Baskervillərin iti. Артур Конан Дойл

Читать онлайн.
Название Baskervillərin iti
Автор произведения Артур Конан Дойл
Жанр
Серия Dünya ədəbiyyatından seçmələr
Издательство
Год выпуска 0
isbn 9789952241068 



Скачать книгу

title>

      Birinci fəsil

      Yaddan çıxmış əlağacı

      Mister Şerlok Holms, adəti üzrə, yuxudan gec durmuşdu, masa arxasında oturub səhər yeməyini yeyirdi. Mən buxarının qabağında dayanıb dünən bizə gələn adamın yadından çıxardığı əlağacını nəzərdən keçirirdim. Ağacın əl tutan yerindən bir az aşağıda kiçik bir gümüş lövhəcik vurulmuşdu:

      Arxası mənə tərəf oturmuş Holms üzünü çevirmədən dilləndi:

      – Hə, Uotson, bu əlağacı haqqında nə fikirdəsiniz? Dünən onun sahibi ilə söhbət etməyə vaxt olmadı.

      – Məncə, bu adam həkimdir. Özü də kənd həkimidir. Yəqin ki, böyük hörmət sahibidir.

      – Nədən belə düşünürsünüz?

      – Bu cür əlağacından, adətən, həkimlər istifadə edirlər. Ağacın ucuna vurulan dəmir lap yeyilmişdir. Deməli, bu adam piyada çox gəzir. Kənd həkimləri piyada çox gəzməli olurlar. Bir də ki əgər dostları ona belə bir hədiyyə veriblərsə, deməli, ona hamı hörmət edir.

      Holms dedi:

      – Çox ağlabatan fikirdir. Uotson, siz xəfiyyəlikdə çox irəli getmisiniz!

      Bunu deyən Holms əlağacını məndən alıb pəncərəyə yaxınlaşdı, ağacı lupa ilə gözdən keçirməyə başladı.

      – Uotson, sizin dediklərinizə mən bunları əlavə edə bilərəm. Bu ağac mister Mortimerə Çarinq-kross xəstəxanasında işləyən həkim dostları tərəfindən verilib. Mortimer oradan beş il bundan əvvəl getmişdir. Bundan başqa, deyə bilərəm ki, Çeyms Mortimer şöhrətpərəst deyil, bir qədər dalğın adamdır və onun çox da böyük olmayan sevimli iti var.

      Şerlok Holms özündənrazı halda divana söykəndi, qəlyandan bir-iki qullab vurub havaya kiçik tüstü həlqələri buraxmağa başladı. Mən şübhəli-şübhəli güldüm.

      – Xəstəxananın adı və Mortimerin oradan getmə tarixi ilə bağlı dediklərinizlə razılaşmaya bilmərəm. Lövhəcikdəki ÇKX hərfləri buna işarə edir. Lakin söylədiyinizin son hissəsini yoxlamaq mümkün deyil.

      – Əgər bu adam adlı-sanlı xəstəxananı atıb kəndə həkimlik etməyə gedirsə, deməli, şöhrətpərəst deyil. Dünən mister Mortimer qonaq otağında bir saatdan artıq gözlədikdən sonra vizit vərəqi əvəzinə əlağacını qoyub getmişdir. Bu isə onun dalğınlığına dəlalət edir.

      – Bəs it?

      – Əlağacının bəzi yerləri gəmirilib. İt dişlərinin yeri lap aydın görünür. O itə öz sahibinin ardınca şey gətirməyi öyrədiblərmiş. Mən hətta deyə bilərəm ki, bu it qıvrım tüklü spanieldir.

      Onun son sözlərində elə bir inam ifadə olunurdu ki, mən təəccübdən donub-qaldım:

      – Bu lap ağ oldu, dostum, axı nə üçün siz buna belə əminsiniz?

      – Ona görə əminəm ki, mən o iti qapımızın qabağında görürəm; budur, bu da onun sahibinin zəngi. – Holms bic-bic gülümsədi. – Uotson, xahiş edirəm otaqda qalın! Siz axı onunla peşə yoldaşısınız. Sizin burada olmağınız mənə kömək edər. Maraqlıdır, Ceyms Mortimerin polis xəfiyyəsi Şerlok Holmsa nə işi düşə bilər?.. Buyurun!

      Həkim Mortimer hündürboy, arıq, uzunburunlu bir adamdı; bir-birinə yaxın olan boz gözləri qızıl sağanaqlı gözlüyü arxasından par-par parıldayırdı. Yaşı az olsa da, kürəyi indidən donqarlaşmışdı. Bizim qonaq otağa girən kimi Holmsun əlindəki ağaca baxıb ona sarı gedərək sevinclə dedi:

      – Ha fikirləşirdim, heç cür yadıma sala bilmirdim ki, bunu harada qoymuşam!.. Əgər səhv etmirəmsə, mən, deyəsən, mister Şerlok Holmsla söhbət etmək şərəfinə nail olmuşam. Bəs onda… – Mortimer mənə işarə etdi.

      – Sizin qarşınızdakı doktor Uotsondur.

