Türk yazıçısı Peyami Safanın “Yalnızıq” romanı ideal cəmiyyət axtarışı ilə yaşayan Səmim adlı bir qəhrəmanın sevgi hekayətindən bəhs edir. Həyatda hər həqiqətin gözünün içinə dik baxan, gözəl analitik təhlil qabiliyyəti olan bu adamın sevgisinin fərqliliyi ondadır ki, bir zamanlar özündən yaşca böyük olan Nəciləyə aşiq olaraq onda tapa bilmədiyi xüsusiyyətləri sonralar onun qızı Meralın məhəbbətində axtarır. Meralın isə duyğuları və düşüncələri o qədər qarışıq, özü üçün o qədər anlaşılmazdır ki, Parisə qaçmaq arzusu reallaşmayanda son çıxış yolunu intiharda tapır. Yazıçı intihar fikri ilə onu reallaşdırmaq arasında böyük fərq olduğunu çox dəqiq bir şəkildə təsvir edir.
Peyami Safanın yazıçılığının zirvəsini təşkil edən əsərlərinədən biri olan “Bir tərəddüdün romanı” Birinci Dünya Müharibəsindən sonra inanmaqla inkar, fərdi və ictimai meyllər, öz-özünü məhvetmə eşqi ilə yaradıcı ehtiraslar və sevgilər arasında qalan insanın tərəddüd və çaşqınlığından bəhs edir. “Roman içində roman” motivi və Peyami Safanın öz həyatından dərin izlər daşıyan “Bir tərəddüdün romanı” əsəri soyuq müharibə illərində və müharibədən sonra doğulan həyati yorğunluq, ictimai dəyərlərin alt-üst olması, keçmişlə olan bağların qopması, əxlaq böhranı, maddi və ruhi səfalət, heç bir şeyə tamamilə bağlana bilməmək ağrısı, insanların inanmaqla inkar etmək, yaratmaqla yıxmaq, sevməklə nifrət etmək, yaxşılıqla pislik, üsyan və baş əymək, ölməklə yaşamaq arasındakı tərəddüdlərinin təcəssümüdür.