Название | Tarzan və onun heyvanları 3 |
---|---|
Автор произведения | Эдгар Райс Берроуз |
Жанр | |
Серия | Dünya ədəbiyyatından seçmələr |
Издательство | |
Год выпуска | 0 |
isbn | 9789952242591 |
Nəhayət, bu qaradinməz oyunu bitdi. Qəbilə Tarzanı sahildə tək qoyub cəngəlliyə girdi.
Molakla döyüşdə aldığı yaralar Tarzanı incidirdi. Amma o, ağrıya dözməyi bacarırdı. Cəngəllik həyatında fiziki əzab adi şeyə çevrilir.
Tarzana, ilk növbədə, silah əldə etmək lazım idi. Antropoidlərlə ilk təmas, meşədən eşidilən nərə səsləri buna dəlalət edirdi. Meymun-adam köhnə həyatına qayıtmışdı. Burada onu hələ çox təhlükələr gözləyirdi. Tarzan vaxt itirmədən silah axtarışına çıxdı.
Dəniz sahilində o, vulkanik mənşəli iri daş parçası tapdı. Böyük səy nəticəsində daşdan nazik təbəqə qopara bildi. İndi bu təbəqəni bıçaq əvəzinə işlətmək olardı.
Sonra Tarzan meşədə kökündən qopub qurumuş ağacdan kiçik bir budaq qırdı, budağın ucunu həmin bıçaqla yondu. Ağacın gövdəsində oyuq eşdi və onu ovxalanmış qabıqlarla doldurdu, ucunu itilədiyi budaq parçasını oyuğa saldı, sürətlə ovucları arasında fırlatmağa başladı.
Bir azdan deşikdən tüstü qalxdı, ardınca alovun nazik dilləri görsəndi. Tarzan quru budaqlardan yığıb ocaq qaladı. Daş bıçağını yarıya qədər oda soxdu və su dalınca sahilə getdi.
O geri qayıdanda bıçağın ocağın içindəki hissəsi qıpqırmızı qızarmışdı. Tarzan onu oddan çıxarıb bir tərəfinə su tökdü. Su dəyən yerdən balaca qəlpələr qopdu.
Meymun-adam bu əməliyyatı bir neçə dəfə təkrar etdi. Nəhayət, itiağızlı ov bıçağı hazır oldu.
Tarzan özündən çox razı idi. Bundan sonra iş sürətlə getdi. O, bıçağa ağacdan dəstək düzəltdi, dəyənək hazırladı, xeyli ox yondu və yay üçün yaş, asan əyilən budaq kəsdi.
Axşam düşürdü. Tarzan silahlarını kiçik çayın qırağındakı ağacın koğuşunda gizlətdi və elə həmin ağacın başında da özünə balaca koma qurdu. Komanın üstünü enli palma yarpaqları ilə örtdü.
Başı işdən ayılanda o, möhkəm aclıq hiss etdi. Artıq hava qaralmışdı.
Tarzan ağacdan-ağaca atıla-atıla heyvanların çaya su içməyə getdiyi cığırı axtarırdı. O, meymunların da həsəd aparacağı bir cəldliklə bir budaqdan başqasına tullanır, uşaqlığını xatırlayır, qəlbi hüdudsuz azadlıq hissi ilə dolurdu. Əgər «Kinkayd»dakı son hadisələr yada düşəndə üzülməsəydi, Tarzan özünü xoşbəxt hiss edərdi.
Tarzanın keçmiş adətləri və vərdişləri sürətlə bərpa olunurdu. Bu vərdişlər ona sivil həyat qaydalarından doğma və gözəl görünürdü. Kaş lordlar palatasının ağır-ağır yeriyən zabitəli üzvləri Tarzanın ağacların başında necə atılıb-düşdüyünü görəydilər!
O axtardığını tapdı, cığırın düz üstündə yoğun bir budaq seçib aşırtma oturdu və marığa yatdı.
Çox gözləyəsi olmadı. Bir azdan cığırda Bara görsəndi. Ceyran naz-qəmzəli yerişlə Tarzana tərəf gəlirdi.
Meymun-adam onun tək olmadığını hiss etdi. Ceyranı kimsə izləyirdi. Rəqibinin şir Numa, yoxsa bəbir Şita olduğunu Tarzan qaranlıqda görmürdü, ancaq başa düşürdü ki, ac qalmamaq üçün çox cəld tərpənməlidir.
Baranı izləyən vəhşi ehtiyatsızlıq etdi. Kolluqdan gələn səs ceyranı duyuq saldı, o, bir anlığa yerində dondu, sonra güllə kimi irəli atıldı. Artıq gizlənməyə ehtiyac qalmadığını görən Numa kolluqdan çıxdı və ceyranın dalınca cumdu.
