Hekayələr. Фазиль Искандер

Читать онлайн.
Название Hekayələr
Автор произведения Фазиль Искандер
Жанр
Серия Hekayə ustaları
Издательство
Год выпуска 0
isbn 9789952242584 



Скачать книгу

o zaman ağır xəstəlikdən yenicə dirçələn Rusiyanın solğun çöhrəsini xatırladırdı.

      Bir dəfə Tolstoyun «Tövbə»sini oxuduqdan sonra öz «Tövbə»mi yazmışam. Bu heç də yalnız Tolstoyun təsiri deyildi, sadəcə olaraq o vaxt məndə belə bir inam var idi ki, tövbə etməyə mənim də kifayət qədər əsasım var. Yadımdadır, onun sırtıq arvadı mənə – doqquzuncu sinif şagirdinə – gülürdü, özü isə bərkdən şaqqanaq çəkmişdi.

      Kamal bizim aerodromlardan birində işə düzəldi, sonra nə isə onunku güləyən ilə tutmadı və onlar ayrıldılar. Arvad Moskvaya getdi, Kamal isə yenidən, özü də bu dəfə birdəfəlik evləndi. O vaxtlar məlum oldu ki, Yeseninin kitabı haqqında fikirlərimdə səhv etmişəm.

      XX qurultaydan sonra abxaz ziyalılarına böyük ehtiyac duyuldu və birdən məlum oldu ki, abxaz ziyalıları, demək olar, tamamilə Beriya tərəfindən məhv edilmişlər. Milli mədəniyyəti isə qaldırmaq lazım idi. Kamalı təcili surətdə hava limanından götürüb yerli nəşriyyatın redaktoru vəzifəsinə təyin etdilər. Orada o, tez bir zamanda baş redaktor vəzifəsinə qədər yüksəldi. Bunun üçün o, kifayət qədər savadlı idi, zövqü də pis deyildi. Abxaz dilini isə çox yaxşı duyurdu.

      Kamalın o zaman tanınmış yazıçılarla toqquşmaları olurdu. Mən ona xəbərdarlıq etmişdim ki, bütün bunlar pis qurtara bilər.

      – Gənc yazıçılara kömək eləyirsən, bəsdir, – deyə mən qəzetçilik işində müəyyən təcrübəsi olan adam kimi öz məsləhətimi verirdim. – Qurdlara ilişmə, yeyərlər səni.

      O mənə öküz gözləri ilə elə baxırdı ki, sanki mən dəli olmuşdum və ona təklif edirdim ki, təyyarə sükanının arxasına təcrübəsiz adamı əyləşdirsin, yalnız ona görə ki həmin adam rəisdir. Ancaq nahaq, çox nahaq elə baxırdı.

      Təxminən bir ildən sonra o, tanınmış yazıçılardan birinin kitabına geniş rəy yazdı və sübut etdi ki, kitab başdan-ayağa cəfəngiyatdır. Yazıçı əvvəlcə bu məqaləyə təəccüblənmədi, elə düşündü ki, məqalə müəllifi güclü düşmən qrupunun əli ilə işləyir. Əyalətlərin ədəbi ictimaiyyətində həmişə bu cür iki düşmən qrupu olur.

      Yalnız bir ildən sonra «dahi» yazıçı yəqin elədi ki, Kamal düşmən dəstə ilə heç tanış da deyil və qan vurdu onun beyninə. Özünə gəldikdən sonra o, redaktora qarşı bütün fitnə-fəsadını işə saldı. Fleqmatik təbiətli Kamal iki il ərzində ayı arılardan qorunurmuş kimi fitnəkarları qovmağa çalışdı. Nəhayət, dözmədi və yenidən aerodroma tərəf yön aldı, lakin çəkisi xeyli artdığından və uçuş sürətini itirdiyindən qovşaqçı vəzifəsinə düzəldi.

      Kamal indiyə qədər orada işləyir və buna görə də biz əsas söhbətimizə, yəni «Amra» restoranına (yuxarı mərtəbəyə) qayıda bilərik. Xatırladaq ki, bugünkü məclisimiz Emuxvarinin knyaz nəslinin nümayəndəsi kimi avtomobil müfəttişliyi rəisinin marksizmdən sapmış psixikasına müvəffəqiyyətli təzyiqi münasibətilə qurulmuşdu.

      Elə təsəvvür yarana bilər ki, qonaqlığı Kamal verirdi. Ancaq bu, tamamilə yanlış təsəvvürdür. Kamal elə bir adamdır ki, ona xeyirxahlıq edən adam üstəlik bir qonaqlıq vermək arzusuna da düşür.

      Zənnimcə, əsrimizin bir xəstəliyi var – onu psixiatrlar hələ açmayıblar. Bu xəstəliyi mən indi kəşf etdim və mən də ona «Piza qülləsi xəstəliyi» adı verirəm (xahiş edirəm, sovet elminin bu sahədə birinciliyini qeyd edəsiniz).

