Название | Hekayələr |
---|---|
Автор произведения | Иван Бунин |
Жанр | |
Серия | Hekayə ustaları |
Издательство | |
Год выпуска | 0 |
isbn | 9789952242621 |
Evin yanından ötərək artıq səmanın qərb tərəfinə keçən günəş öz iynəyarpaqlı budaqları ilə eyvana kölgə salan şamağacları ilə ağ şamların diblərinə parlaq işıq saçırdı. Onların altındakı gərməşov kolları da lap yaysayağı şüşə kimi parıldayırdı. Masanın üstünə salınmış ağappaq süfrəyə zəif kölgə, bəzi yerlərinə isə hərarətli işıq ləkələri düşmüşdü. Zənbilə qoyulmuş ağ çörəyin, içində mürəbbə olan tilli vazanın və fincanların üzərində arılar vızıldaşırdı. Bütün bu mənzərə gözəl kənd yayını nümayiş etdirir və necə də xoşbəxt, qayğısız yaşamaq mümkün olduğunu göstərirdi. Onun vəziyyətini, əlbəttə ki, başqalarından az başa düşməyən anasını qabaqlamaq və qəlbində qətiyyən heç bir ağır sirr olmadığını göstərmək üçün Mitya zaldan dəhlizə getdi; onun öz otağının, anasının otağının və Anya ilə Kostyanın yayda yaşadıqları iki başqa otağın qapıları dəhlizə açılırdı. Dəhliz qaranlıq idi, Olqa Petrovnanın otağı göyümtül idi. Bütün otağa evdə mövcud olan qədim mebel – şifonerlər, komodlar, böyük çarpayı ilə ikona üçün şüşəli dolab ağzına qədər sıx və səliqə ilə doldurulmuşdu. Olqa Petrovna heç vaxt bir o qədər dindarlıq göstərməsə də, ikona dolabının qarşısında, adətən, şamdan yanırdı. Açıq pəncərələrin qabağında, baş xiyabanın girəcəyi qarşısında baxımsız qalmış çiçəkliyə kölgə düşürdü, kölgəlikdən o tərəfdə nura qərq olmuş bağ təmtəraqla yaşıl və ağ rəngə boyanırdı. Cüssəli və arıq, qara və ciddi qadın olan qırxyaşlı Olqa Petrovna çoxdan öyrəncəli olduğu bütün bu mənzərəyə fikir vermədən pəncərənin yanındakı kresloda əyləşmişdi; çeşmək taxdığı gözlərini aşağı dikib toxumasına baxır, milləri iti işlədirdi.
Mitya otağa girib qapının ağzında dayanaraq dedi:
− Sən məni soruşmuşdun, ana?
Olqa Petrovna işini dayandırmadan, nəsə xüsusi bir sakitliklə cavab verdi:
− Əşi, yox, mən eləcə səni görmək istəyirdim. Axı mən indi səni nahar vaxtından başqa, demək olar, heç vaxt görmürəm.
Martın doqquzunda Katyanın dediyi sözlər Mityanın yadına düşdü. Onda Katya demişdi ki, nədənsə onun anasından qorxur; Katyanın sözlərində, şübhəsiz, mövcud olan mübhəm füsunkar mənanı xatırladı… Mitya çəkinə-çəkinə burnunun altında dedi:
− Bəlkə, sən mənə bir şey demək istəyirdin?
Olqa Petrovna dedi:
− Heç nə, təkcə onu demək istəyirdim ki, mənə belə gəlir, son günlər sən nəsə qüssələnməyə başlayıbsan. Bəlkə, bir yerə səfər edəydin… Məsələn, Meşşerskilərgilə… Evləri ərgən qızlarla doludur, − Olqa Petrovna gülümsəyərək əlavə etdi, − bir də, ümumiyyətlə, mənə qalırsa, çox mehriban və səmimi ailədir.
Mitya çətinliklə cavab verərək:
− Bu günlərdə birtəhər fürsət tapıb məmnuniyyətlə gedərəm. Lakin gedək çay içməyə, ora, eyvan çox yaxşıdır… Elə oradaca söhbət edərik, − dedi, lakin Mitya çox gözəl bilirdi ki, fərasətli, dərrakəli, təbiətən olduqca təmkinli anası bu səmərəsiz söhbətə bir daha qayıtmayacaqdır.
Eyvanda onlar, demək olar, gün batanadək oturdular. Anası çaydan sonra toxumanı davam etdirərək qonşular haqqında, təsərrüfat haqqında, Anya ilə Kostya barədə danışırdı, – avqust ayında Anyanın yenə təkrar imtahanı olmalıdır! Mitya qulaq asır, bəzən cavab verirdisə də, lakin Moskvadan yola düşməmişdən qabaq daim nə hiss edirdisə, indi də nəsə ona bənzər bir şey hiss edirdi, – elə bil ki o, yenə hansı ağır xəstəlikdənsə məst olmuşdu.
