Название | Mənim mübarizəm - 8 |
---|---|
Автор произведения | Seymur Baycan |
Жанр | |
Серия | Mənim Mübarizəm |
Издательство | |
Год выпуска | 0 |
isbn |
Deməli, çar ordusunun cəza dəstələri Təbrizə yaxınlaşır. İnqilabda aktiv iştirak etmiş adamlar şəhəri təcili tərk etməlidirlər. Amma onların bir müddət kənarda, təhlükəsiz yerlərdə yaşamaları, gizlənmələri üçün pul lazımdır. Hətta inqilabda iştirak edən, inqilaba rəğbət bəsləyən Təbriz tacirləri bu işə əsla pul ayırmaq istəmirlər. Onlardan pul istəyəndə hərə bir bəhanə gətirib, aradan çıxır. Halbuki, iki-üç gündən sonra çar ordusunun cəza dəstələri tərəfindən Təbriz tacirlərinin var-dövləti talan olunur. Bəziləri isə edam edilir.
Ümumiyyətlə, bu fani dünyada beş axmaq məşğuliyyət varsa, şübhəsiz bu beş axmaq məşğuliyyətdən biri pul, var-dövlət yığmaqdır. Xəsislik insana verilmiş ən böyük cəzalardan biridir. Pul, var-dövlət yığmaq xəstəlikdir. Balzak “Qobsek” əsərində bu xəstəliyin mahiyyətini çox gözəl açıb. Xəsis insan ömrü boyu əzab çəkir. Heç nədən həzz ala bilmir və ən əsası, xəsis adamların övladları qorxaq, gözüqırpıq olurlar. Drayzer deyirdi ki, ruhsuz adamların övladları da ruhsuz olur. Xəsislik ruhsuzluq sözünün sinonimidir. Stalin Trotskiyə HƏM DƏ (günəşi küləş oxumağı vərdiş etmişlər üçün “həm də”ni böyük həriflərlə yazmağa məcbur oldum) ona görə qalib gəldi ki, xərcləyən idi, əlini cibinə rahatlıqla salırdı, məclis adamı idi, yeyib-içməyi xoşlayırdı. İctimai-siyasi işlərlə, yaradıcılıqla məşğul olan adam əgər xəsisdirsə, apar tulla. Götürək Səməd Vurğun Rəsul Rza misalını. Səməd Vurğun Rəsul Rza üzərində təkcə nəhəng istedadı, poeziyası, xalq, elat adamı olması ilə qələbə qazanmamışdı. Səməd Vurğun Rəsul Rza üzərində həm də əliaçıqlığı, səxavəti, məclis adamı olması ilə parlaq qələbə qazanmışdı. Səməd Vurğun çox səxavətli adam idi. Rəsul Rzanın isə qəpiyi çıxanda canı çıxırdı…
Ordubadinin “Dumanlı Təbriz” əsəri ilə paralel olaraq Ceyms Oldricin “Diplomat” əsərini də oxuyurdum. Bu iki əsər qəribə də olsa bir-birini tamamlayır. Hər iki əsər, həm “Dumanlı Təbriz”, həm də “Diplomat” əsəri İranı tanımaq, İranda yaxın gələcəkdə baş verə biləcək hadisələri güman, ehtimal etmək istəyənlər üçün qiymətli əsərlərdir.
Bazar haqqında bədii-fəlsəfi esse
– Sən nə atılıb-düşürsən?
– O quşu tutmaq istəyirəm. Sonra onu qəfəsə salacağam, qabağına dən tökəcəyəm. Qoy, o mənim üçün nəğmə oxusun.
– Sən quşu tut, qəfəsə sal, qoy o da sənin üçün nəğmə oxusun. Mən də səni yoğun, dəmir çubuqlu qəfəsə salaram, deyərəm ki, oxu. Sən ora-bura qaçmağı xoşlayırsan, qəfəsdə daha qaça bilməyəcəksən. Hava soyuq olacaq, amma sən kölgədə qalacaqsan. Hava isti olacaq, sən günün altında bişəcəksən. Sonra biz bir bazar günü çıxıb gedəcəyik, yaddan çıxarıb sənə yem verməyəcəyik, cümə axşamından da tez qayıtmayacağıq. Qayıdanda görəcəyik ki, bizim sevimli uşağımız əl-ayağını uzadıb acından ölüb. Oğlum, nə insanın, nə heyvanın heç vaxt azadlığını əlindən alma. Azadlıq dünyanın ən böyük nemətidir. Qoy, hər kəs üşüyəndə, gündə qızına bilsin, istidə və kölgədə otura bilsin.
