İran dastanlarında Əfrasiyab, Türk tarixində və dastanlarında Alp Ər Tonqa adlanan türklərin ulu qəhrəmanının adı Turan dövlətinin simvoluna çevrilmişdir. Əsası türklərin ulu əcdadı Tur tərəfindən qoyulmuş Turan dövləti Asiyanın böyük bir hissəsini əhatə etdiyi öz əzəmətli dövrünü məhz Əfrasiyab hakimiyyəti dövründə yaşamışdır. Türk və yabançı bilim adamları linqvistik və tarixi dəlillərə əsaslanaraq Türklərin iki ulu qəhrəmanı Əfrasiyabın və Oğuz xaqanın eyni şəxslər olduğu haqqında fikirlər irəli sürmüşlər. Maraqlı cəhət ondadır ki, nə Mahmud Kağqarlı, nə də ki Yusif Balasaqunlu öz ensiklopedik əsərlərində Əfrasiyab haqqında geniş bəhs etdikləri halda, Oğuz xaqanın adını çəkmirlər.
Qədim dünya tarixinin Turan dövrü fikri Qədim Şərq və eləcə də qədim dünyanın erkən tarixinin və mədəniyyətinin araşdırılmasına çox saylı əsərlər həsr etmiş Avropanın XVIII-XIX əsr tarixçi, arxeoloq, antropoloq və linqvist böyük bilim adamlarına məxsusdur. Onlar qədim mixi və heroqlif yazı mətnlərinə, arxeoloji, linqvistik və etnoloji elmi dəlillərə əsaslanaraq ari və sami irqlərinin tarix səhnəsinə qədəm qoymasından öncə min illər ərzində dünyanın Turan tayfaları, yəni öntürk turlar tərəfindən məskunlaşdırılmış olduğunu və dünya mədəniyyətinin ilk rüşeymlərinin əsasının dünyanın ilk mədəni sakinləri olan turanlılar tərəfindən qoyulduğu fikrini irəli sürmüşlər. Mixi və heroqlif yazı sisteminin kəşf edilməsinin, metal emalı və dəmirin kəşfinin, ilk arxitektura abidələri və şəhərsalma ənənəsinin, meqalit və tumulların, heyvanların və o cümlədən atın əhliləşdrilməsi və bəslənməsinin əsasının dünyanın ən qədim irqi olan turanlılar tərəfindən qoyulması haqqında XVIII-XIX əsr Avropa tarixçilərinin, linqvist və etnoloqlarının görüşləri onların irəli sürdükləri Turan nəzəriyyəsində öz əksini tapmışdır.