Çingiz xan. Mişel Yoanq

Читать онлайн.
Название Çingiz xan
Автор произведения Mişel Yoanq
Жанр
Серия Tarixi yaradanlar
Издательство
Год выпуска 0
isbn 9789952244182 



Скачать книгу

Onlar meşəyə girməyi təhlükəli hesab etdilər və geri qayıtdılar.

      Merkitlər Temuçin və yaxınlarını da əsir götürmək fikrindən həm də ona görə əl çəkmişdilər ki, onsuz da Börtə və Yesugeyin dul arvadını tutmuşdular. Deməli, qisaslarını almış, namuslarını təmizə çıxara bilmişdilər.

      Merkitlərin bir də geri dönməyəcəyinə tam əmin olandan sonra Temuçin və qardaşları, eləcə də digərləri meşədən çıxdılar. Ancaq buna baxmayaraq Temuçin obaya qayıtmağı düzgün saymadı: onlar bir müddət elə meşə kənarındaca, iri ağac budaqlarından düzəldilmiş çalıda qaldılar. Axırda təhlükənin tamamilə sovuşduğunu görüb öz yurdlarına dönməyə qərar verdilər.

      Xanımı və atasının dul qadını əsir düşsə də, Temuçin belə hesab edirdi ki, böyük bir xatadan qurtara biliblər. Odur ki o üzünü müqəddəs Burxan-Xaldun dağına tutub Tanrıya dua elədi: «Qoca Xoaçinin ayıqlığı və tülkü gözləritək iti baxışları sayəsində bu bədbəxt həyatımı qurtara bildim; Burxan-Xaldun dağlarının ətəklərinə yetişib söyüd budaqlarından özümə koma düzəldə bildim… Hər sabah Burxan-Xaldun dağına qurban kəsəcəyəm, hər gün ona dua edəcəyəm. Qoy oğullarımın oğulları da onun bu yaxşılığını unutmasın!»

      Sonra müqəddəs adətlərə uyğun olaraq qurşağını açıb boynuna saldı, on kərə yumruğunu sinəsinə döyüb üzüqoylu yerə əyilib Günəşə səcdə elədi.

      Dağlar türk və monqol xalqları üçün qədimdən bəri müqəddəsdir. Onlar uluların əcdadı, igidlərin arxa-dayağı, heyvanların və quşların hamisi hesab olunur. Temuçinin üz tutduğu Burxan-Xaldun da belə müqəddəs məkanlardandır.

      Günəşə gəldikdə o, türk və monqol xalqlarının dünyagörüşündə xüsusi yer tutan «Əbədi Mavi Göy» (Koekoe Mongka Tengri) inancı ilə bağlıdır. Monqol əsatirlərində Burxan-Xaldun Göyə – Tanrıya ucalmağın, Günəş isə bu ucalığın simvolu kimi göstərilir.

      Kitabımızın növbəti səhifələrində Temuçinin həyatı boyu ondan dəfələrlə nicat umduğunun şahidi olacağıq.

      Mavi Göyə həyatını xilas etdiyinə görə öz şükran dualarını çatdırdıqdan sonra Temuçin dərhal planlar qurmağa başladı: gözəl xanımı Börtəni və atasının dul qalmış ikinci arvadını necə qaytaracaq, bu rüsvayçılığın qisasını merkitlərdən necə alacaq? Axırda Temuçin belə qərara gəlir ki, kömək üçün onu öz qanadları altına alan Toğrul xaqana müraciət etsin. Axı Toğrul pərən-pərən düşmüş tayfa-tirəsini Temuçinin ətrafında toplayacağına dair söz vermişdi.

      Merkitlər kifayət qədər güclü idilər, onlara hücum etmək qanlı bir müharibəyə başlamaq deməkdir. Belə bir müharibəyə isə hazırlıqsız girişmək olmazdı.

      Toğrul xaqan sözünün üstündə durur. Kömək üçün üstünə gələn Temuçini əliboş qaytarmayaraq deyir: «Biz onları məcbur edərik ki, arvadın Börtəni və Yesugeyin dul qalmış ikinci arvadını qaytarsınlar. Hətta bütün merkit tayfaları əlbir olsa və bundan boyun qaçırsalar, biz qadınları onların əlindən zorla alarıq!»

      Hadisələrin sonrakı gedişatı gözlənilən istiqamətdə cərəyan edir: merkitlər nə Temuçinin xanımını, nə də Yesugeyin ikinci qadınını xoşluqla qaytarmaq istəmirlər. Belə olduqda müharibə qaçılmaz zərurətə çevrilir.

      Camuka

      Merkitlər üç əsas tayfadan ibarət idi: uduit, uvas və xaatlar. Bu etnik qruplar və qonşu tayfalar daha çox Selenqa çayı hövzəsində – Baykal gölü və Altay dağları arasındakı düzənlikdə köçəri həyat sürürdülər. Onların ümumilikdə otuz–qırx min nəfərdən ibarət olduğu güman edilir.