      Bizim dövrün adamı öz ətrafında daim qeyri-sabitlik hiss edir. Ona elə gəlir ki, bugün-sabah hər şey dağılmalıdır, ancaq nədənsə dağılmır. Beləliklə, ömür sürdüyü həyat ona ikiqat əzab verir: bir tərəfdən dağılmaq təhlükəsi ilə, digər tərəfdən dağılmamağı ilə.

      Bu Piza xəstəliyinə tutulmuş adam Kamalla görüşüb tanış olduqdan sonra hiss edir ki, hələ hər şey itirilməyib, bu dünyada möhkəm, sabit, etibarlı hadisələr və adamlar var. Müvəqqəti olaraq «Piza tutması» adamı buraxır, o, Kamalın kölgəsində dincəlir və təbii ki, bu istirahəti bir qədər uzatmağa çalışır.

      Beləcə biz «Amra» restoranına gedirdik. Qapının ağzında o vaxtlar hələ tanınmamış fotoqraf Xaçikə rast gəldik. Knyazı görən kimi o, tez-tez müştərilərinin şəklini çəkib uzun ayrılıqdan sonra öz doğma ağasını görmüş nökər sevinci ilə onu qucaqlamağa cumdu. Xaçik boydan balaca idi, elə bil yeniyetməlikdən çıxmamış qocalmışdı, ancaq cəldliyini itirməmişdi.

      Söz yox ki, o bizimlə restorana qalxdı və bu andan etibarən heç kimi, o cümlədən Kamalı da (əgər onun ağlına belə bir şey gəlsəydi) əlini cibinə salmağa qoymadı.

      Məclis zamanı Xaçik öz keçmiş müdirinin şərəfinə bir neçə bəlağətli sağlıq dedi və ərz etdi ki, qırx il ərzində nə ona qədər, nə də ondan sonra belə müdir görməyib.

      Knyaz Emuxvari təkəbbür qarışıq bir iltifatla gülürdü. Boz eynəyi onu öz doğma şəhərinə düşmüş neorealizm dövrünün italyan Hollivud aktyoruna bənzədirdi; bu şəhərdə onu köhnə filmlərinə görə xatırlayır və sevirdilər.

      Mən müdir-knyaza olan bu sonsuz məhəbbətin səbəbini aydınlaşdırmağa çalışdım, Xaçik isə zəhmli təəccüblə mənə baxıb əlini knyaza uzadaraq qışqırdı:

      – Büllur kimi qəlbi var! Sadədir, sadə!

      Düzdür, knyaz eşiyə çıxanda Xaçik, görünür, mənim suallarımdan canını qurtarmaq üçün dedi:

      – Beş il ərzində bir dəfə də olsun knyaz fotoqrafdan pul istəməyib. Nə verərdilər götürərdi. Ancaq özü istəməzdi. Başqa direktorlar axşam atelyeyə gələn kimi yapışırlar adamın yaxasından: pul, pul! O isə sadədir! Bir dəfə də istəməyib! Büllur kimi qəlbi var!

      Sandro əmi onun sözlərini bu cür şərh etdi:

      – Heç nəyə ehtiyacı olmayan adama hər şeyini itirdikdən sonra hələ qırx il elə gəlir ki, onun heç nəyə ehtiyacı yoxdur. Lüt isə varlandıqdan sonra hələ qırx il özünü lüt sanır.

      Sandro əmi, əlbəttə, haqlıdır. Sadəlik mənəvi kamilliyi dərk etməyin qanunauyğun nəticəsidir. Bu dərketmənin, doğrudur, həmişə yox, ancaq əksər hallarda zadəgan mənşəli adamlara xas olması heç də təəccüblü deyil. Meşşan heç vaxt sadə olmur. Bu da onun daxilən yarımçıq olmasından irəli gəlir. Ancaq əgər xüsusi istedadı sayəsində bu yarımçıq şüurdan xilas olursa, onda o da Çexov kimi sadə və təbii olur.

      Bunlar öz yerində, gəlin məclisimizə qayıdaq. Məclis isə bir şüşə erməni konyakından və türksayağı dəmlənmiş qəhvədən başlandı, sonra hər şey öz təbii axarında davam etdi. Məclis zamanı Xaçik azı on dəfə bizi müxtəlif rakurslarda çəkdi, hər dəfə də çalışırdı ki, knyaz tən ortaya düşsün. Hərdən qəhvə dəmləyən Akop ağa da bizə qoşulurdu. Bu hündürboy qoca vaxtaşırı bizimlə yanaşı oturur və hər dəfə mütləq ermənilər haqda söhbət açırdı. Onun sifəti sanki qəhvə buxarından və vaxtilə qovulduğu Yaxın Şərq ölkələrini gəzib-dolaşmaqdan quruyub qəhvəyi rəng almışdı. Akop ağanın ehtiraslı erməni vətənpərvərliyi təsirli və gülməli idi. Onun fikrincə, ermənilər çox pis xalqdır, çünki erməni üçün heç nə etmək istəmir. Onun ermənilərə olan acı iddiaları, adətən, İkinci Tiqranla başlayıb Tiqran Petrosyanla qurtarırdı. Akop