Axşam isə Mitya iki saat ara vermədən evdə dala-qabağa var-gəl edir, zaldan, qonaq otağından, istirahət otağından və kitabxanadan keçib onun bağa tərəf açıq olan cənub pəncərəsinə qədər addımlayırdı. Şamağaclarının və ağ şamların budaqları arasından zalın və qonaq otağının pəncərələrinə qürubun mülayim qırmızı şəfəqi yayılırdı, nökər otağının yanında şam yeməyə toplaşan işçilərin səsləri və gülüşləri eşidilirdi. Otaqların arasına, kitabxananın pəncərələrinə üzərində hərəkətsiz çəhrayı ulduz dayanan axşam səmasının mülayim sönük maviliyi çökürdü; ağcaqayının yaşıl zirvəsi ilə bağda çiçəklənən nə var idisə hamısının qar kimi ağ rəngi bu mavilikdə gözəl bir mənzərə yaradırdı. O isə addımladıqca addımlayır, var-gəl edir, evdə onun bu hərəkətini nə cür izah edəcəkləri barədə qətiyyən fikirləşmirdi də. Dişlərini elə qıcamışdı ki, zərbindən başı ağrıyırdı.
Bu gündən etibarən Mitya başlamaqda olan yay fəslinin onun ətrafında yaratdığı dəyişiklikləri daha müşahidə etmirdi. Bunları, həmin dəyişiklikləri o görür, hətta hiss edirdi, lakin onlar Mityanın nəzərində öz müstəqil əhəmiyyətini itirmişdi. Mitya onlardan ancaq ləzzət alırdı. Lakin iztirab çəkə-çəkə nə qədər yaxınlaşırdısa, ona bir o qədər artıq əzab verirdi. Katya artıq həqiqi bir xəyala çevrilmişdi; Katya artıq hər şeydə, hər məsələdə mənasız dərəcədə təcəssüm etməyə başlamışdı. Katyanın onun üçün, Mitya üçün artıq mövcud olmadığını, onun artıq kiminsə, başqa yad bir adamın hakimiyyəti altında olmasını, özünü və bütünlüklə ona, Mityaya mənsub edilməli olan məhəbbətini kiməsə, başqa bir adama verdiyini hər bir yeni gün daha şiddətlə, daha dəhşətlə sübut etdiyi üçün dünyada hər şey ona lüzumsuz, iztirablı görünürdü.
Gecələr o, demək olar, yatmırdı. Bu aylı gecələrin gözəlliyi misilsiz idi. Süd kimi ağaran bağ dərin sükuta qərq olmuşdu. Nəğmələrin şirinlik və zərifliyinə, onların saflığına, dəqiqliyinə, ahəngdarlığına görə bir-biri ilə yarışan gecə bülbülləri nəşədən halsızlaşaraq ehtiyatla oxuyurdular. Sakit, zərif, tamam solğun ay isə bağın üzərində alçaqda dayanmışdı, həm də mavimtraq buludların xəfif, misilsiz füsunkar titrəyişi onu daim müşayiət edirdi. Mityanın yatdığı otaqda pəncərələrə pərdə salınmamışdı, bağ da, ay da bütün gecə pəncərələrdən görünürdü. Hər dəfə gözünü açaraq aya tamaşa edəndə elə o saat, divanə kimi, fikrən: “Katya!” – deyə səslənirdi. Həm də bu adı elə vəcdlə, elə bir iztirabla çəkirdi ki, özü də dəhşətli heyrətə gəlirdi. Doğrudan da, ay ona Katyanı nəylə xatırlada bilərdi, amma ki xatırlatdı, nəyləsə xatırlatdı, hər şeydən təəccüblüsü isə bu idi ki, nəsə əyani surətdə xatırlatmışdı! Bəzən isə o, sadəcə, heç nə görmürdü: Katyanı arzulaması, Moskvada aralarında baş verən əhvalat onun varlığına elə qüvvətlə hakim kəsilirdi ki, bütün bədəni qızdırmalı kimi tir-tir əsir, özü də Allaha yalvarırdı ki, – heyhat, həmişə də əbəs yerə! – Katyanı özü ilə yanaşı, bax bu yataqda, heç olmasa, yuxuda görsün. Bir dəfə qışda Mitya Katya ilə birlikdə Sobinovla Şalyapinin iştirak etdikləri “Faust”a tamaşa etmək üçün Böyük Teatra getmişdi. Həmin axşam hər şey ayaqlarının altında açılmışdı: adam çox olduğu üçün artıq bürkülü və ətir saçan işıqlı dərin uçurum da, geyinib-kecinmiş, bəzək-düzəkli adamlarla dolu olan lojaların qırmızı məxmərli, zərli mərtəbələri də, bu uçurum üzərindəki nəhəng çilçırağın mirvari kimi parıltısı da, uzaqda, aşağıda, kapelmeysterin