Название | Şərq ekpresində qətl |
---|---|
Автор произведения | Агата Кристи |
Жанр | |
Серия | Dünya ədəbiyyatından seçmələr |
Издательство | |
Год выпуска | 0 |
isbn | 9789952244366 |
«Tavr[1]» qatarına mühüm şəxs minir
Soyuq bir qış səhəri idi. Yerli vaxtla saat 5 radələrində «Tavr ekspresi» adlanan qatar Suriyanın Hələb stansiyasında dayanmışdı. Kupeli vaqonun pilləkənləri qarşısında iki nəfər söhbət edirdi. Onlardan biri gənc fransız leytenantı Dübosk idi. O, təptəzə mundir geyinmişdi, şıq zabit görkəmi vardı. Düboskun həmsöhbəti isə paltosunun yaxalığını qaldırıb şərfini də boynuna elə sarımışdı ki, yalnız soyuqdan qızarmış burnu, bir də sivri ucları yuxarı burulmuş qəribə bığları görünürdü.
Leytenant Dübosk bu adama qarşı həddən artıq nəzakətlə davranırdı, hərçənd onu yaxşı tanımırdı. Bircə onu bilirdi ki, bu belçikalı centlmen qarnizona gələndən sonra bir həftə ərzində hamı gərginlik içində qalmışdı. Axırda qəribə hadisələr baş vermişdi: yüksək çinli zabitlərdən biri intihar etmiş, digəri istefa vermişdi. Bundan sonra ara sakitləşmiş, leytenantın tabeliyində olduğu general isə birdən-birə sanki on yaş cavanlaşmışdı.
Dübosk «öz» generalı ilə yad adamın söhbətini ucundan-qulağından eşitmişdi. – «Siz bizi xilas etdiniz! – həyəcanla danışan generalın çal bığları titrəyirdi. – Fransız ordusunun şərəfini qorudunuz, qan tökülməsinə imkan vermədiniz! Xahişimi yerə salmayıb bura gəldiyiniz üçün heç bilmirəm sizə necə minnətdarlıq eləyim! Bu qədər uzaq məsafə qət etmək…»
Yad adam (onu Erkül Puaro deyə çağırırdılar) isə cavabında ədəb-ərkanla: – «Nə danışırsınız, general! Məgər həyatımı xilas elədiyinizi yaddan çıxara bilərdim?!» – demişdi. General da bundan sonra yenə Fransa, Belçika, şərəf, namus barədə nələrsə mızıldanmış, axırda dostlar səmimiyyətlə qucaqlaşıb ayrılmışdılar. Leytenant indiyəcən söhbətin nədən getdiyini bilmirdi, amma yenə də parlaq gələcəyi olan gənc zabit kimi cidd-cəhdlə vəzifə borcunun öhdəsindən gəlməyə çalışırdı.
– Bu gün bazardır, – Dübosk dilləndi. – Sabah axşam, yəni bazar ertəsi İstanbulda olacaqsınız.
O artıq bu sözləri neçənci dəfə idi ki, təkrarlayırdı. Əslində, qatar yola düşənə qədər edilən bütün söhbətlər, demək olar, bu cür təkrarçılıqdan ibarət idi.
– Tamamilə doğrudur, – Puaro dedi.
– Yəqin, İstanbulda bir neçə gün qalarsınız?
– Mais oui[2]. Orada heç vaxt olmamışam. Bu şəhərin yanından ötüb-keçmək günahdır. Onsuz da heç yerə tələsmirəm, şəhəri gəzməyə vaxtım olacaq.
– Müqəddəs Sofiya[3] çox gözəldir! – leytenant Dübosk dedi. Halbuki orada heç vaxt olmamışdı.
Leytenant Dübosk saatına baxdı: cəmi 5 dəqiqədən sonra qatar yerindən tərpənəcəkdi.
– Ümid eləyirəm ki, Tavr dağlarında çovğuna düşməzsiniz. Ümumiyyətlə, bu il hava sarıdan bəxtimiz gətirir, – leytenant bunu deyib vaqonun pəncərəsinə baxdı.
– Bəs Avropada necə, soyuqdur? – Puaro soruşdu.
– Çox! Balkan yarımadasına yaman qar yağıb.
– Hə, deyirlər, Almaniyada da hava pisdir…
Elə bu vaxt qarşısında dayandıqları kupenin pərdəsi aralandı, cavan bir xanım pəncərədən çölə baxmağa başladı. Bu, Meri Debenhem idi. O, keçən cümə axşamı Bağdaddan yola düşmüş və o vaxtdan bəri, demək olar ki, yatmamışdı. İndi isə havasız vaqonda boş yerə uzanmaqdan təngə gəlib ayağa durmuşdu ki, pəncərədən çölə baxsın. Əslində, baxmalı bir şey yox idi: adi, yarıqaranlıq perron idi, vəssalam. Uzaqdan ərəbcə sözlər eşidilirdi. Pilləkənlərin yanında fransızca söhbət edən iki nəfər Meri Debenhemin diqqətini cəlb etdi. Fransız ordusunun zabiti ilə söhbət edən cənabın bığları ona qəribə gəldi. Qızın dodağına təbəssüm qondu. «Gör necə bərk-bərk bürünüb! Yəqin, bayırda hava çox soyuqdur, amma içəridə adamın istidən ürəyi sıxılır» – o öz-özünə mızıldandı. Sonra vaqonun pəncərəsini aşağı salmağa çalışsa da, gücü çatmadı.
