Название | Hekayələr |
---|---|
Автор произведения | Эрнест Миллер Хемингуэй |
Жанр | |
Серия | Hekayə ustaları |
Издательство | |
Год выпуска | 0 |
isbn | 9789952243345 |
– Bəs onun «silahı» necə oldu?
– Polis götürdü. Qohumlarına göndərdi.
– Təsəvvürümə gətirirəm, onlar necə razı qalıblar, – mən dedim.
– Hə, – barmen dedi. – Əlbəttə. Pulverizator lazımlı şeydir.
– Bəs o bədbəxt kim imiş?
– Mebel ustası.
– Evliymiş?
– Hə, arvadı səhər polislə birgə gəlmişdi.
– Bəs arvadı nə dedi?
– Özünü ərinin üstünə atdı. Elə hey “Pedro, onlar sənin başına nə oyun açıblar, Pedro? Bunu kim edib? Ah, Pedro!” deyirdi.
– Sonra polis onu aparası oldu, özündə deyildi, – ofisiant söylədi.
– Deyilənə görə, ölənin ciyərləri zəif imiş, – barmen dedi. – Üsyanın ilk günlərindən qiyamçılarla birgə döyüşürmüş. Deyirlər, Syerra dağlarında vuruşubmuş. Sonra vərəm imkan verməyib.
– Dünən də bara əhvali-ruhiyyəsini bir az qaldırmaq üçün gəlibmiş, – mən ehtimal etdim.
– Yox, – barmen dedi. – Bu, həqiqətən, çox nadir hadisədir. Bunu polislərdən öyrəndim, onlar bir işin ucundan tutanda axırına qədər gedirlər. Polislər bədbəxtlə eyni emalatxanada işləyən yoldaşlarını dindiriblər. Hansı emalatxanada işlədiyini isə cibindən tapdıqları həmkarlar kitabçasından biliblər. O bu pulverizator və odekolonu kiminsə toyunda zarafat etmək üçün alıb. Özü belə deyirmiş. Odekolonu üzbəüzdəki kiçik dükandan alıb. Dükanın ünvanı şüşənin üzərindəki kağızda yazılıb, şüşənin özünü isə ayaqyolundan tapıblar. Pulverizatora odekolonu orada doldururmuş. Bura isə, yəqin, yağış başlayanda girib.
– Onu içəri girəndə görmüşdüm, – ofisiantlardan biri dedi.
– Burda isə hamı mahnı oxuyurdu, görünür, onun da kefi kökəlib.
– Hə, kefi, doğrudan da, kök idi, – mən dedim. – Elə bil qanad açıb uçurdu.
Barmen amansız ispan məntiqi ilə söylədi:
– Ciyəri zəif olanlar içəndə kefin axırı belə qurtarır.
– Bu əhvalat heç xoşuma gəlmir, – mən dedim.
– Qulaq asın, – barmen dedi. – Qəribə deyilmi? Pərvanə oda çırpılan kimi, onun şənliyi də müharibənin ciddiliyinə çırpılıb…
– Düzdür, lap pərvanə kimi, – mən dedim. – Əsl pərvanədir.
– Zarafat etmirəm, – barmen dedi. – Başa düşürsünüz? Sanki pərvanə tanka çırpılıb.
Bənzətmə barmenin özünün də xoşuna gəldi. O, ispanların ürəyincə olan metafizikaya qapanmışdı.
– Qonaq edirəm, – barmen bəyan etdi. – Siz bu barədə hekayə yazmalısınız.
Mən əlində pulverizator olan adamı, onun boz mum sifətini, yana açılmış mum qollarını, dizdən qatlanmış ayağını yadıma saldım və o, həqiqətən, pərvanəyə oxşayırdı. Çox oxşamasa da, hər halda, insana daha az bənzəyirdi. Mən onu ölü sərçə ilə də müqayisə edərdim.
– Mənə kinə qatılmış cin verin.
– Siz bu barədə mütləq hekayə yazmalısınız, – barmen hey təkrar edirdi. – Sizin sağlığınıza!
– Sizin də, – mən dedim. – Amma dünən bir ingilis qadını təkid edirdi ki, bu barədə yazmayım. Bunun ümumi işə mane olacağını söyləyirdi.