İndi Tarzan onların ikisini də aydın görürdü. Ceyranla şirin arasında yüz addım məsafə olardı. Amma ara sürətlə azalırdı. Bara meymun-adamın oturduğu ağacın altına çatırdı. Bu dəfə Tarzan ovu şirin əlindən ala biləcəkdimi? O düşünməyə vaxt sərf etmədən budaqdan ceyranın belinə atıldı, cəld hərəkətlə Baranın buynuzlarından tutub boynunu qanırdı, dərhal da cəmdəyi çiyninə aldı və tez ağaca dırmaşdı.
Numa cəmi bir neçə saniyəliyə gecikdi.
Acıqlı şir özünü ağacın gövdəsinə çırpır, quyruğunu hirslə yanlarına döyəcləyirdi. Tarzan tam təhlükəsizlikdə olduğunu bilir, üz-gözünü əyərək Numaya acıq verirdi.
Meymun-adam qəzəbindən çatlayan şirin gözləri qarşısında daş bıçağı ilə ceyranın budundan iri tikə kəsdi, buxarlanan təzə ətdən çiy-çiy ləzzətlə yedi. İndiyədək London restoranlarında heç bir yemək ona bu ləzzəti verməmişdi!
Doyandan sonra Tarzan əllərinin qanını sildi. Ətin qalanını qırıq budaqlardan birinin iti ucuna keçirdi, ağacların başı ilə komasına qayıtdı. İntiqam hissi ilə alışıb-yanan Numa onu xeyli izlədi, axırda bezib yolunu dəyişdi.
Son həftələrdə ilk dəfə Tarzan dərin yuxuya getdi. O oyananda artıq günəş göyün ortasında idi.
IV fəsil
Şita
Bir neçə gün Tarzan ona tanış olmayan cəngəlliyi gəzib-öyrənməklə və silahlarını təkmilləşdirməklə məşğul oldu. Ceyranın damarını qurudub yaya kiriş düzəltdi. Əlbəttə, Şitanın damarından daha möhkəm kiriş alınardı, amma kim bilir, Şita Tarzanın qabağına nə vaxt çıxacaqdı?
Meymun-adam quru otlardan uzun kəmənd hördü. Uşaqlıqda belə kəməndlə o, Tublatı cırnadardı, böyüyəndə isə ova çıxardı. Baranın dərisindən bel sarğısı, oxqabı, bıçaq üçün qın da hazırladı.
Sahili tədqiq edəndən sonra Tarzan müəyyənləşdirdi ki, bura Afrikanın ona məlum olan qərb sahili deyil. Qərbdə günəş dənizdən çıxmırdı, əksinə, dənizdə batırdı.
Lakin Tarzan əmin idi ki, Afrikanın şərqinə yox, harasa başqa yerə düşüb. Çünki «Kinkayd»a Aralıq dənizindən, Süveyş kanalından və Qırmızı dənizdən keçib Ümid burnunun başına fırlanmaq üçün xeyli artıq vaxt gərək olardı. Bəs onda tale onu bu dəfə hansı yerlərə gətirib çıxarmışdı? Bəlkə, gəmi Atlantik okeanını yararaq Cənubi Amerikanın vəhşi sahillərinə çatmışdı? Yox, oxşamır, çünki Cənubi Amerikada şirlər yaşamır.
Cəngəllikdə, boş sahildə dolaşa-dolaşa Tarzan təklikdən darıxırdı, antropoidlərin qəbiləsində qalmadığına təəssüflənirdi. Molakla və Akutla döyüşdən sonra o, insanabənzər meymunlara rast gəlməmişdi. Tarzan başa düşürdü ki, onlardan çox fərqlənir, amma tək qalmaqdansa, antropoidlərə qoşulmaq yaxşı idi.
Bir dəfə Tarzan əlinə keçən meyvələrdən, çürük kötüklərdə yuva qurmuş həşəratlardan yeyə-yeyə meşə ilə gedirdi. Burnuna bəbirin iyi dəydi. Şita haradasa yaxınlıqda idi. Tarzan çoxdandı onu axtarırdı: həm kiriş üçün möhkəm damar, həm də özünə təzə paltar tikməyə gözəl dəri əldə etmək istəyirdi.
Tarzan aşağı əyildi, hər xırdaca səsə fikir verə-verə yerlə sürünməyə başladı. İndi o, vəhşi təbiətin bir hissəsinə çevrilmiş, gözəgörünməz olmuşdu.
Səslər və iylər yolu Tarzana