Название | Taun |
---|---|
Автор произведения | Альбер Камю |
Жанр | |
Серия | Dünya ədəbiyyatından seçmələr |
Издательство | |
Год выпуска | 0 |
isbn | 9789952243963 |
Onlar qonşu otağa keçdilər. Qısaboy, gonbul bir kişi dəmir çarpayıda uzanmışdı. Nə çox hündürdən yıxılmış, nə də ağır zədə almışdı, boğaz damarları kəndirə tab gətirmişdi. Amma hər halda, boğulma qalmışdı. Kardioqramma çıxarmaq lazım idi. Həkim kamfora iynəsini vurub dedi ki, bir neçə günə hər şey qaydasına düşəcək.
Ryö polisə xəbər verilib-verilmədiyini soruşdu. Bu vaxt xəstə dirsəklənib oturdu, dedi ki, xəbər verməyinizə dəyməz.
– Narahat olmayın, – Ryö onu sakitləşdirmək istədi, – burada elə bir şey yoxdur. Mən, sadəcə, xəbər verməyə borcluyam.
Kotar göz yaşı tökə-tökə dedi ki, daha belə iş görməyəcək, bu da bir ağılsızlıq idi. İndi isə istəyir ki, ondan əl çəksinlər. Ryö ona dərman yazıb dedi:
– Yaxşı, razılaşdıq, xəbər vermərəm. İki-üç gündən sonra sizə baş çəkəcəyəm. Bir də belə səfehlik etməyin.
Pilləkəni düşəndə həkim Qrana dedi ki, polisə xəbər verəcək, amma rəisdən xahiş edəcək, istintaq üçün iki gün sonra gəlsin. Ardınca əlavə etdi:
– Bu gecə onu nəzarətdə saxlamaq lazımdır. Ailəsi varmı?
– Ailəsini tanımıram. Amma özüm ona keşik çəkərəm. – Sonra çiyinlərini çəkdi.– Düzünə qalsa, onu elə də yaxşı tanımıram. Amma gərək dar ayaqda bir-birimizə kömək edək.
Ryö prefektura işçisinin əlini sıxdı. Həkim arvadına məktub yazmazdan əvvəl dalandara baş çəkməyə tələsirdi.
Axşam qəzetlərini satanlar qışqırırdılar ki, siçovulların hücumu dayanıb. Ryö dalandarın evinə girəndə gördü ki, kişi qarnını tutub çarpayıdan aşağı əyilərək, gücənə-gücənə yerdəki ləyənə qırmızı maye qusur. Hərarəti otuz doqquz yarım idi, boynundakı limfa vəziləri, oynaqları xeyli şişmiş, yanlarında iki qara ləkə əmələ gəlmişdi. Dalandarın arvadı yaxınlaşıb kədərli səslə soruşdu:
–Həkim, ona nə olub?
–Hər şey ola bilər. Hələ bir söz deyə bilmərəm. Axşama qədər pəhriz saxlasın, mədəsini yuyun. Çoxlu su verin.
Evə qayıdan kimi şəhərin ən tanınmış həkimlərindən olan Rişara zəng vurub soruşdu:
– Yüksək hərarətli, qızdırmalı xəstəniz yoxdur?
– Var, limfa düyünləri iltihab eləmiş iki xəstəm var.
– Normadan artıq?
– Hm… Bilirsiniz, norma deyəndə…
Axşamüstü dalandarın hərarəti qırx dərəcəyə qalxdı; o zarıyır, siçovullardan şikayətlənirdi.
– Onu gözdən qoymayın, – həkim xəstənin arvadına dedi, – vəziyyəti ağırlaşsa, mənə xəbər verin.
Ertəsi gün, aprelin 30-da yaza xas ilıq meh əsirdi. Külək şəhər ətrafından gül-çiçək ətri gətirirdi. Dalandarın mənzilinə düşdü, məlum oldu ki, xəstənin hərarəti səhər otuz səkkiz dərəcəyə enib. Ryö bir az rahatlaşdı.
– Həkim, vəziyyət düzəlir? – dalandarın arvadı soruşdu.
– Gözləyək, görək nə olur.
Lakin günorta xəstənin hərarəti qəfil qırx dərəcəyə qalxdı, ara vermədən sayıqlamağa və qusmağa başladı. Ağrıları daha da artmışdı. Həkim dedi:
– Onu mütləq təcrid eləmək lazımdır. İndi xəstəxanaya zəng edərəm, təcili yardım maşını ilə apararıq.
