“Səni yaradanı sevirəm…” kitabı müasir Azərbaycan ədəbiyyatının maraqlı imzalarından biri olan yazar Zaur Qəriboğlunun “Lal məhəbbət”, “Kamilliyə doğru ikinci addım”, “Aldadılmış ər” kitablarından sonra oxucuları ilə növbəti görüşüdür. Bu kitabda siz onun “Cizgilər” silsiləsindən olan mənsur şeirlərini, esse və fəlsəfi illüstrasiyalarını, bundan başqa, “Zirzəmi” pyesini də oxuya biləcəksiniz. Kitabda, həmçinin yazarın “Fikir cizgiləri” adlı maraqlı, düşündürücü aforizimlərilə də tanış ola biləcəksiniz. Ümumilikdə kitabda cəmiyyətimizin yaşadığı vəziyyət, insanın özünə qayıtması haqqında müəllifin bədii-fəlsəfi cizgilərini əsas götürsək, “Səni yaradanı sevirəm…” kitabını bədii-fəlsəfi düşüncələr kitabı adlandırmaq olar.
“Qaragünün Ağgün vəkili” romanı çağdaş Azərbaycan ədəbiyyatının maraqlı imzalarından olan Zaur Qəriboğlunun “Aldadılmış ər” povestindən sonra ilk iri həcmli əsəridir. Birnəfəsə oxuyacağınız bu romanda hadisələr Qaragün şəhərində cərəyan edir. Bu şəhərin sakinləri ağ gün sorağında “qara günü ağ günə yavanlıq” edirlər. İnanırlar ki, kimsə nə vaxtsa onları ağ günə çıxaracaq. Mətnin qayə və ideya qatında qara günlü bir cəmiyyətin işıqlı sabaha qovuşması istəyi dayanır. Yazıçı bu əsəriylə yaşadığı cəmiyyətə mesaj göndərir. Oxuyacaqlarınız sizə tanışdır. Əsərdə baş verən hadisələri oxuyub, deyəcəksiniz: “Bunlar elə bizim başımıza gələnlərdir ki!” Yazıçı həyat hadisələrinə öz yaradıcılıq prizmasından yanaşır. Bəzi məqamlarda qəfil güllə kimi açılan sarkazm, ironiya ilk baxışda oyuncaq tapançadan açılan atəş kimi “yüngül” olsa da ağrısı möhkəm olur. Bu əsər seçki saxtakarlığını nəsrə gətirən ilk mətndir. İlk dəfədir ki, parlament seçkisi ərəfəsində baş verən iyrənc oyunlar bədii təxəyyülün süzgəcindən keçirilir. “Qaragünün Ağgün vəkili” maraqla oxuyacağınız bir əsər olacaq. Vaxtı itirməyin!