Название | Sükutdan sitat |
---|---|
Автор произведения | Elçin Şıxlı |
Жанр | |
Серия | |
Издательство | |
Год выпуска | 0 |
isbn | 9789952243123 |
P.S. Yaxın Doğu Universitetinin qibtə ediləcək dərəcədə gözəl klinikası var. Bizi çox böyük hörmətlə qarşılayan universitet rəhbərliyinin qonaqpərvərliyindən istifadə edərək heyət üzvlərimiz tibbi müayinədən keçdi, mən də o cümlədən. Xanımım nə qədər desə də, Bakıda buna zaman tapmırdım. İndi bu sətirləri oxuyanda, yəqin ki, çox təəccüblənəcək. Nə isə… Aramızdan səhhətində problem olmayanı çıxmadı. Mənim analizlərimin nəticəsini görən həkimsə həmən xəstəxanaya yatırılmalı olduğumu dedi və ümumiyyətlə, jurnalistikanın daşını atmağı tələb etdi. Ona nə cavab verəcəyimi bilmədim. Əslində, cavab birmənalı idi: xeyr, doktor xanım, söylədiklərinizin heç biri mümkün deyil. Nə Kiprdə qalasıyam, nə də jurnalistliyin daşını atası, çünki Azərbaycanda KEYFİYYƏTLİ HƏYAT deyə bir məfhum yoxdur, biz onu qurmamışıq nədir, belə bir şey etmək fikri belə ağlımıza gəlməyib. Yoxsa nə varıydı ki, istefa verib Kiprdə dəniz sahilində bir koma alıb Heminquey Kubada yaşayıb-yaratdığı kimi ömür sürməyə… Yəqin, elə buna görədir ki, Azərbaycanda vəzifə kürsüsünə oturanların heç biri yerindən tərpənmək istəmir. Necə tərpənsin – bizdə KEYFİYYƏTLİ HƏYAT yoxdur axı!
“Dəli Kür”
Adamın qulağı hər gün bir əcaib şey eşitməsə, kar olar.
Bir həftəyə yaxınıydı ki, Bakıda deyildim. Qulağım dinc, əsəblərim rahat idi, amma darıxırdım. Ev üçün, dostlar üçün darıxırdım, Bakının ağır havası üçünsə burnumun ucu göynəyirdi. Nəhayət, evə döndüm və Bakının “havasının ağırlığını” duydum. Gerçək problemlər qalıb bir kənarda – onlardan danışmağa, onları törədənlərin adını belə çəkməyə cürəti çatmayan “yumurtası boş keçəllə kosalar” indi də Herostrat kimi tarixə düşmək eşqinə düşüblər. Sərdar Cəlaloğlu siyasi məsələləri həll, demokratiyanı bərqərar etmiş birisi kimi indi də ədəbiyyata girişib – “vurğunşünaslıq” edir. Ədəbiyyatda ad çıxarmamış, özlərinə “ad” götürənlər də ona züy tuturlar.
Biri elə mənim “eloğlu” saya biləcəyim Həmid Herisçi. Həmid dərin və geniş mütaliəsi olan çox az azərbaycanlılarımızdandır. Təəssüf ki, çox oxumaqla yanaşı, heç olmasa, hərdən oxuduqlarının nə demək olduğunun mənasına da varmalısan. Həmidsə, deyəsən, oxuduqlarına o qədər mübtəla olub ki, gerçəkliyi qoyub bir kənara, olmayan yerdə, nəsə, özü demiş, “mistik” bir şey axtarır. Axtarsın, elə hamımız axtarmırıqmı? Bu dəfə o axtardığını Qazaxda tapmaq istəyirdi və deyəsən, öz aləmində tapdı da. Bu da bir xoşbəxtlikdir. Amma öz aləmində tapmaq özgələrinə çamur atmaqla olmur.
