Название | Əcdadların harayı |
---|---|
Автор произведения | Джек Лондон |
Жанр | |
Серия | Dünya ədəbiyyatından seçmələr |
Издательство | |
Год выпуска | 0 |
isbn | 9789952241693 |
Həmin gün onlar qırx mil yol getdilər, çünki yol hamardı. Amma ertəsi gün qarda özlərinə iz açmağa məcbur olub bərk yoruldular və nisbətən ləng getdilər. Bir qayda olaraq, Perro qabaqda gedir, ayaq xizəyi ilə qarı tapdayırdı ki, itlər asan yüyürə bilsin. Fransua isə dönmə şüvülü ilə qoşquya istiqamət verirdi. Bəzən o, gec-gec də olsa, Perro ilə yerini dəyişirdi. Perro tələsirdi, bununla belə, hesab edirdi ki, buzun qalınlığını Fransua gözəyarı daha yaxşı təyin edə bilər. Bu, çox vacib məsələ idi, çünki payızın buzu çox da etibarlı deyildi. Sürətli axın olan yerlərdə isə, ümumiyyətlə, buz yox idi.
Bakın bütün günü qoşquda keçirdi. İtlər yalnız qaranlıq düşəndə dincəlir və göy üzü işıqlanmağa başlayan kimi yenidən hərəkətə başlayırdılar.
Bu dəfə də ancaq qaranlıq düşəndən sonra istirahətə çıxdılar. İtlər öz balıq paylarını yeyib yatmaq üçün qarın içinə soxulmuşdular. Bak bərk acmışdı. Gündüz yediyi azacıq qaxac edilmiş qızılbalıq onun dişinin dibində belə qalmamışdı. O, doyunca yemir və aclıqdan əziyyət çəkirdi. Lakin çəkicə ondan az gələn və belə həyata daha yaxşı uyğunlaşmış itlərə də həmin qədər balıq verilsə də, onlar öz gümrahlıqlarını qoruyub saxlamağı bacarırdılar. Bak vaxtilə Cənubdakı həyatında adət etdiyi vasvasılığı tezliklə tərgitməli oldu. Gördü ki, öz payını tez içəri ötürən yoldaşları onun qarşısındakı tikələri də çırpışdırır. Payını qorumağa gücü çatmırdı. O, iki-üç oğru ilə cəngə girəndə bir də görürdü ki, balığı artıq başqalarının ağzındadır. Bunun qarşısını almaq üçün o da digər itlər kimi sürətlə yeməyə başladı. Aclıq onu başqalarının yeməyinə əl atmağa məcbur edirdi. O, müşahidə apararaq bunun yollarını öyrəndi. Perro üzünü yana çevirən kimi təzə itlərdən olan çox bic, ikiüzlü və oğru Payk cəld onun dana ətindən hazırlanmış qızartmasından bir dilim çırpışdırdı. Ertəsi gün Bak onun önündən bütöv bir tikəni götürüb əkildi. Aləm bir-birinə dəydi, Bakdan isə heç kəs şübhələnmədi və onun əməlinə görə başqa bir iti cəzalandırdılar.
Bu ilk oğurluq göstərdi ki, Bak Şimalın sərt şəraitində yaşamağa qadirdir. Bu onun mühitə uyğunlaşmaq bacarığına dəlalət edirdi. Əgər belə bacarığı olmasaydı, o, sağ qala bilməzdi. Bununla belə, oğurluq onun mənəvi iflasının başlanğıcı oldu. Əvvəlki əxlaqi anlayışları dağılıb puç oldu: yaşamaq uğrunda amansız mübarizədə onlar Bak üçün artıq yük idi. Əxlaq anlayışları Cənub üçün münasib idi. Orada məhəbbət və dostluq qanunu hökm sürürdü, orada başqalarının ma-lına hörmət, özgələrə mərhəmət hissi vardı. Şimalda isə dəyənək və diş qanunu hökm sürürdü, yaşamağa və uğur qazanmağa mane olan düzlüyə riayət etməkdən ötrü axmaq olmaq lazımdı.
Əlbəttə, Bak qeyri-iradi şəkildə yeni şəraitə uyğunlaşırdı. Ömründə heç vaxt, hətta qüvvələr bərabər olmayanda da o, mübarizədən çəkinməmişdi. Lakin qırmızı sviterli kişinin dəyənəyi ona daha ibtidai, lakin həyat üçün zəruri olan əxlaq qaydaları aşılamışdı. Bak hələ mədəni it olaraq qalırdı; məsələn, o, hakim Millerə məxsus olan qoşqu qırmancını qoruyaraq öz əxlaq normaları yolunda ölməyə hazır idi. İndi isə bu ideyalara etinasız baxması və ancaq öz canının hayında olması göstərirdi ki, o, əcdadlarının vəziyyətinə qayıtmaq üzrədir. Oğurluq məharətini göstərmək üçün deyil, boş qarnının inadkar tələblərinə cavab vermək üçün başqalarının yeməyinə göz qoyurdu. Qarətçiliyi açıqca yox, gizlincə, bütün ehtiyat tədbirlərini görərək törədirdi, çünki dəyənək və diş qanununa tabe idi.
