Ağ gəmi. Чингиз Айтматов

Читать онлайн.
Название Ağ gəmi
Автор произведения Чингиз Айтматов
Жанр
Серия Dünya ədəbiyyatından seçmələr
Издательство
Год выпуска 0
isbn 9789952243161 



Скачать книгу

otərəf-butərəfə qaçdı. Bekey xala qaynar samovarı götürüb suyu çalxalana-çalxalana, lap qaça-qaça evə apardı. Nənə isə əldən düşüb kötüyün üstünə çökdü. Hönkür-hönkür ağlayaraq öz taleyindən acı-acı şikayətləndi. İndi oğlan yaddan çıxmışdı, Allah-taalaya, bütün işıqlı dünyaya əl aparırdı. “Mən kiməm? Məndən soruşursan ki, mən kiməm? – nənə qızlığının ardınca söylənirdi. – Əgər Allahın qəzəbinə keçməsəydim, əgər beş körpəmi əlimdən almasaydı, madar oğlum on səkkiz yaşında müharibədə güllə qurbanı olmasaydı, əgər istəkli qocam Tayqara qoyun sürüsüylə birlikdə borana düşüb donmasaydı, mənim burada, meşə adamları arasında nə əməlim azmışdı. Mən sənin, sonsuzun tayıyam? Məgər mən bu ahıl yaşımda sənin səfeh atan Mömünlə yaşayardımmı? Günahım nəydi ki, məni bu bəlaya salmısan, məlun Allah!”

      Oğlan durbini gözündən çəkdi, qəmli-qəmli başını aşağı saldı.

      “İndi biz evə necə qayıdacağıq? – astadan o, çantaya dedi. – Bütün günahlar məndə və səfeh buzovdadır. Bir də səndədir, ay durbin. Sən daim məni ağ gəmiyə baxmağa çağırırsan. Sənin də təqsirin var”.

      Oğlan ətrafına boylandı. Hər tərəf dağlar, qayalıq, daşlıq, meşəlik idi. Hündürdən – buzlaqdan irmaqlar bərq vuraraq səssiz-səmirsiz üzüaşağı axırdı, yalnız burada, aşağıda suyun səsi açılır, sanki əbədi olaraq, susmadan çayda hey zümzümə eləmək üçün dilə gəlirdi. Dağlar isə çox nəhəng idi və göz işlədikcə uzanıb gedirdi. Oğlan bala bu dəm özünü çox kiçik, tənha, unudulmuş hiss edirdi. Burada bir o idi, bir də dağlar, hər yanda dağlar, uca dağlar.

      Günəş göl tərəfdə qürub edirdi. Havanın istisi azalmışdı. Şərq yamaclara ilk, qısa kölgələr düşmüşdü. Günəş indi get-gedə aşağı enəcək, kölgələr isə sürünüb aşağı, dağın dibinə düşəcəkdi. Bax günün bu çağında, adətən, İssık-göldə ağ gəmi peyda olurdu.

      Oğlan durbini göz yetişən ən uzaq yerə yönəltdi və nəfəsini dərib dayandı. Odur ey! Ani olaraq hər şey yaddan çıxdı; orada, irəlidə İssık-göl gömgöy ləpələri arasında gəmi peyda olmuşdu. Üzür! Bax, odur ey! Qatarlanmış borulu, uzun, nəhəng, gözəl gəmi. O, dümdüz, birbaşa irəli gedirdi. Oğlan tələsik köynəyinin ətəyi ilə şüşəni silib bir daha okulyarı düzəltdi. Gəmi daha aydın göründü. İndi onun mavilikdə necə yırğalandığını, arxasınca necə şəffaf köpüklü iz buraxdığını sezmək olurdu. Oğlan gözünü çəkmədən, heyrətlə ağ gəmiyə baxırdı. Əgər iqtidarı olsaydı, ağ gəmidən xahiş edərdi ki, lap yaxına üzüb gəlsin, elə gəlsin ki, içindəki adamları da görmək mümkün olsun. Lakin gəmi bundan xəbərsiz idi. O, yavaş-yavaş, əzəmətlə öz yoluna davam edirdi, haradan gəldiyi, hara getdiyi bəlli deyildi.

      Gəmi çox üzdü, oğlan isə ona baxa-baxa xeyli fikirləşdi ki, dönüb balıq olacaq, çayla üzüb ağ gəminin yanına gedəcək…

      Günlərin birində, ilk dəfə Qarovul dağından İssık-gölün göy sinəsində ağ gəmini görərkən onun ürəyi bu gözəllikdən cuşa gəlmişdi, dərhal onda belə qənaət yaranmışdı ki, onun İssık-göl matrosu olan atası məhz bu ağ gəmidə üzür. Və oğlan buna inanmışdı, özü də ona görə ki ürəyi bunu çox istəyirdi.

      O nə atasını, nə də anasını xatırlayırdı. Onları bir dəfə də görməmişdi. Onlardan heç biri bir dəfə də olsun ona baş çəkməmişdi. Ancaq oğlan yəqin bilirdi: atası İssık-göldə matros işləyir, anası isə atasından ayrılandan sonra oğlunu babanın yanında qoyub şəhərə gedib. Elə o gedən olub. Dağların o üzünə, göldən o tərəfə, o biri dağların da arxasındakı uzaq şəhərə gedib.

