Название | Qaçaqmalçı zirvəsinin sirri |
---|---|
Автор произведения | Энид Блайтон |
Жанр | |
Серия | Möhtəşəm beşlik |
Издательство | |
Год выпуска | 0 |
isbn | 9789952244724 |
Uşaqlar təəccübdən donub-qaldılar.
– Qaçaqmalçı zirvəsi! – bu qəribə ad Diki çox maraqlandırmışdı. – Qaçaqmalçı zirvəsi nə deməkdir?
– Onların evi belə adlanır, – Kventin əmi cavab verdi. – Bu, qeyri-adi təpənin zirvəsində tikilmiş köhnə bir evdir. Lap qədim zamanlarda ora dənizin içərisində bir adaymış, lakin indi həmin adadan bataqlıqların üzərində yüksələn bircə hündür təpə qalıb. Nə zamansa orada qaçaqmalçılar məskən salıblarmış. Eşitdiyimə görə, çox qəribə yerdir.
Kventin əminin sözləri uşaqların marağına səbəb oldu. Deyəsən, onları qarşıda yeni macəra gözləyirdi.
– Hə, nə deyirsiniz, ora getmək istəyirsiniz? Yoxsa tətili məktəb yataqxanasında keçirmək fikrindəsiniz? – Kventin əmi səbirsizliklə soruşdu.
– Yox, yox, biz hər şeyə razıyıq, bircə bizi məktəbə qaytarmayın! – uşaqlar bir ağızdan cavab verdilər.
– Lap yaxşı, – Kventin əmi məmnunluqla dilləndi. – Düzünü desəm, artıq hər şeyi danışmışam. Bir neçə dəqiqə əvvəl cənab Lenuara zəng vurdum, o, çox lütfkarlıqla sizi evlərinə dəvət etdi.
Bu vaxt Corc ürəyinə nəsə damıbmış kimi soruşdu:
– Yəqin ki, Timmini özümlə götürə biləcəyəm, elə deyil?
– Yox, – atası cavab verdi. – Cənab Lenuar itləri sevmir.
– Elə isə mən heç yana gedən deyiləm…
– O zaman məktəbə geri qayıdacaqsan, – atası sərt şəkildə onun sözünü kəsdi. – Ağız-burnunu da əyişdirmə, Corc. Bilirsən ki, belə şeylərdən xoşum gəlmir.
Lakin qız atasını dinləməyərək üzünü yana çevirdi. Dostları isə məyus şəkildə ona baxdılar. Doğrudanmı Corc indi əsəbiləşib hər şeyi korlayacaqdı?.. Qaçaqmalçı zirvəsinə getmək necə də yaxşı olardı! Əlbəttə, Timmisiz vaxt o qədər də şən keçməyəcək. Lakin nə etməli, başqa yol yoxdur. Onu Kirrində qoymaq lazım gəlirdi.
Kventin əmi kabinetdən çıxdıqdan sonra Enn əmisi qızını yola gətirmək üçün mehribanlıqla onun dirsəyindən yapışdı, lakin qız onun əlini geri itələdi. Bundan sonra dostları Corcu çox dilə tutmağa çalışdılar, di gəl faydası olmadı.
– Məni tək buraxın, – axırda qız bezib dedi. – Fikirləşməliyəm. Biz Qaçaqmalçı zirvəsinə necə qalxacağıq, ümumiyyətlə, ora haradır? Hansı yolla gedəcəyik?
– Əlbəttə, maşınla gedəcəyik. Qaçaqmalçı zirvəsi sahildən azca yuxarıdadır, yəqin ki, bizi sahilboyu yolla aparacaqlar, – Culian cavab verdi. – Niyə soruşursan ki, Corc, fikrin nədir?
– Artıq sual vermə, – Corc cavab verdi. Sonra da iti ilə birgə otaqdan çıxdı. Dostları da onun dalınca getdilər, lakin bir daha ağızlarını açıb bir kəlmə demədilər. Çünki bilirdilər ki, əhvalı yerində deyilsə, yaxşısı budur, ona dəyib-dolaşmayasan.
Qız Timmi ilə birlikdə kottecdən uzaqlaşdı.
Nəhayət, yola çıxmaq zamanı gəldi. Fanni xala könülsüz də olsa, uşaqların əşyalarını toplayıb qurtarmışdı. Az sonra Corc da qayıtdı, Timmi yanında deyildi. Lakin bayaqkından xeyli yaxşı əhvalda idi.
Enn dərhal soruşdu:
– Timmi hanı?