Elə bu vaxt vaqon bələdçisi kişilərə yaxınlaşdı.
– Qatar yola düşür, – bələdçi dedi. – Müsyö, zəhmət olmasa, vaqona keçin.
Bığlı kişi şlyapasını çıxardı. «Başı lap yumurtaya oxşayır ki!» – Meri Debenhem öz-özünə güldü.
Leytenant Dübosk pafoslu vida nitqi söylədi, bütün sözləri əvvəlcədən əzbərləmişdi. Ondan geri qalmaq istəməyən Puaro da bir neçə bəlağətli söz deyib vaqona qalxdı. Bələdçi onun arxasınca çıxdı. Puaro leytenanta əl elədi, Dübosk əlini gicgahına aparıb əsgər salamı verdi. Qatar bərk silkələnib relslərin üstü ilə asta-asta hərəkət etməyə başladı. Leytenant yalnız indi soyuğu hiss eləyib üşüyən əllərini bir-birinə sürtdü.
– Baxın, müsyö, çamadanlarınız burdadır, – bələdçi canfəşanlıqla ona rahat kupeni göstərməyə başladı. – Əl çantanızı isə bax bura yerləşdirmişəm.
Sonra əlini irəli uzatdı. Puaro onun ovcuna ortadan ikiyə qatlanmış kağız pul qoydu.
– Sağ olun, müsyö, – bələdçi təşəkkür edəndən sonra üzünə ciddi ifadə verdi. – Biletiniz məndədir, zəhmət olmasa, pasportunuzu da verin.
– İlin belə soyuq vaxtı, yəqin, qatarda çox adam olmaz? – Puaro soruşdu.
– Tamamilə doğrudur, müsyö. Sizdən başqa vaqonda cəmi iki sərnişin var, ikisi də ingilisdir. Hindistandan bir polkovnik, bir də Bağdaddan gənc xanım.
Puaro yatağına uzandı və dərhal yuxuya getdi. Oyananda saat artıq 9-u keçmişdi. Yerindən qalxıb vaqon-restorana tərəf üz tutdu ki, bir fincan qəhvə içsin.
Vaqon-restoranda cəmi bir sərnişin vardı, çox güman ki, qatar bələdçisinin haqqında danışdığı ingilis xanım idi. Hündürboy, zərif, qarasaçlı qız idi, yaşı 25-dən bir az çox olardı. Tələsmədən səhər yeməyini yeyirdi, görkəmindən tez-tez səyahətə çıxdığını anlamaq çətin deyildi. Əynində tünd rəngli nazik kostyum vardı, deməli, hətta lap soyuq havada da vaqonların yaxşı qızdırıldığından xəbərdardı.
Puaro bikarçılıqdan qızın hərəkətlərini izləyirdi. «Qətiyyətli xanıma oxşayır, xırda problemdən başını itirən zəif qadınlardan deyil» – o düşündü.
Qız təmkinli və ciddi insan təsiri bağışlayırdı. Üzünün sərt və dəqiq cizgiləri, ağ bənizi, boynunda topladığı qara buruq saçları, soyuq, ehtirassız baxışları Puaronun xoşuna gəldi. «Amma ona qəşəng xanım demək olmaz, həddən artıq ciddi görkəmi var» – Puaro özlüyündə qərarlaşdırdı.
Çox keçmədən restorana daha bir sərnişin daxil oldu. Bu, təxminən 45 yaşında, gicgahlarına dən düşmüş, hündürboy, qarayanız kişi idi.
«Hindistandan gələn polkovnik» – Puaro fikrindən keçirdi.
Kişi qıza baş əyib:
– Sabahınız xeyir, miss Debenhem, – dedi.
– Sabahınız xeyir, polkovnik Arbetnot.
Polkovnik qızın masasının yanında ayaq saxlayıb əlini onun oturduğu stulla üzbəüz stula söykədi.
– Etiraz etmirsiniz ki?
– Əlbəttə, yox, buyurun, oturun.
– Bilirsiniz, səhər yeməyində naqqallıq eləməyi sevmirəm.
– Narahat olmayın, mən də çox danışmağı xoşlamıram.
Sonra Arbetnot masa xidmətçisini çağırıb yumurta və qəhvə sifariş elədi. Onun nəzərləri bir anlıq Puaronun üzündə ilişib qalsa da, dərhal laqeydliklə gözünü çəkdi. «Vecsiz əcnəbi! Yəqin, indi o mənim haqqımda belə düşünür» – ingilisləri yaxşı tanıyan Puaro fikirləşdi.
Polkovniklə miss Debenhem ingilislərə xas soyuqqanlıqla, dinib-danışmadan səhər yeməklərini yeyib-qurtardılar. Sonra qız ayağa qalxıb öz kupesinə getdi.
Nahar vaxtı onlar yenə
1
Türkiyənin cənubundakı dağ silsiləsinin adından götürülüb (türk. Toros dağları).
2
(fr.) Əlbəttə. (“Mey ui” kimi tələffüz olunur.)
3
İstanbuldakı Aya Sofya məbədi nəzərdə tutulur.