Kolxoz bazarına getməyi, bazarda gəzməyi çox sevirəm. Niyə? Bunu bilmirəm. Bir bəhanə tapıb həftədə iki dəfə, həftədə azı bir dəfə bazara gedirəm. Sıraların arasında gəzirəm. Meyvələrə, tərəvəzlərə, balıqlara, toyuqlara, müxtəlif şorabalara baxıram. Nəsə lazımdırsa, nəsə xoşuma gəldisə alıram. Bazara getməyi, bazarda gəzməyi sevməyimin səbəbləri heç özümə də aydın deyil. Bu barədə çox düşünsəm də heç bir məntiqli izahım yoxdur. Təkcə onu deyə bilərəm ki, bazarda bolluq görəndə ürəyim açılır. Həm də bazarda gəzmək, bazarın şeiriyyatı, səs-küyü, xaosu, satıcıların görünüşcə, xasiyyətcə müxtəlifliyi məndə yaradıcılıq həvəsi yaradır. Neçə-neçə yazımın mövzusu bazarda gəzərkən ağlıma gəlib. Bazarda gəzərkən yaddaşım qıcıqlanır. Yaddaşımın qıcıqlanması, müxtəlif zamanlarda baş vermiş hadisələri xatırlamağım isə mənim üçün çox vacib prosesdir.
Bəlkə də kolxoz bazarına qarşı bu məntiqsiz, izahsız sevgi məndə uşaqlıqdan yaranıb. Bəndəniz uşaq olan zamanlarda adamlar bazar günü bazara xüsusi təntənə ilə gedirdi. Adamlar bazar gününü, bazara getməyi səbirsizliklə gözləyirdilər. Həftənin ara günləri bazarda məzar sükutu hökm sürürdü. Ara günləri bazara ancaq yası düşən, ehsan verən, bu qəbildən nəsə vacib işi, bazara əlahiddə, əlimyandıda ehtiyacı olan adamlar gedirdi. O vaxtlar hər addımda mağaza, market, meyvə-tərəvəz köşkü yox idi və bu səbəbdən bazar günü, bazara getmək adamlar üçün böyük əhəmiyyət daşıyırdı. Vəziyyət o həddə çatmışdı ki, hətta bazar günü bazara getməyən adama bir az yazıq adam kimi baxırdılar. Hansı kişinin necə ailə, necə arvad saxlamağı, necə xəsis, necə səxavətli, necə zirək, necə təmbəl olması da bazarda bariz şəkildə görünürdü. Bazar hər adamın mahiyyətini açıb qoyurdu ortalığa. Bazara getmək, bazarlıq eləmək yol getmək kimi bir şey idi.
Bəzən şənbə günü nənəmgilə gedirdim. Özü də birinci günün dərslərinə şənbə günü məktəbdən qayıdan kimi hazırlaşırdım. Belə olduğu halda özümü daha rahat hiss edirdim , bazar günü mənə daha uzun görünürdü. Bunu dəfələrlə sınamışdım. Birinci günün dərslərinə hazırlaşmağı bazar gününün axşamına saxlayanda bazar günündən tam rahatlıqla həzz ala bilmirdim. Ən optimal, ən rahat variant birinci günün dərslərinə şənbə günü məktəbdən evə qayıdan kimi hazırlaşmaq idi.
Nənəmgilin evi rayon mərkəzinin girəcəyində yerləşirdi. Bəzi kəndlərdən gələn avtobuslar rayonun içinə tam girmirdilər, elə rayon mərkəzinin girəcəyində dayanırdılar. Ona görə yox ki, onları rayonun mərkəzinə buraxmırdılar. Yox, sadəcə bu avtobusların üslubu belə idi. Kənddən gəlib rayonun girəcəyində dayanırdılar, sonra alış-veriş edən adamları ordan da götürüb, təzədən kəndlərə qaytarırdılar. Rayonun içinə tam girməyən avtobuslar nanəmgilin evinin yaxınlığını özlərinə məskən seçmişdilər. Niyə məhz oranı? Əlbəttə, rayon mərkəzinə tam girməyən avtobuslar hardasa dayanmali idi, amma buna baxmayaraq yenə də “niyə məhz ora” sualı mənim üçün hələ də maraqlı sual olaraq qalmaqdadır. Səhər obaşdan kəndlilərin bazara satmağa gətirdikləri toyuqların, qazların, hinduşkaların səsi aləmi başına götürürdü. Arvadlar başlarında bağlamalar, əllərində toyuq-cücə, qaz, hinduşka, ördək üz tuturdular bazara tərəf.
İnanırsınız inanın, inanmırsınız da faciə deyil (güya nəyə inanırsınız ki…), avtobusdan düşürülən meyvə-tərəvəzlərin ətri səhər obaşdan bütün küçəyə yayılırdı. Orada, rayon mərkəzinə tam girməyən avtobusların dayandıqları yerdə, yəni nənəmgilin evinin yaxınlığında bazar günləri qəribə-qəribə hadisələr baş verirdi. Birdə görürdün ki, bazara satılmağa