– Bunu bilmək elə də vacib deyil, – Corc cavab verdi.
– Yaxşı, de görək, indi sən bizimlə gedirsən, ya yox? – bu dəfə Culian soruşdu.
– Hə, – Corc cavab verdi. Lakin o nədənsə Culianın gözlərinin içinə baxmağa cürət eləmədi. Bunu sezən oğlan düşündü: «Maraqlıdır, Corc niyə gözlərini gizlədir?»
Fanni xala uşaqları yedirtdi, tezliklə onların arxasınca böyük bir avtomobil gəldi. Kventin əmi uşaqlara cənab Lenuara çatdırmaları üçün məktub verdi, Fanni xala isə onların hamısını bir-bir öpdü. Bundan sonra uşaqlar maşına doluşdular.
– Bəs Timmi ilə sağollaşmayacağıq? – Enn qeyri-adi təəccüblə Corca baxıb soruşdu. Corc elə bil iti yerli-dibli unutmuşdu. O, Ennə cavab verməyib susmaqla kifayətləndi.
Nəhayət, avtomobil yola düşdü. Corc bir müddət dillənmədi. Uşaqlar belə qərara gəldilər ki, o, Timmidən ayrıldığı üçün kədərlidir. Halbuki qız o qədər də məyus görünmürdü.
Yol təpələrin arasından keçirdi. Yoxuşu çıxandan sonra maşın sürətlə irəli şütüdü. Birdən Corc irəli əyilib sürücünün çiyninə toxundu.
– Zəhmət olmasa, bir saniyəlik dayanın. Burada götürməli olduğumuz bir şey var.
Culian, Dik və Enn təəccüblə ona baxdılar. Sürücü azacıq özünü itirib əyləci sıxdı; Corc qapını açıb ucadan fit çalmağa başladı.
Bu zaman Timmi alçaq bir hasarın arxasından atılıb sevinclə maşına tullandı. O hamını öpüb-yaladı, arada isə yavaşcadan zingildəyib həyəcanını və sevincini göstərdi.
– Bu nə itdir belə? – sürücü təəccüblə donquldandı. – Məgər sizə bu iti götürməyə icazə veriblər? Axı atanız bu barədə heç nə deməyib.
Sevincdən gözləri parlayan Corc söylədi:
– Hər şey qaydasındadır. Narahatlıq üçün əsas yoxdur. Zəhmət olmasa, yola davam edin.
– Ay səni kələkbaz! – Culian çığırdı. Bilmirdi Corca hirslənsin, ya Timminin, nəhayət ki, yanlarında olduğuna sevinsin. – Bilirsən də, cənab Lenuar onu geri göndərə bilər.
– O zaman məni də geri göndərməli olacaq, – Corc sakitcə dedi. – İstənilən halda əsas odur ki, hamımız bir yerdəyik!
Qaçaqmalçı zirvəsi
Bir neçə saat yol getdikdən sonra sürücü nahar etmək üçün maşını köhnə bir mehmanxananın qarşısında saxladı. Nahardan sonra sürücünün dostu olan mehmanxana sahibi dedi:
– Deməli, Kimsəsiz dağa gedirsiniz. Lap yaxşı. Ancaq oralarda ehtiyatlı olun!
– Kimsəsiz dağ? – Culian təəccüblə soruşdu. – Məgər Qaçaqmalçı zirvəsinin yerləşdiyi təpə belə adlanır?
– Hə, – mehmanxana sahibi cavab verdi.
– Bəs niyə ona Kimsəsiz dağ deyirlər? – Enn soruşdu. – Eşitmişik ki, əvvəllər ora ada olub.
– Qətiyyən, – mehmanxana sahibi etiraz etdi. – Qədim əfsanədə deyilir ki, bu dağ nə zamansa sahildə yerləşib. Orada pis adamlar yaşayıb, bu isə tanrıların qəzəbinə səbəb olub. Dağı dənizə atıb, ada beləcə yaranıb.
Dik söhbətə qarışdı:
– Ancaq, ola bilsin, orada yaxşı adamlar da yaşayıblar. Çünki dəniz çəkilib və indi sahildən bu təpəyə aparan quru yolu da var!
– Düzdür, ora qalxmaq üçün quru yolu var, – mehmanxana sahibi dedi, – lakin həmin istiqamətdə getsəniz, heç bir halda yoldan kənara çıxmayın! Yoxsa bataqlıq dərhal sizi dartıb özünə çəkə bilər. Belədə heç qışqırıb kömək istəməyə də macal tapmazsınız!
Corc