Attila. Erik Deşodt

Читать онлайн.
Название Attila
Автор произведения Erik Deşodt
Жанр
Серия Tarixi yaradanlar
Издательство
Год выпуска 0
isbn 9789952244533



Скачать книгу

dibindəki ən xırda əşyaları seçirlər» – Apollinari qeyd edir.

      O, hun oxçularının məharətindən isə hətta Marsellindən də həyəcanlı şəkildə danışır: «Böyük yay və uzun oxla silahlanmış hun heç vaxt hədəfdən yayınmır. Kimi nişan aldısa, vay halına, oxu onu öldürəcək!»

      Sonda isə bəlağətli şəkildə elan edir: «Hun – piyada ikən kiçikdir, lakin at belində böyükdür!»

      Romanın parçalanması

      Qərbi hunlar Dunay çayının digər sahilindəki Roma torpaqlarının içərilərinə soxulmağa tələsmirdilər. Onların bu təmkini təəccüb doğurur: axı təbiət etibarilə kəmhövsələ olduqlarını yuxarıda yazmışıq. Hər halda, hunlara xas olmayan səbirliliyin səbəbi qorxu ola bilməzdi. Hunlar hara, qorxu hara!

      Üstəlik, bir müddət əvvəl onların qabaqlarına qatıb qovladıqları vestqotlar 378-ci ildə Roma ordusunu darmadağın etmişdilər. Bu da azmış kimi Roma imperatoru Valent indiki Türkiyə ərazisində yerləşən Ədirnə şəhəri (ovaxtkı adı Adrianopol) yaxınlığında baş tutan həlledici döyüşdə həlak olmuşdu. Vestqotlar Frakiyada6 və Konstantinopolun (indiki İstanbulun) bir addımlığında əməllicə meydan sulayırdılar. Balamirin başçılığı altında olan hun atlılarının əlindən qurtulmağa çalışarkən itirdiklərinin əvəzini birə yüz qat çıxırdılar.

      Yaxşı, vestqotlar bunu bacardığı halda doğrudanmı hunların əlindən heç nə gəlməzdi? Əlbəttə, gələrdi. Həm də artıqlaması ilə! Bəs onlar nəyi gözləyirdilər? Böyük ehtimalla hunlar daha əlverişli məqam gözləyirdilər. Ola bilsin, səbəblərdən biri də vestqotlara məğlubiyyətdən sonra Roma imperiyasının qısa vaxtda özünə gələ bilməsi və daha da güclənməsi idi. Unutmayaq ki, Valentin ölümündən sonra taxta I Feodosi çıxmışdı. Yeni imperator mahir hərbçi idi və təsadüfi deyil ki, tezliklə «Böyük Feodosi» kimi ad çıxaracaqdı.

      O, 380-ci ildə bütpərəstlərin təqibinə və xristianlığı gücləndirməyə başladı. Özünə qarşı müxalifləri sərt şəkildə cəzalandırdı. Təsəvvür edin ki, qətlə yetirilmiş sərkərdələrindən birinin qisasını almaq üçün nə az, nə çox, düz yeddi min salonikilini7 edam etdirmişdi.

      Hunlara gəlincə I Feodosi gələcək təhlükəni indidən görürdü, odur ki onların arasına ixtilaf salmaq üçün dəridən-qabıqdan çıxırdı. Bu gediş öz bəhrəsini verdi: hunların arasında parçalanmalar yarandı və Roma dərindən nəfəs aldı.

      Nəhayət, 394-cü ildə Böyük Feodosi qərar verdi ki, ölümündən sonra imperiyanın ərazisi iki oğlu arasında bölüşdürülsün. Onun vəsiyyətinə görə, kiçik oğlu Arkadi paytaxtı Konstantinopol olmaq şərtilə Şərqi Romaya hökmranlıq edəcəkdi. Böyük oğlu Honori isə Roma və Ravenna şəhərləri daxil olmaqla imperiyanın qərbinə sahib çıxacaqdı.

      Bundan dörd ay sonra, 17 yanvar 395-ci ildə Böyük Feodosi Milanda vəfat etdi.

      Elə həmin ildə dünyaya Attila gəldi. O böyüyəcək və Feodosinin vəsiyyəti ilə ortaya çıxan iki imperiya ilə savaşmalı olacaqdı.

      Attila kim idi

      Attila hökmdar soyundan gəldiyini iddia edirdi. Di gəl, onun mənsub olduğu xalq yetkin idarəçilik anlayışından uzaq idi. Elə isə, Attila hökmdar soyundan gəldiyini söyləyərkən nəyi nəzərdə tuturdu? Bəlkə, atasının – Mundzukun (Muncuqun) bir neçə tayfaya başçılıq etməsini?

      Məsələ burasındadır ki, V əsrin əvvəlində Balamir dünyasını dəyişdi. Bundan sonra Puştadakı hun ordasını8 dörd qardaş idarə edirdi: Oktar, Ruas, Aybars və Mundzuk. Onlar Roma imperiyası ilə mehriban münasibətlər qurmağı bacarmışdılar. Nəticədə tərəflər dinc şəraitdə yaşayırdılar.

