Название | Qulliverin səyahətləri |
---|---|
Автор произведения | Джонатан Свифт |
Жанр | |
Серия | Dünya ədəbiyyatından seçmələr |
Издательство | |
Год выпуска | 0 |
isbn | 9789952241938 |
Sonra hər iki tapançanı və sursat heybəsini təhvil verdim. Bunları verərkən əlahəzrətdən xahiş etdim ki, barıtı oddan uzaq saxlasın. Çünki o, azacıq qığılcımdan od alıb partlayar və imperatorun sarayını darmadağın edə bilərdi.
Mən cib saatımı da verdim. İmperator ona böyük maraqla tamaşa etdi. Qvardiyaçılar saatı möhkəm bir şüvülə keçirdilər. Sonra çiyinlərinə qaldırdılar və apardılar. İmperatoru daha çox saat mexanizminin səsi və əqrəbin hərəkəti heyran etmişdi.
Liliputların gözləri bizdən daha itidir. Odur ki əlahəzrət saat əqrəbinin dayanmadan hərəkət etdiyini yaxşı görürdü. O, alimlərə bu maşının nəyə gərək olduğunu müəyyənləşdirməyi tapşırdı. Lakin alimlər bu barədə yekdil rəyə gələ bilmədilər. Onların fərziyyələrinin hamısı həqiqətdən çox uzaq idi.
Sonra mən pul kisəsini, bıçağı, ülgücü, darağı, burun dəsmalını və cib dəftərçəsini təhvil verdim. Silahlarım əlahəzrətin silah anbarına göndərildi. Qalan şey- ləri imperatorun əmri ilə mənə qaytardılar.
Yuxarıda da dedim ki, mən məmurlara gizli cibimi göstərməmişdim. Həmin cibimdə gözlüyüm, cib durbinim və bir neçə xırda şey vardı. Bunları əllərindən salıb sındıra bilərdilər. Odur ki onları imperator məmurlarından gizlətməyimdə pis bir şey görmürəm.
Üçüncü fəsil
Qulliverin saray adamlarını əyləndirməsi. Onun liliputları heyrət və qorxuya salan şlyapasının tapılması. Qulliverin müəyyən şərtlər altında azadlığa buraxılması.
Mənim mülayim davranışım hamının mənə qarşı meylini artırdığından yaxın gələcəkdə azad olacağıma ümid bəsləyə bilərdim. Mən haqqımda olan yaxşı rəyi hər vasitə ilə möhkəmlətməyə səy edirdim. Bəzən liliputların əlimin içərisində rəqs etməsinə yol verirdim. Axır zamanlarda uşaqlar da saçımın içində gizlənpaç oynamağa cürət edirdilər. Mən onların dilində danışmağı xeyli öyrənmişdim.
Bir dəfə imperator məni akrobatik tamaşalarla əyləndirmək fikrinə düşdü. Belə tamaşaların təşkilində liliputlar başqa tanıdığım xalqlardan üstündürlər. Məni hər şeydən artıq kəndirbazlar heyran etdi. Bunlar yerdən xeyli hündürlükdəki nazik ağ sap üzərində məharətlə oynayırdılar. Sap üstündə yalnız böyük mənsəblərə namizəd olanlar oynaya bilərdilər. Onlar mühüm bir vəzifə boşaldıqda sap üstündə oynamaq üçün imperatordan icazə istəyirdilər. Sap üstündə ən hündürə tullanıb yıxılmayan şəxs həmin vəzifəyə təyin olunurdu.
Bir dəfə mən cürbəcür oyunlarla saray adamlarını əyləndirirdim. Birdən əlahəzrətin hüzuruna bir qasid gəlib xəbər verdi ki, sahildə qəribə şəkilli böyük bir cisim görüblər. Həmin cismin kənarları çox alçaq və genişdir. Tutduğu sahə isə əlahəzrətin yataq otağı qədər olar. Əvvəlcə elə güman ediblər ki, bu, qəribə bir heyvandır. Ancaq tezliklə bunun belə olmadığını anlayıblar. Onlar bir-birinin çiyninə çıxaraq həmin qəribə cismin təpəsinə qalxıblar. Cismin üstü yastı imiş. Xırdaca adamlar ayaqlarını həmin cismə döyərək başa düşüblər ki, içi boşdur. Belə fikirləşiblər ki, bəlkə, bu cisim mənimdir. Odur ki onu beş atın köməyi ilə paytaxta gətiriblər.
Mən dərhal söhbətin nədən getdiyini başa düşdüm. Bu xəbərə ürəkdən şad oldum. Görünür, mən sahilə çıxdıqda halım çox xarab imiş. Ona görə də şlyapamın başımdan düşdüyünü hiss etməmişəm. Mən hələ qayıqda olarkən onun bağlarını möhkəm çəkib bağlamışdım. Fırtınadan sonra isə şlyapanı tamam yaddan çıxartmışdım. Görünür, sahilə çıxarkən bağ açılmış, şlyapam da başımdan düşübmüş. Mən isə onu dənizdə, dalğaların arasında itirdiyimi düşünürdüm.
