Hekayələr. Эрнест Сетон-Томпсон

Читать онлайн.
Название Hekayələr
Автор произведения Эрнест Сетон-Томпсон
Жанр
Серия Hekayə ustaları
Издательство
Год выпуска 0
isbn 9789952242881 



Скачать книгу

danışdığım Gümüşxal özünə yaşayış yeri kimi Toronto yaxınlığında çoxlu şamağacı ilə örtülmüş Kestl Frank təpəliyini seçmiş böyük qarğa sürüsünün başçısı idi. Onun sürüsündə iki yüzə yaxın quş vardı. Qış sərt keçməyəndə qarğalar Niaqara sahillərində qalırdılar, şaxtalı qışlarda isə daha cənuba köç edirdilər. Lakin hər il fevralın son həftəsi qoca Gümüşxal özünün bütün dəstəsini toplayıb quşları Torontonu Niaqaradan ayıran qırx millik su hövzəsinin üzərindən cəsarətlə keçirirdi. Amma heç vaxt düz xətt boyunca uçmur, bir qədər qərb tərəfə meyillənərək şamağacı ilə örtülmüş təpəni görənədək özü üçün nişanə kimi seçdiyi Dendas dağını gözdən qaçırmırdı. Hər il öz sürüsü ilə bu təpəyə gəlib altı həftəyə yaxın bir müddəti orada yaşayırdı. Hər səhər qarğalar üç dəstəyə bölünür, yem dalınca çıxırdılar. Dəstələrdən biri cənuba – Atbric buxtasına, digəri şimala – Don çayı səmtinə, üçüncüsü, ən böyüyü isə şimal-qərbə uçurdu. Üçüncü dəstəyə Gümüşxalın özü başçılıq edirdi. Digər dəstələrin başında kim dururdu, bundan xəbərim yoxdur.

      Əgər səhər açılanda hava sakit olurdusa, qarğalar lap göyə millənir, tez də uçub gedirdilər. Küləkli havalarda isə quşlar küləkdən dərədə qorunaraq alçaqdan uçurdular. Mənim pəncərələrim də elə həmin dərəyə açılırdı. Qoca dəstəbaşını ilk dəfə l885-ci ildə gördüm.

      Bu yerlərə yaxınlarda gəlmişdim və burada çoxdan yaşayan birisi dəstəni göstərərək belə dedi:

      – Bax o qoca qarğa iyirmi ildən çoxdur ki, ilin bu vaxtı dərənin üstü ilə uçur.

      Gümüşxal həmişə inad göstərib köhnə yolu ilə uçurdu, baxmayaraq ki dərədə artıq məskunlaşanlar vardı, evlər tikilmişdi və mən də tezliklə onu yaxşı tanıyaraq başqa quşların arasından seçməyə başladım. Mart ayında və aprelin birinci yarısında, sonra isə yayın axırı və payızın əvvəlində hər gün iki dəfə mənim yanımdan ötürdü.

      Onun bütün hərəkətlərinə göz qoyur və dəstəsinə necə əmrlər verdiyini eşidirdim. Yavaş-yavaş anladım ki, qarğalar çox ağıllıdırlar, özlərinin dili və insanlarınkına çox bənzəyən ictimai quruluşları var.

      Bir dəfə dərənin üstündən keçən hündür körpüdə durmuşdum. Küləkli bir gün idi, birdən gördüm ki, qoca qarğa sərgərdan dəstəsinin başında evə dönür. Hələ yarım millik məsafədən onun razılıq dolu, mənası “Hər şey yaxşıdır, yolunuza davam edin!” olan qarıltısını eşidə bildim.

      Gümüşxal “Qar, qar!” edərək qarıldayır, onun köməkçisi isə dəstənin lap axırından başçının komandasını təkrarlayırdı. Yuxarılarda bərk külək olduğundan onlar alçaqdan uçurdu. Lakin üzərində durduğum körpü quşları daha yüksəklərə qalxmağa məcbur etdi. Gümüşxal məni gördü və onlara diqqətlə baxmağım heç xoşuna gəlmədi. Uçuşunu ləngidib qışqırdı: “Qar!”, yəni “Ehtiyatlı olun!” və elə həmin an da yuxarı milləndi.

      Lakin mənim silahlı olmadığımı görəndə aşağı enərək lap başımın üstündən keçdi və qalan qarğalar da belə etdi. Körpünün üstündən keçən kimi dəstə əvvəlki hündürlüyə endi.

      Ertəsi gün həmin yerə gəlib yenə körpünün üstündə dayandım. Qarğalar yaxınlaşanda əlimdəki ağacı qaldırıb özümü elə göstərdim ki, guya quşları nişan alıram. Qoca dəstə başçısı elə o dəqiqə öz çığırtısı ilə hamını xəbərdar etdi. Elə bil deyirdi: “Özünüzü gözləyin – tüfəng!”