      Düzünə qalsa, bu vəziyyət qardaşlardan ən böyüyünün – Oktarın heç də ürəyincə deyildi. O, Romaya qarşı mülayim münasibəti həzm edə bilmirdi. Buna görə də tez-tez qardaşları ilə sözü çəp gəlirdi. Çox keçmədən Oktar onların acığına tez-tez Dunayın qarşı sahilinə keçməyə, qotlar və burqundlar üzərinə hücum etməyə başladı. Hər iki tayfa romalıların müttəfiqi hesab olunurdu.

      Qardaşlar arasında Mundzuk iti mühakiməsi ilə seçilirdi, odur ki əsas söz sahibi sayılırdı. Aybars, belə demək mümkündürsə, «daxili işlər»lə məşğul idi. Ruas isə «ali hökmdar» hesab olunurdu: başqa dövlətlərlə danışıqlar aparır, xüsusən Qərbi Roma imperatoru Honori ilə dostluq əlaqələri qururdu.

      Eyni vaxtda başqa bir hun ordasının başçısı Uldin də romalılarla müttəfiqliyə can atırdı. O elə hey imperatora öz xidmətlərini təklif edir və onun dəstəyi ilə daha da güclənməyə ümid bəsləyirdi. Lakin Qərbi Roma hökmdarı Uldini yaxına buraxmaq istəmirdi.

      Attilanın uşaqlığı və yeniyetməliyi bu cür gərgin, maraqlı hadisələr fonunda keçmişdi.

      Əlbəttə, kitabımızın sonrakı səhifələrində biz bu qüdrətli hun haqqında ətraflı danışacağıq. Lakin bəri başdan bir neçə qeydi oxucuların ixtiyarına çatdırmağı önəmli sayırıq: Attila Uraldan Dunayacan uzanan geniş ərazidə böyük bir imperiya yaratmışdı. Cəmi bir neçə il ərzində iki böyük dövləti diz çökdürmüşdü. Qərbə sonuncu yürüşü ərəfəsində 58 yaşında vəfat etmiş, ölümü ilə birlikdə qurduğu imperiya da dağılmışdı. Hunlar isə tarix səhifələrindən biryolluq silinmiş, az qala əfsanəyə dönmüşdülər.

      Müasirləri, Attilanı öz gözləri ilə görənlər onun zahiri görkəmini belə təsvir ediblər: iri başı varmış, sifəti üçbucaqlını xatırladırmış. Keçi saqqalına bənzər sivri saqqal saxlayırmış. Baxışı iti, kürəyi xeyli enli imiş.

      Şahidlər təsdiqləyir ki, o, yunanca və latınca danışa bilirdi. Qaniçənliyinə gəlincə isə deyirlər ki, nə qədər qəddar olsa da, bu məsələdə Roma imperatorlarının çoxuna çatmazmış. Halbuki onların əksəriyyəti nə ağılda, nə də igidlikdə Attilanın tayı belə deyildilər.

      Attila hərbçidən daha çox diplomat idi. Dostluğa sədaqəti, qadınlara qarşı nəzakəti, ailə başçısı kimi qayğıkeşliyi və həlimliyi də öz yerində…

      Dini dünyagörüşü etibarilə dədə-babalarının inanclarına sadiq idi. Həmin inanca görə, hunların əcdadı boz qurd idi. Min il sonra Çingiz xan da öz kökünün boz qurddan gəldiyinə inanırdı. Müasir monqollarda bu inanc hələ də yaşamaqdadır.

      Başqa sözlə, o, Allaha inanmırdı, lakin inananlara qarşı da dözümsüz yanaşmırdı. Əbəs yerə demirlər ki, Attila çox qan töküb, ancaq dini baxışlarına görə bir nəfəri də cəzalandırmayıb.

      Attilanın kimliyini ifadə eləmək üçün «böyük siyasətçi» ifadəsi belə çox acizdir. Onun şəxsiyyətinin cazibəsindən çıxmaq nəinki çətin məsələ idi, hətta mümkün deyildi…

      Attilanın doğuluşu

      Hunların ən qüdrətlisi olan Attila 395-ci ildə Avropanın mərkəzində, Dunayın sol sahilində, müasir Avstriyanın Lints şəhərindən şimalda ağacdan tikilmiş sarayda dünyaya gəlib. Böyük alman bəstəkarı Motsartın (1756–1791) simfoniyalarından biri bu şəhərin şərəfinə eyni adı daşıyır. Attilanın



<p>6</p>

Frakiya – Cənub-Şərqi Avropada Bolqarıstan, Şimal-Şərqi Yunanıstan və Türkiyənin Avropa qitəsindəki torpaqlarını əhatə edən tarixi bölgə

<p>7</p>

Saloniki – e.ə. 315-ci ildə Makedoniya hökmdarı Kassandr tərəfindən əsası qoyulmuş yunan şəhəri

<p>8</p>

Orda – türk və monqol xalqlarında hərbi-inzibati təşkilatlanma forması; köçəri düşərgəsi