Bak çox sürətlə yetkinləşirdi (daha doğrusu, vəhşiləşirdi). Əzələləri dəmir kimi möhkəm olmuşdu və adi ağrılar daha onun vecinə deyildi. Daxili də, xarici də yaman bərkimişdi. Bak hər hansı xörəyi, hətta iyrənc və daş kimi bərkini də yeyə bilirdi. Qarnı onu doyuran nə vardısa, hamısını zərrə-zərrə özünə çəkir, qanı isə həzm olunmuş yeməkdən möhkəm və davamlı toxuma hasil edərək bədəninin ən ucqar hissələrinə paylayırdı. Bakın çox əla görmə və həssas iybilmə qabiliyyəti vardı. Eşitmə qabiliyyəti isə elə inkişaf etmişdi ki, o, yuxuda belə ən yavaş səsi eşidir və o səsin təhlükə vəd edib-etmədiyini ayırd edə bilirdi. O, dırnaqları arasında donmuş buzu gəmirməyi öyrənmişdi. Su içmək istəyəndə nohur qalın buzla örtülü olsa da, güclü qabaq pəncələri ilə onu sındırmağı bacarırdı. Lakin Bakın ən diqqətəlayiq qabiliyyəti küləyi duyması idi və gecələr o, küləyin hansı səmtdən əsəcəyini əvvəlcədən sezirdi. Buna görə də ən sakit gecələrdə belə o özünə elə yerdə yuva düzəldirdi ki, sonradan külək əssəydi də, yuvasını tutmayacaq, ora isti və rahat olacaqdı.
Bütün bunları Bak təkcə təcrübə əsasında deyil, onda çoxdan yatıb qalmış əzəli duyğuların hərəkətə gəlməsi nəticəsində öyrənmişdi. Əhliləşdirilmiş əcdadlarından ona miras qalan xüsusiyyətlər isə, əksinə, yox olub gedirdi. Uzaq keçmişi onun daxilində anlaşılmaz səslərlə dil açırdı.
Bak tezliklə caynaq və dişlərini işə salmağı öyrəndi və onda cəld canavar tutaşması qabiliyyəti peyda oldu. Onun unudulmuş əcdadları məhz belə vuruşurdular. Bakın daxilində onun cinsinə irsən, nəsildən-nəslə keçmiş köhnə vərdişlər canlanmağa başlayırdı. Bak indi o vərdişlərin sahibiydi. Həmin vərdişlərə asanlıqla yiyələnir, onlarda yeni və təəccüblü heç bir şey görmürdü. Elə bil bu vərdişlər həmişə ona məxsus olmuşdu. Sakit soyuq gecələrdə Bak üzünü ulduzlara tutub uzun müddət canavar kimi ulayanda çoxdan gömülmüş əcdadları da, əsrlərlə ulduzlara hürdükləri kimi, sanki onun içində dil açırdılar. Bakın ulartısında da eynilə həmin notlar səslənirdi. Onlarda kədər, sakitlik, zülmət və soyuğu ifadə edən bütün hislər yaşayırdı.
Beləliklə, əcdadların qədim nəğməsi təbiətin əlində hamımızın oyuncaq olduğunun sübutu kimi Bakın sinəsindən süzülür və o, tədricən öz mənşəyinə üz tuturdu. Bu, çox sadə bir səbəb üzündən baş verirdi – əvvəla, adamlar soyuq Şimalda sarı metal tapmışdılar, ikincisi, bağban köməkçisi Manuelin məvacibi arvadının və eynilə onun özünə oxşayan bir yığın balasının ehtiyaclarını ödəmirdi.
İBTİDAİ VƏHŞİ QALİB GƏLDİ
Bakda ibtidai vəhşinin əlamətləri güclüydü və onlar yeni həyatın sərt şəraitində getdikcə artırdı. Lakin bu, hələ gizli oyanmaydı. Təzəcə yaranmağa başlamış hiyləgərliyi onu taraz saxlayır və idarə edirdi. Yeni həyata alışmaq zəruriliyi onu daim gərgin vəziyyətdə saxlayırdı. Bak nəinki şuluq salmır, hətta mümkün qədər digər it davalarından gen gəzirdi. Davranışında xüsusi bir ehtiyatlılıq yaranmışdı. O, cəld və tələsik hərəkətlərə meyil göstərmirdi. Onunla Şpits arasında kəskin düşmənçilik olsa da, Bak bunu büruzə vermir və ona heç vaxt birinci sataşmırdı.
Конец