      Köməkçisi bu çığırtını təkrar etdi və dəstədəki hər bir quş yüksəyə qalxıb güllə mənzilindən uzaqlaşdı. Təhlükəli yeri keçəndən sonra onlar yenə özlərini təhlükəsizlikdə hiss etdikləri vadiyə sığındılar.

      Başqa bir dəfə vadi üzərindən ötərkən onların yolunun üstündə olan ağaca bir qızılquyruq qırğı qondu. Qoca qarğa elə həmin an çığırdı: “Qırğı! Qırğı!” – və uçuşunun sürətini azaltdı. Qalan qarğalar da ona çatanda eyni şeyi etdilər. Bütün dəstə sıxlaşdı. Qarğalar sıx uçanda qırğı təhlükəli olmur. Lakin dörddəbir mil sonra quşlar əlitüfəngli adam gördülər və elə həmin an məxsusi, ciddi təhlükədən xəbərdar edən qarıltı səsləndi. Sanki başçı öz dəstəsinə belə deyirdi: “Ehtiyatlı olun! Tüfəng! Müxtəlif səmtlərə dağılın!” Bu çığırtı kəskin idi, bir neçə dəfə təkrarlandı: “Qa, qa, qa, qa, qarr!”

      Qarğalar da o dəqiqə yuxarı, yanlara seyrələrək çağırışa tabe oldular və bu minvalla güllə məsafəsindən uzaqlaşdılar.

      Bu dəstə ilə uzun müddət tanışlıqdan sonra qoca başçının işarələrindən çoxunu öyrənmişdim, onları fərqləndirə bilirdim. Əmin oldum ki, zahirən bir-birindən az fərqlənən səslər, əslində, tamam başqa mənaları ehtiva edir; məsələn, bəlli vəziyyətdə qarıltı qırğının, ya da hər hansı başqa təhlükəli heyvanın göründüyünə dəlalət edirsə, başqa halda “Dön!” mənasında olur. Görünür, burada iki siqnal qarışır: biri – təhlükə bildirən, ikincisi – geri çəkilməyə işarə edən. Sadə qarıltı – «Qar, qar!» isə “Salam!” mənası daşıyır və yanından ötən yoldaşa ünvanlanır. Daha bir qarıltı var və bu komanda, adətən, bütün dəstəyə verilir, onun mənası isə “Diqqət!”dir.

      Aprelin ilk günlərində qarğalar arasında yaman çaxnaşma başlandı. Qarğalar səhər açılandan axşamadək yem dalısınca uçmaq əvəzinə, günün yarısını şamağaclarının arasında keçirirdilər. İkibir-üçbir bir-birini qovur, hərdən isə elə bil uçuşda yarışırdılar. Onların sevimli əyləncəsi yüksəklikdən qoparaq budaqda əyləşən başqa bir qarğanın üstünə şığımaq, lap çatanda isə son anda, aralarında tük qədər məsafə qalanda yolunu dəyişərək qəflətən sürətlə göyə millənmək idi. Qalxanda elə bərk qanad çalırdılar ki, səsi uzaqdan eşidilən ildırımın sədasını andırırdı. Bəzən görürdün ki, qarğalardan biri lələklərini qabardıb başını yana əyir və başqa qarğaya lap yaxın uçaraq sürəkli bir qarıltı çıxarır: “Qr-r-r-ay!”

      Bütün bunların mənası nə idi? Tezliklə məsələnin nə yerdə olduğunu öyrəndim. Bu, erkək quşların dişilərə qulluq göstərdiyi mövsüm olurdu. Erkək qarğalar qanadlarının, səslərinin gücünü nümayiş etdirirdilər və görünür ki, nümayiş etdirdikləri istedadları layiqincə qiymətləndirilirdi, çünki aprelin ortasında qarğalar cüt-cüt bölünərək müxtəlif səmtlərə uçub getdilər ki, bal aylarını sakitlikdə keçirələr. Kestl Frankın tündrəngli, qoca şamağacları boşaldı.

2

      Şəkərdağ adlı təpə Don çayının vadisində tənha ucalır. Onun üzəri Kestl Frankın meşələrinə qovuşan meşəliklə örtülüb. Bu iki meşə arasındakı sahədə təpəsində tərk edilmiş qırğı yuvası olan bir şamağacı var. Torontodakı hər məktəbli bu yuvaya yaxşı bələddir, amma kimsə onun yaxınlığında həyat nişanəsi görməyib; bircə mən bir dəfə orada qara dələ vurmuşam. Bu köhnə, yarıuçuq yuva illər uzunu orada idi. Amma hər halda, hələ sona kimi dağılmamışdı.

      Bir may səhəri dan yeri söküləndə evdən çıxaraq meşə ilə sakitcə getməyə başladım. Yerə tökülərək