– Cəfəngiyyatdır, – barmen dedi. – Əslində, çox maraqlı, həm də vacib məsələdir: səbəbi bilinməyən qeyri-adi bir şadlıq bu yerlərdə hamı üçün adi olan ciddiliklə üz-üzə gəlir. Mənə qalsa, bu, son vaxtlar baş verən ən maraqlı və nadir hadisələrdəndir. Mütləq yazmalısınız.
– Yaxşı, – mən dedim. – Yazaram. Bəs onun uşaqları var idi?
– Yox, – o dedi. – Polislərdən soruşdum. Amma siz mütləq yazın, adını da “Pərvanə və tank” qoyun.
– Yaxşı, – mən dedim. – Yazaram. Amma təklif etdiyiniz ad o qədər də xoşuma gəlmir.
– Qiyamət addır, – barmen dedi. – Olduqca ədəbidir.
– Yaxşı, – mən dedim. – Razıyam. Hekayənin adını belə də qoyarıq: “Pərvanə və tank”.
Beləliklə, mən aydın, şən bir qış səhəri yenicə süpürülüb, yuyulub havası dəyişdirilmiş barda oturmuşdum. Buradan təmizlik qoxusu gəlirdi, yanımda isə köhnə barmen dostum dayanmışdı. O bizim birlikdə ədəbiyyat yaratdığımızdan son dərəcə məmnun idi. Mən kinə qatılmış cindən bir qurtum içib qabağına kisələr yığılmış pəncərəyə baxırdım və bu yerdə güllələnmiş adamın arvadının öz ərinin cəsədi qarşısında diz çöküb: “Pedro, Pedro, kim səni bu günə salıb, Pedro?” – deməsini gözümün qabağına gətirirdim. Düşünürdüm ki, polis tətiyi çəkən adamın adını bilmiş olsa belə, həmin qadının sualına cavab verə bilməzdi.
İFŞA
“Stork” barı Nyu-York üçün hansı əhəmiyyət daşıyırsa, “Çikote” də keçmiş vaxtlarda Madrid üçün eyni əhəmiyyətə malik idi. Fərq bircə “Çikote”də musiqi və rəqs edən gənc qızların olmaması idi. Manhettendəki “Uoldorf-Astoriya” mehmanxanasının kişilər üçün barına qadın buraxsa idilər, oranı da “Çikote” ilə müqayisə etmək olardı. Əlbəttə, qadınlar bir yol tapıb “Uoldorf-Astoriya”ya da girirdilər, amma ora kişilərin sığınacağı olduğundan əks cinsin nümayəndələrinin barda heç bir hüququ yox idi.
Madrid barının siması onun sahibi Pedro Çikote idi. O, gülərüz, şən, əvəzolunmaz bir barmen idi, necə deyərlər, işinə can yandırır, həmişə sanki işıq saçırdı. İndiki dövrdə bu, olduqca nadir xüsusiyyətdir, tək-tük adam uzun zaman belə xüsusiyyətini qoruyub saxlaya bilir. Özü də bunu süni sevinclə qarışdırmaq lazım deyil. Çikotenin saçdığı işıq süni yox, əsl nur idi. Həm də ki o, təvazökarlığı, sadəliyi, mehribanlığı ilə seçilirdi. Pedro Çikote elə xoş və nəşəli idi ki, onu yalnız Parisin “Ritsa” barının barmeni Jorjla müqayisə etmək olardı. Bu müqayisə isə orada olanlar üçün çox şey deyir. Bunlardan başqa, Çikotenin barı öz-özlüyündə gözəl idi.
O zamanlar Madridin qızıl gəncliyi “Yeni klub” adlanan yerə getməyə üstünlük verirdi, Çikotenin yanına isə “yaxşı uşaqlar” gəlirdilər. Əlbəttə, buranın müştərilərindən çoxu “Stork” barının müştərilərinin əksəriyyəti kimi mənim xoşuma gəlmirdi, amma Çikotenin barında oturmaq ruhumu oxşayırdı. Burada, məsələn, siyasətdən danışmırdılar. Elə kafelər var ki, orada ancaq siyası məsələləri müzakirə edirlər, ayrı söhbət olmur. Amma Çikotenin yanında siyasətdən söz açılmırdı. Danışmağa o qədər başqa mövzu var idi ki! Özü də bura şəhərin ən qəşəng qızları gəlirdi və gecəni yola vermək üçün kiminləsə