Mavi Qatarın sirri. Агата Кристи

Читать онлайн.
Название Mavi Qatarın sirri
Автор произведения Агата Кристи
Жанр
Серия Dünya ədəbiyyatından seçmələr
Издательство
Год выпуска 0
isbn 9789952240696 



Скачать книгу

van Aldin dilləndi, – ona qulaq asan kimdir? Hamı bilir ki, lord Lekənbərinin bir ayağı burda, bir ayağı gordadır. Onun dedikləri Derekə təsir etməz. Bu qulağından alıb o qulağından buraxacaq.

      – Ata, sən bir şey eləyə bilməzsən? – Rut əlacsız halda soruşdu.

      – Mən sənə kömək edə bilərəm, amma… – milyonçu ata sözünü yarımçıq kəsdi.

      – Nə amma, ata? Sən nə demək istəyirsən?

      – Amma sənin buna iradən çatmalıdır, qızım! – van Aldin bunu deyib başını aşağı salaraq dinmədi.

      Rutun heyrətdən matı-qutu qurudu. Çünki atasının nə demək istədiyini yaxşı başa düşürdü. Van Aldin istəyirdi ki, qızı Derekdən boşansın. Rutun heyrətləndiyini görən milyonçu dedi:

      – Qızım, artıq Derek ağlını tamam itirib. Onun düzəlməyi mümkün deyil. Mən isə razı olmaram ki, qızım əzab çəksin. Bilirəm, bütün günah məndədir. Mən səni sevdiyin oğlandan ayırıb Derekə ərə verdim. Amma bu barədə danışmaq artıq gecdir. Gələcəyə baxmaq lazımdır. Son vaxtlar Derekin sənin başına açdığı oyunlar mənim dincliyimi əlimdən alıb. Bunun sonu olmalıdır.

      – Səncə, boşanmaqdan başqa yol yoxdur? – Rut soruşdu.

      – Yox, qızım, təəssüf ki, yoxdur, – van Aldin başını bulayaraq cavab verdi.

      – Bəs o buna razılıq verməsə? – qız xəbər aldı.

      – Bunu mənim öhdəmə burax, qızım, – ata özünə arxayın şəkildə cavab verdi, – o nəyi əsas gətirib boşanmaqdan imtina edə bilər ki?

      Rut heç nə demədi. Amma van Aldin qızının tərəddüd içində olduğunu anladı.

      – Düzünü de, qızım, – milyonçu ata soruşdu, – səni narahat edən nə isə varmı?

      – Yox, ata, yox, – Rut tez cavab verdi.

      – Elə isə sən narahat olma. Qoca atan bu problemi yoluna qoyacaq. İndi isə mənim sənə gözəl bir hədiyyəm var. Gəl göstərim, – van Aldin gülümsəyərək dedi.

      – Nə hədiyyə? – Rut təəccüblə soruşdu.

      – Hə, özü də bahalı, ürəyin istəyən bir hədiyyə almışam sənə, – bunu deyib van Aldin əlini paltosunun döş cibinə uzatdı. Oradan çıxardığı kiçik mücrünü Ruta verdi. Qız mücrünü həvəslə açdı. Mücrüdəki yaqutu görəndə sevincindən qışqırdı:

      – Ata, ata, bu nə aləmdir!

      – Xoşuna gəldimi? – milyonçu soruşdu.

      – Hələ bir soruşursan da! Misilsizdir, – Rut dilləndi. – Bunu haradan almısan?

      – Bu, sirdir, – van Aldin güldü. – Belə qiymətli şeyi yalnız əlaltından almaq olar. Bəlkə də, sən bu yaqut haqqında eşitmisən. Onun adı «Ürəklərə od salan – yandırıb yaxan» dır.

      – Sağ ol, ata, sən mənə həmişə ən yaxşı hədiyyəni almısan! – Rut yenidən van Aldinin boynuna sarıldı.

      – Başqa cür ola da bilməz, – ata qızının şabalıdı saçlarını sığallayıb dedi, – bilirsən ki, mənim dünyada səndən başqa heç kimim yoxdur.

      – Sənə hədiyyə etdiyim bu məşhur yaqutun adı «Ürəklərə od salan – yandırıb-yaxamdır.