      Merkitlərlə müharibə etmək üçün öz tərəfdaşlarını toplamazdan əvvəl Toğrul arxa cəbhəni möhkəmləndirmək qərarına gəldi.

      Bundan sonra o, monqol əsilli cayrat boyunun tayfa başçısı Camukaya müraciət etdi. Yetim olsa da, bir bəy ailəsində tərbiyə alan Camuka uşaqlıqdan Temuçinlə dost idi, bərabər oyun oynayardılar. Sonralar onlar xüsusi ayinlə anda olmuşdular.

      İndi isə Camuka bir neçə min nəfərlik güclü ordunun qüdrətli sərkərdəsinə çevrilmişdi.

      Toğrul Temuçinə Camuka ilə hərbi ittifaqa girməyi məsləhət gördü: «Get kiçik qardaşın Camuka ilə razılığa gəl. O hazırda Arkonak-Cuburda olmalıdır. Həmin vaxtadək mən iki tümən11 atlıyla döyüşə hazır vəziyyətdə olacağam. Qoy kiçik qardaşın Camuka da iki tümən atlısıyla gəlsin. Toplaşacağımız yeri və vaxtı Camuka müəyyənləşdirsin».

      Toğrul və Camuka hər birinə iki tümənlik ordu səfərbər etsəydilər, bu, ümumilikdə 40.000 süvari, deməli, kifayət qədər böyük bir ordu demək olacaqdı. Belə bir ordunun isə müharibə təcrübəsi olan sərkərdələr tərəfindən idarə olunması mütləq şərtdir. Xoşbəxtlikdən bu baxımdan problem yox idi: istər Toğrul, istərsə də Camuka ağıllı və cəsarətli sərkərdələr idi.

      Temuçin Cuçi-Kazar və ögey qardaşı Belguteyi də götürüb məqsədini bildirmək üçün Camukanın yanına gedir. Əlbəttə, cayratların başçısı bunadək merkitlərin əleyhinə əldə edilən sövdələşmə və ittifaqdan xəbərdar idi. Temuçinə sədaqəti dəyişməz olaraq qaldığındanmı, merkitləri darmadağın etmək üçün kifayət qədər gücə sahib olduğundanmı (hər ikisi mümkündür) – Camuka öz andasına razılıq verir: «Biləndə ki, andam Temuçinin yatağı boş qalıb, qəlbim iztirabla doldu. Eşidəndə ki onun köksü parçalanıb, qara bağrım şan-şan oldu. Merkitləri məhv etməklə onun qisasını alacaq, xatunun Börtəni xilas edəcəyəm…»

      Bu sözlərdən sonra əsl igidlərə yaraşan şəkildə Camuka öz hücum planını ortaya qoydu. Görünən o idi ki, cayratların başçısı düşmənin mövqeləri və döyüş qüvvəsi barədə yetərincə məlumatlı idi.

      Camuka bildirdi ki, orduya ümumi rəhbərliyi öz üzərinə götürməyə hazırdır. O, atlı dəstələri yüz-yüz bölərək necə yerləşdirmək barədə də planını açıqladı.

      Razılıq əldə edildikdən sonra ordunu döyüşə hazırlamaqla məşğul oldu.

      Ancaq Temuçin və Toğrul razılaşmanı pozub Camukayla təyin edilmiş yerdə əvvəlcədən müəyyənləşdirilən vaxtdan yalnız üç gün sonra birləşdilər. Buna görə cayratların başçısı müttəfiqlərinə ciddi narazılığını bildirdi: «Bəylər, biz beləmi vədələşmişdik? Yağış da yağsa, tufan da qopsa, deyilən vaxtda görüşəcəyimiz yerdə hazır olacağımıza söz verməmişdikmi? Monqol «hə, oldu» dedisə, bu, and içməyə bərabər deyilmi? Məgər hamımız bir yerdə qərara gəlmədikmi ki, söz verib gecikəni sıralarımızdan çıxmağa məcbur edərik?»

      Bu danlaqdan pərt olan Toğrul günahını boynuna alır, üzr istəyir. Camuka ya qəlbinin genişliyindən, ya da ittifaqın pozulmaması və andasına verdiyi sözü tutması naminə müttəfiqlərini bağışlayır. Beləliklə, birləşmiş ordu merkitlərin üstünə yürüşə keçir. Hərbi əməliyyatın gedişindən belə məlum olur ki, bu elə-belə, tələm-tələsik toplanıb kiminsə üstünə cummaq cəhdi deyil.

      Atlılar kilometrlərlə yol qət etdilər. Qarşılarını kəsən meşəliklərdən,



<p>11</p>

Tümən – on minə bərabər olan miqdar sayı