Vinni-Puh. Алан Александр Милн

Читать онлайн.
Название Vinni-Puh
Автор произведения Алан Александр Милн
Жанр
Серия Dünya ədəbiyyatından seçmələr
Издательство
Год выпуска 0
isbn 9789952244076 



Скачать книгу

bildir, – Bayquş aydın səslə ucadan dedi. – Qəzetə elan ver. Yazmaq lazımdır ki, İa-İanın quyruğunu tapana yaxşı şeylər verəcəyik.

      – Aydındır! Yeri gəlmişkən, «yaxşı şeylər» barədə, – Puh başını yelləyib sözünə davam etdi, – adətən, bu vaxtlarda toqqanın altını yaxşıca… – Puh küncdəki bufetə sarı boylandı. – Bir qaşıq qatılaşdırılmış süd, ya da, tutalım, bir az bal olsaydı…

      – Deməli, belə… – Bayquş dedi. – Elan yazıb ağaclara yapışdırmaq lazımdır.

      «Bir qaşıq bal, – Ayı mızıldandı, – ən pis halda bircə qaşıq bal».

      Vinni dərindən ah çəkib Bayquşun dediklərini dinləməyə çalışdı. Bayquş son dərəcə uzun sözlərlə danışırdı; sözlər get-gedə daha da uzanırdı… Nəhayət, Bayquş dedi ki, elanı Kristofer Robin yazmalıdır.

      – Mənim qapımın üzərindəki elanları da o yazıb. Onları gördünmü, Puh?

      Bayaqdan bəri Bayquş nə danışırdısa, Puh növbəylə «Hə» və «Yox» cavabları verirdi. Odur ki sonuncu dəfə «Hə» dediyi üçün bu dəfə «Yox, heç vaxt» dedi. Hərçənd söhbətin nədən getdiyini başa düşməmişdi.

      – Necə yəni? Sən elanları görməmisən? – Bayquş təəccüblə soruşdu. – Gedək göstərim.

      Çölə çıxdılar. Puh zınqırovu və onun altındakı elanı gözdən keçirdi. Zınqırovun kəndirinə baxanda ona elə gəldi ki, hardasa buna bənzər şeylər görüb… Hardasa, tamamilə başqa bir yerdə…

      – Gözəl kəndirdir, elədir? – Bayquş soruşdu.

      Puh başını tərpətdi.

      – Mənə nəyisə xatırladır, – o dedi, – amma harada gördüyümü yadıma sala bilmirəm. Onu hardan almısan?

      – Bir dəfə meşədə gəzirdim, gördüm ki, kolluqdan asılıb. Əvvəlcə elə bildim, orada kimsə yaşayır, kəndiri çəkdim, ancaq o qopdu. Fikirləşdim ki, yəqin, heç kəsə lazım deyil, götürüb gətirdim evə…

      – Bayquş, – Puh təntənəylə bəyan etdi, – kiminsə ona çox böyük ehtiyacı var.

      – Kimin?

      – İa-İanın… Onu çox sevirdi.

      – Çox sevirdi?

      – Ona bağlanmışdı, – Vinni-Puh ah çəkdi. – Axı bu, adi kəndir deyil, İa-İanın quyruğudur.

      Vinni dərhal kəndiri qarmaqdan çıxardı və aparıb sahibinə, yəni İa-İaya verdi. Kristofer Robin quyruğu yerinə bərkidəndən sonra İa-İa meşədə o tərəf-bu tərəfə qaçmağa, oynaqlamağa başladı. İa-İa quyruğunu elə vəcdlə oynadırdı ki, gəl görəsən. Bundan sonra Vinni-Puha yalnız evə qaçıb toqqanın altını bərkitmək qalırdı. Yarım saat sonra o, dodaqlarını silib məğrur-məğrur oxumağa başladı:

      Quyruğu kim tapdı, kim?

      Əlbəttə ki, mən özüm!

      EFİLANTLA GÖRÜŞ

      Bir dəfə Kristofer Robin, Vinni-Puh və Piqlet sakitcə oturub söhbət eləyirdilər. Birdən Kristofer Robin dedi:

      – Piqlet, bilirsən, bu gün Efilantı gördüm.

      – Neyləyirdi? – Piqlet təəccübünü gizlətmək üçün etinasız səslə soruşdu.

      – Heç, elə-belə, avaralanırdı, – Kristofer Robin dedi.

      – Bir dəfə mən də kimisə görmüşdüm, – Piqlet dedi. – Deyəsən, o idi.

