Bu roman yəhudilər üçündür; bu roman müsəlmanlar, xristianlar, buddistlər üçündür. Bu roman həm də ateistlər və din haqqında düşünməyənlər üçündür. Bu roman insan üçündür. Saqqal saxlamışıqsa, bircə günlük qırxaq saqqalımızı. Bığımız varsa, onu da qırxaq. Başımızda papaq varsa, çıxaraq, örpək varsa, açaq. Boynumuza halqa keçirmişiksə, bir anlıq çıxaraq onları da. Əlimizdə təsbeh varsa, onu da qoyaq kənara. Xaç asmışıqsa, çıxaraq. Telimizdə quş lələyi varsa, buraxaq küləyə. Baxın, hamımız insana oxşayırıq, bir insana.