“XAN” nəşriyyatının “Xatirə ədəbiyyatı” silsiləsindən təqdim etdiyi dördüncü kitab Yusif Vəzir Çəmənzəminlinin xatirələrini əhatə edir. Kitabda onun “Bir cavanın dəftəri” və “Həyatımın iyirmi ili” xatirələri dərc olunub. Çəmənzəminli birinci əsəri hekayə kimi qələmə alsa da, əsərin qəhrəmanı özüdür. Bu kitabda siz Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi olan Yusif Vəzirin Kiyevdə oxumağa gedənə qədər həyatının bir çox dönəmləri haqqında müfəssəl məlumatlar əldə edə biləcəksiniz.
Kiyеv təhsil illərinin müşahidələrindən dоğan “Studеntlər” rоmanı Y.V.Çəmənzəminlinin ictimai fikir mеydanında söylədiyi öz sözü, öz mülahizələri olub. Roman geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
“Qumarbazın arvadı” toplusunda XX əsrin tanınmış qələm ustalarından olan Yusif Vəzir Çəmənzəminlinin müxtəlif illərdə yazdığı hekayələr toplanıb. Bu hekayələrdə yazıçı öz əsrinin dəqiq müşahidə etdiyi ən xarakterik tiplərini, hadisələrini, dəyişikliklərini əks etdirdiyindən oxuduqca özünüzü o mühitin və dövrün içində hiss edəcəksiniz.
“Qızlar bulağı” Yusif Vəzir Çəmənzəminli yaradıcılığında xüsusi yer tutur. “Nağıl içində nağıl” motivini xatırladan əsər Çoponun həyatının üç fərqli dövrünü əhatə edir. Çopo bütün həyatı boyu sanki dönüb-dolaşıb “Qızlar bulağı” ətrafında fırlanır. Çoponun mühafizəkarlıqdan kənar, azad mühiti eyni zamanda Azərbaycan milli kimliyini də ifadə edir. Yusif Vəzir Çəmənzəminlinin repressiya qurbanına çevrilməsinin əsas səbəblərindən biri kimi göstərilən bu roman günümüzdə də aktuallığını qoruyur.
Vətənin taleyi haqqında mühüm tarixi keçidlərdə Azərbaycan xalqının qarşısına çıxan "Olum, ya ölüm" məsələləri barədə dərin düşüncələri Y.V.Çəmənzəminlinin XVIII əsrin böyük sənətkarı və dövlət xadimi Moll Pınah Vaqifin adıyla bağlı olan "İki od arasında" romanında yüksək bədii sənətkarlıqla, həqiqətə güzəştsiz sədaqətlə əksini tapıb. Bu roman Azərbaycan ədəbiyyatının qızıl fonduna daxil olub.
Bu romandakı hadisələr Qarbağ xanlığı ətrafında cərəyan edir. Əsərdə Azərbaycanın uzun illər boyunca iki qonşu dövlətin – Rusiya və İranın məngənəsi arasında qalmasından danışılır.