ANS-də gedən “Gizli Azərbaycan”ın son buraxılışında Həmid ən azı Qazax və Borçalı mahalının inanc yeri olan Hacı Mahmud Əfəndinin türbəsindən, həmin ocağın müqəddəsliyindən söz açır. Televiziya işçisi üçün maraqlı gələ biləcək priyomlardan istifadə edir (ədalət naminə deməliyəm ki, bir çox hallarda bu heç də pis alınmır, hətta yaxşı tapıntılar da var). Amma priyom da priyom olmalıdır axı. Hacı Mahmud Əfəndini tanıtmaq, onun tarixi bir şəxsiyyət olmasını göstərmək və böyüklüyünü qeyd etmək üçün heç də bir başqasını etmədiyi işə görə alçaltmaqdan keçməməlidir. Söhbət İsmayıl Şıxlı və onun “Dəli Kür” əsərindən gedir. Atam olmasaydı və atamı tanımasaydım, Həmidin və danışdırdığı gənc və göründüyü kimi, perspektivli dini icma sədrinin söylədiklərinə inanardım. Elə bu yazını da ona görə yazıram ki, digər tamaşaçıların, xüsusilə də gənclərin ekrandan eşitdiklərinə inanmaq ehtimalı olduqca böyükdür. Həmid filmdən fraqmentlər nümayiş etdirməklə və gənc dini icma sədrini danışdırmaqla həm özü, həm də ruhani bələdçisinin diliylə tamaşaçının beyninə İsmayıl Şıxlının “Dəli Kür”ü kommunist rejiminin siyasi sifarişiylə yaratdığı fikrini yeridir. Düzdür, xalaxətrinqalmasın deyə arada “təəssüflə” kəlməsini də işlədir. Oğlum yaşında olan gənc dini icma sədri isə İsmayıl Şıxlının molla Sadıx obrazını yaratdığına görə az qala şəxsən ondan üzr istədiyini dilinə gətirməkdən belə utanmır. Bu azmış kimi, hətta molla Sadıxın prototipinin kimliyini və onun çox hörmətli birisi olduğunu da əminliklə söyləyir. Bu yerdə atamın növbəti əsərinin təhlilinə həsr edilmiş bir məqaləni oxuduqdan sonra söylədikləri yadıma düşdü. Məqalədə yazıçının obrazı yaratmaqla oxucuya hansı mətləbləri çatdırmaq istədiyi barədə əminliklə hökm verən tənqidçinin fikirlərinə atam belə demişdi: “Mən tamam başqa şeylərdən yazmışam”. Vallah, bu qədər faciəvi olmasaydı, gülməli olardı.
Mən nə “Dəli Kür”ün sənədli deyil, tarixi roman janrında yazılmasına baxmayaraq ədəbi əsər olduğunu, nə rus Əhmədin Hacı Mahmud Əfəndinin prototipi olmadığını izah etmək niyyətindəyəm. Filoloq olan Həmid bunları məndən heç də pis bilməməlidir. Bircə onu demək istəyirəm ki, İsmayıl Şıxlı heç vaxt və heç bir halda sifarişli əsər yazmayıb və yaza da bilməzdi, çünki siyasi konyunktura kimi mərəzdən həmişə uca olub və ona uymayıb. Yoxsa o da Azərbaycanın problemlərinin səbəbini Paracanovun qara magiyasının boynuna yıxardı…
P.S. Cahandar ağa rus kazaklarıyla el-oba torpaqları uğrunda döyüşüb şəhid oldu, məmləkət “molla sadıxlar”a qaldı…
Xorla oxumaq mədəniyyəti
İki gün əvvəl Bakıda hamılıqla Ümumdünya Mətbuat Azadlığı gününü qeyd edirdik. Qeyd edirdik deyəndə söhbət heç bir bayram şənlikləri-filandan getmir. Bu sahədə bayram ediləsi bir şey də qalmayıb. Sadəcə olaraq hərə bir guşəyə çəkilib özü deyib, özü də eşitdi, çünki bizdə özgəsini dinləmək kimi bir vərdiş yoxdur. Hərçənd dinləyə bilmək üçün qarşındakını gərək eşitmək istəyəsən. Bu istəksə bizdə heç olmayıb.
Bu günlərdə böyük xanəndəmiz Xan Şuşinskinin həyat və yaradıcılığını özündə əxz edən saytın təqdimatında çıxışçılardan biri ustadın ifaçılıq məharətindən danışarkən birdən qayıtdı ki, Azərbaycan xalqında xorla mahnı oxumaq ənənəsi, mədəniyyəti olmasa da, onun fərdi ifaçılarına çatan yoxdur. Qəribə olduğu qədər də, millətin bir çox probleminin məhz bunda olduğunu bir daha sübuta yetirən müşahidədir. Çıxışçının sonrakı sözlərindən sezdim ki, o bizim bir millət kimi xorla oxuya bilməməyimizdə heç bir qəbahət görmür, əksinə, bunu üstünlük sayır. Bu yerdə milli jurnalistikamızın çox nurlu və dəyərli simalarından olan mərhum Hacı Hacıyevlə təxminən 20 il əvvəl Berlindəki bir söhbətimiz yadıma düşdü. Oradakı səliqə-sahman, təmizlikdən irəli gələn mədəniyyətdən danışanda mən də xoru bəyənməyən həmin o çıxışçı kimi dedim ki, almanların məişət mədəniyyətinin səviyyəsi yüksəkdirsə, bizim