      Ata-bala yenidən bir-birinə sarıldılar. Nəhayət, van Aldin dedi ki, işləri çox olduğundan getməlidir. Rut atasından xahiş elədi ki, qalsın, birgə nahar etsinlər. Amma van Aldin vaxtının olmadığını dedi. Qapıdan çıxanda Rut atasına dedi:

      – Yəqin ki, bu boşanma məsələsi mənim Fransaya getməyimə mane olmayacaq.

      – Sən Fransaya gedirsən? – ata təəccübləndi.

      – Hə, ayın 14-də.

      – Yaxşı, get. Amma o yaqutları özünlə aparma.

      Rut razılıq əlaməti olaraq başını tərpətdi. Van Aldin zarafatla dedi:

      – Mən istəmirəm ki, yaqutun ucbatından qızımı ya soysunlar, ya da həyatına qəsd eləsinlər.

      Rut da ona sataşdı:

      – Bəs onda niyə sən onu elə beləcə, cibində gətirmisən?

      Van Aldin duruxdu. Qızı hiss etdi ki, nəsə baş verib.

      – Ata, niyə fikrə getdin?

      – Heç, qızım, mən bu yaqutları alan günün axşamı Parisdə başıma gələn bir hadisəni xatırladım. Yaqutları alıb küçəyə çıxanda iki nəfər mənə hücum elədi. Tapançamı çıxarıb onlara tərəf atəş açan kimi qaçdılar.

      – Afərin, ata, – Rut əlini əlinə vurub onu alqışladı, – sən əsl qəhrəmansan!

      QARŞILIQLI XƏYANƏT

      Van Aldin qızıgildən ayrılıb birbaşa işə gəldi. Yolboyu Rutun boşanma məsələsini düşündü. Ürəyinə dammışdı ki, bu məsələdə qızının tərəddüd keçirməsinin bir səbəbi var. Milyonçu elə hey öz-özünə deyirdi: «Rut məndən nə isə gizlədir! Rut məndən nə isə gizlədir!» Van Aldin ha fikirləşirdi, qızının ondan nəyi gizlədə biləcəyi ağlına gəlmirdi.

      İşə çatan kimi van Aldin Naytona tapşırdı ki, Dereki onun yanına çağırsın. Üstəlik, Naytona kürəkəninin indiki maddi vəziyyəti haqqında məlumat öyrənməyi də tapşırdı. Nayton «baş üstə!» deyib otaqdan çıxdı. Van Aldin günorta yeməyini yenicə yeyib qurtarmışdı ki, köməkçisi ona Derekin gəldiyini xəbər verdi. Van Aldin «burax içəri» dedi.

      Çox keçmədi ki, Derek içəri girdi. Onun 30 yaşı vardı. Sifəti arıq və qaraşın idi. Van Aldin ona əyləşmək üçün yer göstərdi. Derek qayınatası ilə üzbəüz oturdu. Qoca milyonçu birbaşa mətləbə keçdi:

      – Mənim uzun-uzadı danışmaqdan xoşum gəlmir. Qısası, qızımla qərara gəlmişik ki, o səndən boşansın.

      Derek özünü elə apardı ki, guya van Aldinin bu qəfil dediklərindən qətiyyən narahat deyil. Amma ürəyində narahat idi. Siqaret yandırmaq üçün qayınatasından icazə istədi. Sonra van Aldinin düz gözünün içinə baxıb dedi:

      – Siz necə böyük səhvə yol verdiyinizi bilirsinizmi?

      – Sən buna görə narahat olma, – van Aldin cavab verdi. – Mən səni bura çağırdım ki, məsələdən xəbərin olsun.

      – Yaxşısı budur, siz qızınıza deyin, uzağı bir il də dözsün. Ona qədər atam vəfat edəcək və lord Lekənbəri titulu mənə keçəcək.

      – Bunun qızıma nə dəxli var? – qoca milyonçu təəccübləndi.

      – Lekənbəri nəslinin varisi olacağım təqdirdə o bu nəslin birinci xanımı olacaq! – Derek bu sözləri deyərkən xısın-xısın gülməyindən də qalmırdı. Bu isə van Aldini əsəbiləşdirirdi. Nəhayət, tamam özündən çıxan qoca ata qeyzlə dilləndi:

      – Sözlərinə sərhəd qoy, axmaq! Sırtıq-sırtıq danışma. Sənə elə gəlir ki, qızım ad-sana görə sənə ərə gedib?

      Derek