      Mömün baba bir dəfə həmin şəhərə kartof satmağa getmişdi. Bir həftə xəbər-ətər olmadı, qayıdandan sonra çay içə-içə Bekey xalaya və nənəyə nəql etmişdi ki, öz qızını, yəni oğlanın anasını görüb. O, iri bir fabrikdə toxucu işləyir. Təzə ailə qurub – iki qızı var, uşaq bağçasına verir, həftədə yalnız bir dəfə görə bilir. Böyük bir binada olur, ancaq kiçik mənzilləri var, elə balacadır ki, tərpənmək olmur. Həyətdə isə, bazarda olduğu kimi, heç kəs heç kəsi tanımır. Hamı belə yaşayır – evlərinə girən kimi qapını kilidləyirlər. Həmişə, həbsxana kimi, bağlıda otururlar. Əri də, deyəsən, şoferdir, küçədə avtobusla adam daşıyır. Səhər saat dörddən gedir, gecə keçəndə gəlir. Onun da işi ağırdır. Babanın dediyinə görə, qızı hey ağlayıb, üzr istəyib. Təzə mənzil növbəsinə dayanıblar. Nə vaxt alacaqlar, bilinmir. Alanda, əri icazə versə, oğlunu aparacaq yanına. Qocadan xahiş eləyib ki, hələlik gözləsin. Mömün baba ona deyib ki, xiffət eləməsin. Başlıcası odur ki, əriylə dil tapıb dolansın, qalan şeylər yola gedər. Oğlundan da nigaran olmasın. “Nə qədər canım sağdır, oğlanı heç kəsə verməyəcəyəm, ölərəm – Allaha tapşıraram, fərasəti varsa, bir yana çıxar…” Qocanı dinləyən Bekey xala və nənə hərdən köks ötürür, hətta doluxsunub ağlamsınırdılar da.

      Bəli, elə o vaxt, çay süfrəsi arxasındaca onlar oğlanın atasından da söz saldılar. Baba eşidib ki, guya onun keçmiş kürəkəni, oğlanın atası, hansısa bir gəmidə matros işləyir və onun da yeni ailəsi, iki, ya üç uşağı var. Evləri liman körpüsünün yanındadır. Deyilənə görə, içkini atıb. Təzə arvadı isə hər dəfə uşaqları da götürüb onun pişvazına körpüyə çıxır. “Belə çıxır ki, – oğlan fikirləşdi, – onlar ağ gəmini, onun gəmisini qarşılayırlar”.

      Gəmi isə üzür, yavaş-yavaş uzaqlaşırdı. Bəyaz, uzun gəmi, borularını tüstülədə-tüstülədə gölün hamar, mavi səthi ilə şütüyürdü, özü də balıq-oğlana dönmüş oğlanın ona sarı üzdüyündən xəbərsizdi.

      O elə balığa dönmək istəyirdi ki, bədəni də, quyruğu da, üzgəcləri də, pulcuqları da balığınkı kimi olsun, təkcə başı, nazik boynu, iri pələ qulaqları, cırmaq-cırmaq olmuş burnu isə özününkü olsun. Gözləri də özününkü qalsın. Əlbəttə, onlar indiki kimi olmaqdan başqa, həmçinin balıq gözü kimi də baxa bilsinlər. Oğlanın kirpikləri buzov kirpikləri kimi uzundu, həm də, nədənsə, daim öz-özünə səyriyirdi. Gülcamal deyirdi ki, qızının kirpikləri onunkulara oxşasaydı, onda lap gözəl olardı! Gözəl niyə olsun? Qız, ya oğlan? Çox vacib imiş! Şəxsən ona gözəl gözlər lazım deyil, ona elə gözlər lazımdır ki, suyun altını da görə bilsin.

      O, balığa babanın dəhnəsində dönməliydi. Göz qırpımında dönüb olar balıq. Sonra dərhal dəhnədən çaya, birbaşa qıjovlu axına sıçrayar, üzüaşağı üzüb gedərdi. Üzə-üzə hərdənbir atlanıb ətrafa baxar; axı həmişə suyun altı ilə üzmək cansıxıcı olar. O, qırmızı gilli dərin yarğanı, sualtı qayaları, burunları, dağları, meşələri arxada buraxıb iti axan çayla üzüb gedirdi. O, sevimli daşlarından ayrılırdı: əlvida, “Xıxmış dəvə”, əlvida, “Canavar”, əlvida, “Yəhər”, əlvida, “Tank”, məntəqənin yanından keçəndə o sıçrayıb sudan çıxacaq, üzgəci ilə babasına əl eləyəcək: “Əlvida, baba, tezliklə qayıdaram”. Baba bu möcüzədən çaşıb-qalar, nə edəcəyini bilməzdi. Nənə də, Bekey xala da, Gülcamalla qızı da – hamısının ağzı açıla qalardı. Harada görünüb