Название | Şahzadə və dilənçi |
---|---|
Автор произведения | Марк Твен |
Жанр | |
Серия | Dünya ədəbiyyatından seçmələr |
Издательство | |
Год выпуска | 0 |
isbn | 9789952240658 |
Con Kenti qışqırdı:
– Sən nə üçün özünü ortaya soxursan? Al, bu da sənin payın.
Şahzadəni müdafiə edənin başına dəyən ağır dəyənək zərbəsi onu sarsıtdı, zarıltı ilə camaatın ayaqları altında yerə sərildi. Bir dəqiqə keçməmiş ətrafdakı adamlar dağılışdı.
Con Kenti balaca şahzadəni sürüyə-sürüyə daxmasına gətirdi. Şahzadə otağın zəif işığında burada yaşayanları güclə ayırd edirdi. Divarın dibində, küncdə üz-gözü çirkli iki qız və ortayaşlı bir qadın oturmuşdu. O biri küncdən beli bükülmüş, ağsaçlı bir qarı qəzəblə ayağa qalxıb şahzadəyə tərəf gəldi. Con Kenti ona müraciətlə dedi:
– Sən kənara dur, mane olma! Qəribə bir işə düşmüşük. İndi doyunca əylənəcəksən. Ancaq hələ işə qarışma, sonra istədiyin qədər onu döyə bilərsən. Balaca, bir bura gəl. O dediyin sözləri yadından çıxarmamısan? Bir də de görüm, adın nədir, sən kimsən.
Qəzəbdən yanaqları qızarmış gənc şahzadə nəzərini Cona zillədi və dedi:
– Sən nə qaba adamsan? Sən mənə əmr edə bilməzsən. Dediklərimi bir daha təkrar edirəm: mən Uels şahzadəsi Eduardam.
Qoca qarı bu cavaba mat qaldı, elə bil ayaqları yerə yapışdı. Onun rəhmsiz oğlu isə qəhqəhə ilə gülməyə başladı. Tom Kentinin anası və bacıları şahzadəyə yaxınlaşıb kədərlə səsləndilər:
– Ah, yazıq Tom! Yazıq uşaq!
Ana şahzadənin qarşısında diz çöküb əlini onun çiyninə qoydu və göz yaşı tökə-tökə dedi:
– Mənim yazıq balam! Sənin axmaq kitabların elədiyini elədi: ağlını başından çıxartdı. Nə üçün sən onlara bu qədər uydun? Sən mənim ana ürəyimi parçaladın.
Şahzadə qadının üzünə baxdı və nəvazişlə dedi:
– Mərhəmətli qadın, sənin oğlun sağ-salamatdır və ağlını itirməmişdir. Sakit ol! Məni indi onun olduğu yerə, saraya apar, mənim atam kral onu həmin saat sənə qaytarar.
– Kral? Sənin atan? Ah, mənim balam! Amandır, bu sözləri bir də demə, yoxsa səni ölümə məhkum edərlər. Yaddaşın azmışdır, onu həqiqi yoluna sal. Bir mənə bax! Səni doğan və sevən anan mən deyiləmmi?
Şahzadə başını bualadı:
– Allah özü şahiddir ki, səni kədərləndirmək mənə ağır gəlir. Doğrusu, mən sənin üzünü heç vaxt görməmişdim.
Qadın yenə yerə oturub ürəkyandırıcı hıçqırıqlarla ağlamağa başladı. Qızlar qorxa-qorxa qardaşlarını müdafiə etmək istədilər:
– Ata, qoy gedib yatsın. Yatıb dincəlsə, ağlı başına gələr. Sabah evə əliboş qayıtmaz.
Bu sözlər Con Kentini ayıltdı. O, üzünü şahzadəyə tutub dedi:
– Sabah evin sahibinə iki pens kirayə pulu verməliyik. Yoxsa bizi bayıra atarlar. Bu gün yığdığın pulları çıxart görək.
Şahzadə dedi:
– Məni təhqir etmə! Sənə bir daha deyirəm, mən kral oğluyam.