      – Mən də görmüşdüm, – «Görəsən, Efilant kimdir?» – öz-özünə fikirləşən Puh sözə qarışdı.

      – Onları nadir hallarda görmək olur, – Kristofer Robin saymazyana əlavə etdi.

      – Xüsusilə də indi, – Piqlet dedi.

      – Xüsusilə də ilin bu vaxtında, – Puh söhbətin kimdən getdiyini bilməsə də, söhbətə qarışdı.

      Sonra başqa şeylərdən danışdılar; bir azdan axşam oldu, Puhla Piqletin evə qayıtmaq vaxtı gəldi. Onlar sakitcə Qalın Meşənin kənarıyla addımlayırdılar, amma kolluqların arasındakı ensiz cığıra çatanda Çox Ağıllı Söhbətə başladılar. Piqlet dedi: «Puh, bilirsən nə demək istəyirəm?» Puh cavab verdi: «Piqlet, mən də elə fikirləşirəm». Piqlet dedi: «Digər tərəfdən, Puh, biz unutmamalıyıq». Puh cavab verdi: «Düz deyirsən, Piqlet. Necə olub ki, mən bunu gözdən qaçırmışam?!»

      Altı Şamağacına çatanda Puh ətrafa göz gəzdirdi və onları heç kimin dinləmədiyinə əmin olandan sonra təntənəli şəkildə bəyan etdi:

      – Piqlet, ağlıma maraqlı bir fikir gəlib.

      – O nə fikirdir elə, Puh?

      – Efilantı tutmaq istəyirəm.

      Puh fikirləşirdi ki, Piqlet təəccüblənəcək: «Ola bilməz, Puh!» və ya buna bənzər nəsə deyəcək. Amma Piqlet heç nə demədi, çünki əhvalı pozulmuşdu: axı bu gözəl fikir niyə onun ağlına gəlməmişdi?

      – Məncə, onu tələyə salsam, yaxşı olar, – Puh dedi. – Bu çox Mürəkkəb Tələ olacaq, odur ki sənin köməyinə ehtiyacım var, Piqlet.

      – Puh, – o dəqiqə Piqletin kefi duruldu, özünü xoşbəxt hiss etdi, – məmnuniyyətlə kömək edərəm. Neyləmək lazımdır?

      Puh dedi:

      – Birlikdə Dərin Quyu qazacağıq, Efilant gəzməyə çıxanda bu quyuya düşəcək.

      – Necə düşəcək? Gözü ayağının altını görmür bəyəm?

      Puh pəncəsiylə burnunu ovuşdurub dedi ki, Efilant zümzümə eləyə-eləyə gəzişərkən başını qaldırıb göyə baxacaq ki, görsün yağış yağacaq, yoxsa yox. Bir də gözünü açanda görəcək ki, Dərin Quyunun dibindədir.

      Piqlet dedi ki, hər şey aydındır və onun fikrincə, bu çox Mürəkkəb Tələdir.

      Puh bu sözlərdən məmnun qaldı, o qədər sevindi ki, elə bil artıq Efilantı ələ keçirib.

      – Tutalım, sən məni tutmaq istəyirsən, – o, Piqletə dedi. – Bunu necə eləyərdin?

      – Necə? – Piqlet bir anlığa fikrə getdi. – Tələ qurardım, tələyə bir az bal qoyardım. Sən balın qoxusunu hiss edib…

      – Hə, balı götürmək istəyərdim, – Puh həyəcanlandı, – amma ehtiyatı da əldən verməzdim. Əvvəlcə qabı götürüb kənarlarını yalayardım; sonra kənara çəkilib bal haqqında fikirləşərdim. Bundan sonra qayıdıb qabın düz ortasından yalamağa başlayardım. Sonra…

      – Yaxşı, həyəcanlanma. Əsas odur ki, sən tələyə düşəcəkdin və mən səni tutacaqdım. Odur ki əvvəlcə müəyyənləşdirməliyik, görək Efilantlar ən çox nəyi xoşlayırlar? Deyəsən, palıd qozasını, elədir? Ey, Puh, ayıl!

      Xəyalında bal yeyən Puh səksənib dik atıldı, dedi ki, palıd qozasındansa, tələyə bal qoysalar, daha yaxşı olar. Piqlet başqa fikirdə idi, amma onunla razılaşdı. Çünki razılaşmasa, palıd qozalarını onun özü toplamalı