan, ciyər əməliyyatı sahəsində ən yaxşı mütəxəssis sayılan məşhur professor Salzer həftədə bir dəfə Hermann korpusunda peyda olurdu, onu səssiz-səmirsiz əhatəyə alan rahibə şəfqət bacılarının müşayiəti ilə bu hündür, səliqəli kişi əməliyyat otağına gedirdi. Cəmiyyətin yüksək təbəqəsinə aid adamların özlərini əllərinə təslim etdikləri bu məşhur professor Salzer (məni kəndli oğlu olan həkim əməliyyat etmişdi) dostum Paul'un əmilərindən biri idi. Bu Paul da “Tractatus Logico-Philosophicus” ilə hazırda bütün elm aləminə, daha doğrusu, bütün psevdoelm aləminə yaxşı tanış olan filosofun qardaşı oğlu idi. Mən Hermann korpusunda yatanda dostum Paul da təxminən iki yüz metr aralıdakı Ludwig korpusunda yatırdı, amma Ludwig korpusu Hermann korpusu kimi Baumgartnerhöhe xəstəxanasına yox, Am Steinhof adlı psixiatriya xəstəxanasına aid idi. Vyananın qərbində böyük bir sahəni əhatə edən Wilhelminenberg dağının ətəyi artıq bir neçə onillik idi ki, iki hissəyə bölünmüşdü: mənim yatdığım, qısaca Baumgartnerhöhe adlandırılan və daha az sahəyə malik olan ağ ciyər xəstəxanası və Am Steinhof adlandırılan və böyük əraziyə malik olan psixiatriya xəstəxanası. Buradakı bütün korpuslar kişi adıyla adlandırılmışdı. Dostum Paul'un hər hansısa başqa bir korpusa yox, məhz yaxınlıqdakı Ludwig korpusunda yerləşdirilməsi mənə olduqca absurd görünürdü. Hər dəfə professor Salzer'in ətrafa baxmadan birbaşa əməliyyat otağına getdiyini görəndə Paul'un ona gah “dahi”, gah da “qatil” dediyi yadıma düşürdü və hər dəfə professorun əməliyyat otağına girdiyini və ya çıxdığını görəndə istər-istəməz fikirləşirdim ki, görəsən, indi əməliyyat otağına kim girir? Dahi, yoxsa qatil? Və ya indi əməliyyat otağından kim çıxır? Dahi, yoxsa qatil? Bu məşhur tibb xadimi diqqətimi özünə cəlb edirdi. Məsələ burasındadır ki, mən hələ bütünlükdə ağ ciyər, daha dəqiq desək, ağ ciyər xərçəngi üçün nəzərdə tutulmuş Hermann korpusunda yatmamışdan qabaq da çox həkim görmüşdüm və həkimləri müşahidə etmək vaxt keçdikcə məndə vərdiş halını almışdı, amma professor Salzer gördüyüm dəqiqədən etibarən bütün həkimləri kölgədə qoymuşdu. Onun bütünlükdə möhtəşəm olan şəxsiyyəti mənim üçün əlçatmaz qalmışdı, təsəvvürümdə onun obrazı sadəcə ona baxanda hiss etdiyim heyranlıqdan və onun haqda gəzən söz-söhbətdən ibarət idi. Dostum Paul'un dediyinə görə, professor Salzer uzun illərdi ki, möcüzələr yaradırdı, yaşamağına heç bir ümid qalmayan xəstələr onun əməliyyatından sonra onilliklər boyu yaşamağa davam edirdi. Amma elə xəstələr də olurdu ki, (bunu da Paul deyirdi) xırda şeylərə görə, məsələn, təsadüfən hava şəraiti dəyişdiyinə görə kefi pozulan və həyəcanlanan professorun bıçağı altında ölüb gedirdi. Həmişə belə olur. Nəticədə, dostum Paul'un əmisi professor Salzer məni hədsiz dərəcədə maraqlandırdığı və dünyaca məşhur olan professor haqda Paul'dan eşitdiklərim məni qorxutduğu üçün, kəndli oğlu olan həkim xeyrinə seçim etdim. Bundan başqa, Hermann korpusunda olduğum ilk həftələrdə məhz Salzer'in əməliyyat etdiyi xəstələrin öldüyünü görürdüm, bəlkə də o aralar dünyaca məşhur professor üçün uğursuz keçirdi, amma mən, əlbəttə ki, qorxdum və məni kəndli oğlunun əməliyyat etməsini istədim. Bu gün də görürəm ki, seçimimdə yanılmamışam. Ancaq indi bunları fikirləşmək mənasızdır. Hər necə olsa da mən professor Salzer'i heç olmasa həftədə bir dəfə görə bilirdim, amma dostum Paul bir neçə ay Ludwig korpusunda yatmağına baxmayaraq, doğma əmisini bircə dəfə də görə bilmədi. Yəqin ki, professor Salzer qardaşı oğlunun Ludwig korpusunda müalicə aldığını bilirdi və zənnimcə, Hermann korpusuyla Ludwig korpusu arasındakı bir neçə addımlıq yolu getmək onun