Əlahəzrətdən xahiş etdim ki, şlyapanı gətirmələri üçün sərəncam versin. Ertəsi gün şlyapanı gətirib gəldilər. Ancaq arabaçılar onun qeydinə, demək olar, qalmamışdılar. Şlyapamı düz yarım mil2 yerlə sürümüşdülər. Xoşbəxtlikdən həmin ölkənin torpağı yumşaq və düzəngah idi. Ona görə də şlyapam gözlədi- yimdən az xarab olmuşdu.
Bu hadisədən iki gün sonra imperator qoşunlara əmr verdi ki, səfərə hazır olsunlar. Əlahəzrət özünə çox qəribə bir əyləncə düzəltmək xəyalına düşmüşdü. O buyurdu ki, mən ayaqlarımı mümkün qədər geniş açım. Sonra baş komandana əmr verdi ki, qoşun təbil vura-vura mənim ayaqlarımın arasından keçsin. Ordu üç min piyada və min atlıdan ibarət idi. Parad çox təntənəli keçdi və əlahəzrətə yaman ləzzət verdi.
İmperatora mənə azadlıq bəxş etməsi üçün çoxlu ərizə yazmışdım. Axırda o bu məsələni əvvəlcə nazirlərin, sonra da dövlət şurasının müzakirəsinə çıxartdı. Dövlət şurasında azad edilməyimin əleyhinə yalnız bir nəfər çıxdı. Bu, baş admiral Skayreş Bolqolam idi. O, nədənsə, mənə düşmən kəsilmişdi. Bolqolam öz işini yaxşı bilən, ancaq qaraqabaq və kobud bir adam idi. Axırda onu da razı saldılar. Ancaq baş admiralın bir tələbi vardı. İstəyirdi ki, mənə azadlıq verilməsinin şərtlərini hazırlamaq ona tapşırılsın.
İki katib və bir neçə əyan ilə birlikdə şərtləri mənə Bolqolamın özü gətirib gəldi. Bu şərtləri oxuduqdan sonra mənə and içdirdilər ki, onları pozmayacağam. Andiçmə mərasimi əvvəlcə mənim ölkəmin adətləri, sonra isə yerli qaydalar əsasında keçdi. And içən zaman mən gərək sağ ayağımı sol əlimlə tutaydım. Eyni zamanda sağ əlimin orta barmağını təpəmə, baş barmağımı isə sağ qulağımın üstünə qoyaydım.
Şərtlərə görə, mən icazəsiz onların məmləkətini tərk etməməliydim. Bundan başqa, onlara düşmən olan Blefusku adasına qarşı müharibəyə qoşulmalı, düşmən donanmasını məhv etmək üçün bütün gücümlə çalışmalıydım. Əvəzində isə onlar mənə doyunca yemək-içmək verəcəkdilər.
Düzdür, mən başa düşürdüm ki, bu ləyaqətsiz şərtlər baş admiralın mənə nifrətinin nəticəsidir. Amma mən onları məmnuniyyətlə qəbul etdim, and içdim və imzaladım. And içdikdən dərhal sonra zəncirlərimi açdılar. Artıq tamamilə azad idim.
Mən minnətdarlıq əlaməti olaraq əlahəzrətin hüzurunda diz çöküb səcdə etdim. Ancaq imperator buyurdu ki, ayağa qalxım. Daha sonra mənim ona fay- dalı xidmətçi olacağıma şübhə etmədiyini dedi.
Dördüncü fəsil
Qulliverin Liliputiyanın paytaxtı ilə tanış olması. Gizli işlər üzrə dövlət katibi ilə söhbət.
Mən azadlığa çıxdıqdan sonra paytaxtı gözdən keçirməyə icazə istədim. İmperator mənə icazə verdi. Ancaq əmr etdi ki, nə əhaliyə, nə də onların ev-eşiyinə zərərim toxunmasın.
Sonra mənim şəhəri gəzmək arzusunda olduğum haqqında camaatı xəbərdar etdilər.
Şəhər uca bir divarla əhatə edilmişdi. Divarın üstü ilə iki at qoşulmuş bir karet tamamilə sərbəst gedə bilərdi. Hündür və möhkəm bürcləri şəhərin giriş yollarını qoruyurdu.
Mən böyük Qərb darvazaları üstündən aşıb iki əsas küçədən keçdim. Əhalinin evlərinə çəkilməsi barədə əmr
2
Mil – 1609 metrə bərabər uzunluq vahidi