Şiddətli bir zərbə səsi eşidildi. Con Kentinin ağır əli qolaylanıb şahzadənin çiyninə dəydi. Tomun anası şahzadəni bağrına basaraq onu yağan təpik və yumruq zərbələrindən qorumaq üçün özünü qabağa verdi. Qorxmuş qızlar küncə qısıldılar. Bu yerdə qarı da oğlunun köməyinə gəldi. Şahzadə çırpınaraq Tomun anasına dedi:
– Sən məndən ötrü nə üçün əziyyət çəkəsən? Qoy bu donuzlar acıqlarını tək məndən çıxsınlar.
"Donuzlar" bu sözü eşitcək elə qızdılar ki, şahzadənin üstünə düşüb onu amansızcasına kötəklədilər. Qızları və ananı da ona yazığı gəldiyi üçün döydülər.
Kenti əmr etdi:
– Hə, indi hamınız gedib yata bilərsiniz! Bu komediya məni lap yordu.
İşığı söndürüb yataqlarına uzandılar.
Tom Kentinin anasını fikir götürmüşdü, yata bilmirdi. İncə ana duyğusu ona deyirdi ki, bu uşaq onun deyil, yaddır. Nəhayət, qadın uşağı sınaqdan keçirmək istədi. Ancaq necə? Ananın yadına düşdü ki, Tom Kenti balaca ikən gözü qabağında barıt partlamışdı, ondan sonra qəfil bir şeylə rastlaşanda əli ilə gözünü tutardı. Gözünü başqaları kimi ovcunun içi ilə deyil, əlinin dalı ilə tutardı. Yatdığı vaxt onu diksindirsən, o mütləq bu qəribə hərəkəti edəcək.
Qadın şamın şöləsini əli ilə tutdu və yavaşca yatan uşağa yanaşıb ehtiyatla onun üstünə əyildi, şamı lap onun gözləri qabağına tutdu və əlini işıqdan çəkdi. Sonra onun qulağının dibində barmağı ilə döşəməni taqqıldatdı. Yatmış uşaq gözlərini geniş açdı, təəccüblü nəzərlərlə ətrafına göz gəzdirdi, ancaq heç bir qəribə hərəkət göstərmədi.
Yazıq qadın heyrət və kədərdən az qala huşunu itirəcəkdi. "Yox, ola bilməz, əlləri ki dəli deyil. Onlar adət etdiyi vərdişdən əl çəkə bilməz".
Qadın bu qəmli fikirlərdə ikən birdən qapı bərkdən döyüldü. Con Kenti xorultusunu kəsib qışqırdı:
– Kimdir? Nə lazımdır?
Kim isə cavab verdi:
– Dəyənəklə vurub yıxdığın adamın kim olduğunu bilirsən?
– Bilmirəm, heç bilmək də istəmirəm.
– Bir azdan sonra başqa hava çalarsan. Canını qurtarmaq istəyirsənsə, qaç. O adam can verir. O bizim keşiş Endrüdür.
Con Kenti yerindən sıçrayıb ailəsini oyatdı və xırıltılı səslə dedi:
– Cəld qalxın, buradan qaçın. Qalsanız, məhv olacaqsınız.
Beş dəqiqə keçməmiş Kentinin bütün ailəsi canını qurtarmaq üçün küçə ilə qaçırdı. Con Kenti şahzadənin əlindən tutub qaranlıq döngələrlə aparırdı. O, ailəsinə tapşırdı:
– Bir-birimizi itirsək, qoy hər kəs London kör-püsünə tərəf getsin, körpünün qurtaracağındakı dükanın yanında görüşərik.
Bu vaxt Kentinin ailəsi gözlənilmədən qaranlıqdan işıqlı bir yerə çıxdı və çayın sahilinə yığışmış camaatın içərisinə düşdü. Adamlar oxuyur, oynayır, çalıb-çağırırdılar. Temza çayı boyu tonqallar yanırdı. Burada o və onun ailəsi qaynaşan adamlar içərisində itib-batdı və bir-birindən ayrıldılar.
Con Kenti şahzadənin əlindən bərk-bərk yapışmışdı. O, camaatın içərisinə soxulmaq istəyəndə bir qayıqçıya bərk toxundu. Qayıqçı yekə əli ilə Conun çiynindən yapışdı:
– Dostum, hara belə tələsirsən? Camaat bayram etdiyi vaxtda sənin qanın niyə qaradır?
Kenti onun