İki saat sonra təcili yardım maşınında həkimlə dalandarın arvadı xəstənin üstünə əyilmişdilər. Xəstənin uçuqlamış, şişmiş dodaqlarından kəsik-kəsik “Siçovullar! Siçovullar” sözü qopurdu. Ev xidmətçisi sanki gözəgörünməz, ağır bir yükün altında boğulurdu.
– Deməli, daha ümid yoxdur, həkim? – arvadı ağladı.
– O öldü, –həkim cavab verdi.
5
Dalandarın ölümü, demək olar, anlaşılmaz bir dövrə son qoydu və daha çətin dövr başladı. Bu yeni dövrdə təəccüb və anlaşılmazlıqlar yavaş-yavaş həyəcana, qorxuya çevrildi. Sakinlərin çoxu cənab Mişelin açdığı yolla həyatdan getməyə başladılar.
Sonrakı əhvalatların ətraflı təsvirinə başlamazdan əvvəl, hekayəçi həmin dövr haqqında başqa bir şahidin fikirlərini bölüşməyi də məsləhət bilir. Söhbətin əvvəlində adını çəkdiyimiz Jan Taru Oran şəhərinə fövqəladə hadisələrdən bir neçə həftə əvvəl gəlmişdi. Elə o vaxtdan da mərkəzdəki iri mehmanxanalardan birində yaşayırdı. Davranışından hiss olunurdu ki, öz qazancı ilə sərbəst dolanmaq imkanı var. Şəhər camaatı ona yavaş-yavaş öyrəşdi, heç kimin ağlına gəlmədi ki, haradan və nə üçün gəldiyi ilə maraqlansın. Ona şəhərin bütün ictimai yerlərində rast gəlmək olardı. Yazın əvvəlindən tez-tez çimərliyə gedir, üzməkdən ləzzət alırdı. Bu gülərüz adam hər cür əyləncəyə qoşulsa da, onun aludəçisi olmurdu… Onun bircə vərdişi vardı: şəhərimizdə çox olan ispan rəqqas və musiqiçilərinə tez-tez baş çəkirdi.
Jan Tarunun gündəliyində həmin çətin günlər barədə qeydlərə rast gəlinir. Ancaq müəllif bu qeydlərində sanki qarşısına hər şeyi gözdən salmaq məqsədi qoyub. Buna baxmayaraq, elə qeydlər də var ki, əhəmiyyətsiz sayılsa belə, həmin dövrün hadisələrini necəsə tamamlaya bilər.
Jan Tarunun ilk qeydləri Orana gəldiyi vaxta aiddir. Həmin qeydlərdən hiss olunur ki, gözəlliyi ilə heç göz oxşamayan bir şəhərə gəldiyindən məmnundur. Şəhərin ağacsız, binaların yaraşıqsız olması, səfeh bir plan üzrə tikilməsi barədə həvəslə söhbət açırdı. Taru tramvayda və küçələrdə eşitdiyi söhbətləri də heç bir izahat vermədən qələmə almışdı.
Pəncərəsi ilə üzbəüz eyvanda hər gün baş verən hadisə isə onun diqqətini xüsusi çəkmişdi. Tarunun pəncərəsi divarların kölgəsində pişiklərin uzanıb mürgü döydüyü dalana baxırmış. Hər gün nahardan sonra bütün şəhər sakinləri istidən daldalanarkən qarşı tərəfdəki eyvana qoca bir kişi çıxarmış. Ağ saçları səliqə ilə daranmış, ciddi görkəmli, hərbçilər kimi şax duruşu olan bu kişi eyvanda dayanıb pişikləri çağırarmış. O, kağız vərəqələri doğrayıb aşağıya səpələyər, pişiklər uçuşan kağızlara tərəf gələndə aşağıya tüpürər, tüpürcəyi pişiklərin birinin üstünə düşsə, uğunub gedərmiş.
Tarunun gündəliyində siçovullar barədə də qeydlər var: “Bu gün üzbəüzdəki qocanın heç kefi yoxdur: pişiklər daha görünmürlər; küçələrə səpələnmiş çoxlu siçovul ölüsünə görə yoxa çıxıblar. Qoca onları görmədiyindən pərişan olub; həmişəki əhvali-ruhiyyədə deyil. Hiss olunur ki, nigarandır. Eyvanda bir az dayanıb içəri qayıtdı. Amma qayıtmazdan əvvəl boş küçəyə tüpürdü də.
Mehmanxanada gecə qarovulçusu işləyən abırlı bir kişi mənə dedi ki, bu siçovul əhvalatı nə isə bir bəla gətirəcək. Soruşdum ki, axı nə bəla baş verə