Ramiz Rövşən

Список книг автора Ramiz Rövşən



    Yavaş-yavaş sevdim səni

    Ramiz Rövşən

    15 dekabr şair, yazıçı, esseist, kinossenarist, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Xalq şairi Rövşən Ramiz Məmmədəli oğlunun doğum günüdür. «AUDİOKİTAB» şairin doğum günü münasibətilə səsləndirilmiş şeirlər toplusunu təqdim edir.

    Xəyanət

    Ramiz Rövşən

    Kinopovestdə dağılan «şər səltənəti», yeni qurulan dövlət(lər), dünyanı dəyişdirən, yerindən oynadan siyasi hadisələr, tarixi proseslərin ortaya gətirdiyi sədaqət, xəyanət, top-tüfəng, müharibə, torpaq (və insan) alıb-satmaq, od-alov səhnələri sona qədər kadr arxasında saxlanılır. Kadrda təqdim edilən hadisələr isə bütün zamanlarda baş verə biləcək qadın-kişi, ata-oğul, ana-övlad münasibətləridir. Bu münasibətlərdə sədaqətin harada bitdiyini, xəyanətin haradan başladığını, ya da tərsinə – xəyanətin harada bitdiyini, sədaqətin haradan başladığını kəsdirmək, qiymətləndirmək çətindir. Əsərin ən maraqlı cəhətlərindən bir də elə budur: qiymətləndirmək, yozmaq, xasiyyətnamə vermək, haqq qazandırmaq, ittiham etmək oxucunun (tamaşaçının) öhdəsinə buraxılır. Povestin əvvəlində Sovet ictimai mühitinin yetişdirdiyi adlı-sanlı yazıçı İsmayıl müəllimin bağ evini görür, kimsəsizləşmiş bağ evinə gətirdiyi məşuqəsi – Suğra ilə tanış oluruq. İsmayıl müəllim Sovet cəmiyyətinin təmin olunmuş ziyalı tipidir: maşını, mənzili, dolanmağa pulu var. Məşuqəsi də öz yerində. Hələ üstəlik cəmiyyətdə hörmət-izzəti, nüfuzu, şöhrəti. Yüzlərlə (bəlkə də minlərlə) insan İsmayıl müəllimin bir sözü ilə könüllü əsgər getməyə, vətən uğrunda canından keçməyə hazırdır Kinopovestdəki hadisələrin üst qatında xəyanət toru var və ictimai mövqelərindən asılı olmayaraq insanlar bu tora düşüb çapalayırlar. İsmayıl müəllimin Suğra ilə münasibəti öz ailəsinə xəyanətdir. İsmayıl müəllimin arvadı ilə arvadın təzə əri – rejissor da xəyanət üstündə ailə qurub. Rejissorun qızı Kəmalənin nişanlısının qulağının dibində İsmayıl müəllimin oğlu Ceyhuna imrənməyi xəyanətdir. Suğra namus üstündə türmədə can çürüdən ərinə xəyanət edir. Ceyhunun öz atasının sevgilisinə münasibətində xəyanət motivi görməmək mümkün deyil. Ömrünün son günlərini sayan Mahmud kişinin rus arvadının 20 Yanvardan sonra Bakını tərk etməsində xəyanətin izi var.

    Hamı oğul böyütmüşdü

    Ramiz Rövşən

    Azərbaycanın xalq şairi Ramiz Rövşənin bu kitabında şairin nəsr yaradıcılığı – povestləri, hekayələri və esseləri yer almışdır. Ramiz Rövşən nəsri də poeziyası kimi mövzu rəngarəngliyi və fəlsəfi tutumu ilə zəngindir. “Belə-belə işlər”, “Hamı oğul böyütmüşdü”, “Ağrı”, “Yağışlı bir günün günortasında” və s hekayələrində şairin həm də bir yazıçı kimi özünəməxsus bədiiliyi oxucunu (dinləyicini) özünə cəlb edir. “Belə-belə işlər” hekayəsində müharibə illərindən danışılır. Qəhrəman Həsən kişidir. Kəndin kişiləri müharibəyə yola düşəndə Həsən kişini fiziki qüsuruna görə aparmırlar. O, yeganə canlı varlığı olan, dostu qədər sevdiyi, balası qədər əzizlədiyi kəhər atı göndərir müharibəyə. O, atından məktub gələcəyini ümidlə gözləyir. “Həsən kişi ha gözlədi kəhər atdan məktub gəlmədi”. “Hamı oğul böyütmüşdü” hekayəsi də elə o illərdəndi. Burada da kənd camaatı döyüşə oğul yola salır, oğul yolu gözləyir. Lakin bu hekayədə bir fərqli tərəf var; “Belə-belə işlər” hekayəsində Həsən kişi döyüşə atını yola salır, “Hamı oğul böyütmüşdü”də isə kimi-kimsəsi olmayan Yetim Qulu döyüşdən oğul məktubu gözləyir: “Yetim Qulu bütün kəndin gözünün qabağında həsrətlə oğlunun yolunu gözləyirdi və bu boyda kənddə bir adamın da ağlına gəlmirdi ki, yaxşı, bu Qulu hansı oğlunun yolunu gözləyir?.. Bu Qulunun oğlu nə gəzir?!” “Ağrı” hekayəsi də əslində o illəri qamçılayan bir əsərdi. Burada yaralanandan sonra döyüşdən geri qaytarılan bir nəfərin fiziki ağrıları bir yana, mənəvi ağrılarından söz açılır. İsgəndər döyüşdə canını qoydu, illərlə övlad həsrəti çəkdiyi halda, geri dönəndə övladını bağrına basmağa cürəti çatmadı. Həmkəndliləri onun fərari olduğunu düşünərək raykoma (rayon icra nümayəndəliyinə) zəng etdilər. Əslində isə, o, fərari deyil, sadəcə başından zərbə alan əsgər həkimlərin verdiyi xəstəlik sənədini itirmişdi… “Yağışlı bir günün günortasında” hekayəsi ilə müəllif müharibəyə, siyasətə olan nifrəti və insanlığa olan sevgisini göstərir. “Daş” povestinin mövzusu da həyatın özündən götürülüb. Burada da oxucu qəhrəmanları tanımağa çox da çətinlik çəkmir. Povest qəhrəmanları ilə sanki hekayələrin davamıdır…