üçün çox da çətin deyildi. Professor Salzer'in hansı səbəbə görə qardaşı oğlu Paul'a gedib dəymədiyini bilmirəm. Bəlkə də bunun üçün çox ciddi səbəbləri var idi. Bəlkə də sadəcə özünü yormaq istəmirdi. Hər halda, Paul artıq neçənci dəfə idi ki, Ludwig korpusunda müalicə alırdı. Məsələ burasındadır ki, Paul'u həyatının axırıncı iyirmi ili ərzində ildə azı iki dəfə təcili çağırışla və ən ağır şəraitdə Am Steinhof xəstəxanasına gətirməli olmuşdular. Üstəlik, tutmaları Avstriyanın Traunsee gölü yaxınlığında yerləşən, Paul'un doğulub böyüdüyü və Wittgenstein ailəsinə mənsub köhnə kənd evində olurdusa, onda onu Linz şəhərinin yaxınlığında yerləşən Wagner-Jauregg xəstəxanasına aparmaq lazım olurdu, bu da axır illərdə çox tez-tez baş verirdi. Paul'un ruhi xəstəliyi (əslində buna sözgəlişi ruhi xəstəlik deyirlər) çox tez, onun hələ otuz beş yaşı olmamış özünü göstərməyə başlamışdı. O özü bu haqda çox danışmır, amma elə onun danışdıqlarından bu sözgəlişi ruhi xəstəliyin necə yarandığı barədə təsəvvürüm var. Paul hələ uşaq olanda bu sözgəlişi ruhi xəstəlik özünü göstərməyə başlamışdı, amma bu xəstəliyin məhz nə olduğunu heç kim heç vaxt təyin edə bilmədi. Paul canında bu xəstəliklə doğulmuşdu və sözgəlişi ruhi xəstəlik heç vaxt ondan əl çəkmədi. Ruhi xəstəliyi olmayan adamlar necə sakit yaşayırsa, Paul da bütün ömrünü bu sözgəlişi ruhi xəstəliklə eləcə sakit və özündən əmin şəkildə yaşayıb öldü. Onun sözgəlişi ruhi xəstəliyi həkimlərin və ümumilikdə tibb elminin çarəsizliyini tam çılpaqlığıyla aşkara çıxarırdı. Həkimlərin və tibb elminin çarəsizliyi özünü bunda büruzə verirdi ki, onlar Paul'un sözgəlişi ruhi xəstəliyinə müxtəlif adlar qoyurdular və əlbəttə ki, heç vaxt xəstəliyi düzgün müəyyənləşdirə bilmirdilər, çünki həkimlərin savadsızlığı buna imkan vermirdi. Onların təyinatları getdikcə daha absurd, daha ağlabatmaz olurdu və hər təzə təyin əvvəlki təyinlərin düz olmadığını sübut edirdi. Özünə psixiatr deyən həkimlər dostumun xəstəliyini hər dəfə başqa cür izah edirdi, amma başqa xəstəliklər kimi bu xəstəliyin də dəqiq nə olduğunu bilmədiklərini və qoyduqları bütün diaqnozların səhv olduğunu deməyə cəsarətləri çatmırdı. Əksinə, hər təzə diaqnozla xəstənin vəziyyətini ağırlaşdırsalar da öz vicdanlarını yüngülləşdirməyə çalışırdılar. Onlar dəqiqəbaşı “maniakal” sözünü işlədirdilər, “depressiv” sözünü işlədirdilər, amma istənilən halda bu sözlər həqiqəti əks etdirmirdi. Onlar da başqa həkimlər kimi özlərini (xəstəni yox!) müdafiə və xilas etmək üçün dəqiqəbaşı elmi sözlərin dalında gizlənirdilər. Başqa həkimlər kimi Paul'u müalicə edən həkimlər də latınca sözlərin dalında daldalanmağa başladılar və məsləkdaşlarının əsrlərdir etdiyi kimi öz bacarıqsızlıqlarını gizlətmək və şarlatanlıqlarını ört-basdır etmək üçün xəstəylə aralarında latın dilini aşılmaz və keçilməz divar kimi hörüb yüksəltdilər. Qurbanlarıyla aralarında latın dilini hələ müalicənin ən əvvəlində görünməz, amma həqiqi divarlardan daha keçilməz şəkildə çəkdilər (bu müalicə metodlarının isə ancaq qeyri-insani, cinayət xarakterli və ölümcül olduğunu bilirik). Psixiatr həkimlər bütün həkimlər arasındakı ən bacarıqsız həkimlərdir və həmişə tibb elminin adamından çox sadist qatilə oxşayırlar. Ömrüm boyu psixiatr əlinə düşməkdən dəhşətli dərəcədə qorxmuşam. Nəticədə bütün həkimlər ancaq ziyan vursa da, heç bir həkim psixiatr qədər təhlükəli deyil. Çünki psixiatrlar bugünkü cəmiyyətimizdən uzaq, dünyadan təcrid olunmuş şəkildə yaşayırlar və uzun illər ərzində dostum Paul'a tətbiq edilən qeyri-insani metodları müşahidə edəndən sonra qorxum getdikcə artıb. Zəmanəmizin əsl iblisləri psixiatrlardır. Onlar öz işləriylə