      – Ser, sizinlə tanış olmağıma çox şadam. Sizin adınız çox tez-tez dostunuzun adı ilə bərabər çəkilir.

      Şerlok Holms divanda yerini rahatlayıb dilləndi:

      – Mister Mortimer, mən elə zənn edirəm ki, gəlişinizin məqsədini söyləməyin vaxtı çatıb.

      İkinci fəsil

      Baskervillər nəslinin bəlası

      Doktor Ceyms Mortimer dedi:

      – Mənim cibimdə qədim bir əlyazma var. Bu, çox qədim əlyazmadır, min yeddi yüz qırx ikinci ilə aiddir.

      Doktor Mortimer pencəyinin yan cibindən əlyazmanı çıxartdı.

      – Bu qiymətli ailə sənədini mənə saxlamaq üçün ser Çarlz Baskervil vermişdir. Onun üç ay bundan əvvəl qəfil, həm də faciəli surətdə ölümü bütün Devonşir vilayətini son dərəcə həyəcana gətirmişdi. Mən özümü ser Çarlzın sadəcə həkimi deyil, həm də şəxsi dostu hesab edirdim. O, zabitəli, ağıllı, çox işgüzar adamdı. Bu sənədə çox əhəmiyyət verirdi və taleyin onun üçün faciəli bir ölüm hazırladığına inanırdı.

      Holms əlini uzadıb doktor Mortimerdən əlyazmanı aldı və dizləri üstünə qoyub açdı.

      – Burda, yəqin ki, bir hadisə qələmə alınmışdır?

      – Bəli, bu qısa əlyazma deyəcəyim məsələ ilə bilavasitə əlaqədardır. İcazənizlə mən bunu sizə oxuyum.

      Holms kresloda yerini rahatlayıb gözlərini yumdu. Doktor Mortimer işığa sarı çevrildi, nazik, cırıltılı səslə qədim zamanlara aid olan maraqlı bir əhvalatı oxumağa başladı:

      – «Baskervillər itinin varlığı haqqında bir çox dəlillər vardır. Mən bu it haqqında öz atamdan, atam da babamdan eşitmişdir.

      Mənim övladlarım, bir vaxtlar Baskervil malikanəsinin sahibi Hüqo Baskervil imiş. Bu Hüqo azğın, dinsiz və allahsız bir adam olub.

      Elə olur ki, Hüqo bir fermerin qızını sevir. Bu fermerin torpağı Baskervil malikanəsinə yaxın bir yerdə imiş. Lakin təvazökar və abırlı qız Hüqonun adını eşidəndə dəhşətə gələr, ondan uzaq qaçarmış. Bir gün qız evdə tək olanda Hüqo bir neçə yoldaşı ilə bərabər gizlicə fermaya soxulur, qızı götürüb qaçır. Baskervil-holla qayıtdıqdan sonra öz əsirini yuxarı mərtəbədəki otaqlardan birində gizlədir, özü isə, adəti üzrə, yoldaşları ilə kefə başlayır. Yazıq qız onların aşağı mərtəbədən gələn oxumasını, çığırtısını və pis-pis sözlərini eşidərək az qalır ki, dəli olsun. Axırda qorxu qızı o yerə gətirir ki, o, çox cürətli bir işə əl atır: otağın pəncərəsini açır, qəsrin divarına sarılan qara sarmaşıqla aşağı enir, bataqlıqla öz evlərinə doğru qaçır.

      Bir müddətdən sonra Hüqo qonaqlarını qoyub yuxarıya qalxır. Lakin görür ki, qəfəsdəki quş uçub getmişdir. Bu zaman cin başına vurur, pilləkənlə aşağı yüyürərək qonaqlıq edilən zala girir, atılıb stolun üstünə çıxır, şüşələri, boşqabları vurub dağıdır, hamının qabağında and içir ki, ölsəm də, gərək gedib o qızı tutam. Bu zaman dostlarından biri çığıraraq deyir ki, itləri qızın izinə buraxmaq lazımdır. Hüqo cəld qəsrdən bayıra çıxır, qızın yerə düşmüş ləçəyini itlərə iylədir, özü isə ata minib itlərin ardınca bataqlığa doğru çapır.

      Onun yoldaşları bir qədər özlərinə gəldikdən sonra atlanıb onun ardınca gedirlər. Çox keçmir ki, onlar Hüqo Baskervilin qara madyan atını görürlər. Ancaq atın sahibi onun üstündə deyildi. At, cilovu sallana-sallana, köpüklənə-köpüklənə onların yanından sürətlə keçib-gedir. Əxlaqsız dəstə yenə də bataqlığın içərilərinə getməkdə davam edir. Nəhayət, onlar Baskervilin itlərini görürlər. Bu itlər çox cins və sərt itlərdi, lakin indi onlar bir-birinə sıxılaraq yazıq-yazıq zingildəyirdi.

      Atlılar dayanırlar, qabağa getməyə cürət etmirlər, lakin onlardan üç nəfəri atlarını dərənin içərilərinə sürür. Orada geniş bir çəmən görürlər, bu çəməndə lap qədim zamanlarda qoyulmuş iki böyük daş sütun