Spartak. Рафаэлло Джованьоли

Читать онлайн.
Название Spartak
Автор произведения Рафаэлло Джованьоли
Жанр
Серия Dünya ədəbiyyatından seçmələr
Издательство
Год выпуска 0
isbn 9789952241846

Скачать книгу

ction>

Birinci fəsil

Sullanın səxavəti

Roma erasının 675-ci ilində1, noyabr idinə2 dörd gün qalmış (noyabrın 10-da) səhər açılan kimi camaat küçələrə axışır, Böyük sirkə tələsirdi. Romalıların üzü gülürdü, göy üzünü bürüyən buludlar yağış yağacağından xəbər versə də, bu onları təşvişə salmırdı.

Roma tarixinin 138-ci ilində tikilmiş sirk təxminən yumurta şəklində idi. Sirkə girən əsas yol tağın altından keçirdi ki, buna Baş qapı deyilirdi. Digər tağların altındasa tövlələr, ya da “kameralar” yerləşirdi. Romalıların ən çox xoşladığı qanlı döyüşlərdə qladiatorlar, vəhşi heyvanlar bu kameralarda olardı. Tamaşaçıların oturması üçün amfiteatr şəklində olan sıraların arasında pilləkənlər vardı. Həmin pilləkənlər başqa pilləkənlərlə bitişirdi. Sıraların sonunda qadınlar üçün tağlı eyvan vardı. Tamaşa göstərmək üçün tikilən bu əzəmətli Roma sirki 675-ci ildə belə idi.

Bu gün axı nə olacaqdı? Bu qədər camaatı sirkə hansı tamaşa cəlb edirdi?

Bütün Romanı qorxu içində saxlayan İtaliya hökmdarı Lutsi Korneli Sulla3 bir neçə həftə bundan əvvəl verdiyi əmrində Roma camaatına üç gün öz hesabına qonaqlıq və əyləncəli tamaşalar təşkil edəcəyini bildirmişdi. Bu qayda ilə Sulla sağ əli ilə qarət etdiyi dövlətinin bir hissəsini sol əli ilə romalılara paylayırdı.

İndi sirkdə yüz mindən çox tamaşaçı vardı. Sıralardakı qara camaatdan bəzisi evdən gətirdiyi yeməyi çıxarıb böyük iştahla yeyirdi. Dövlətlilərin ailələri qara camaatdan ayrı oturmuşdu. Onlar gülə-gülə qızğın söhbət edir, öz ədalarının üstünlüyünü gözə soxurdular.

Üçüncü sırada çox gözəl, füsunkar bir qadın oturmuşdu. Bu qəşəng geyimli gözəlin hələ otuz yaşı yox idi. O, Lutsi Valeri Messalanın qızı idi. Əri onu uşağı olmaması bəhanəsi ilə boşamışdı. Valeriyanın yanında Elvi Medulli oturmuşdu. O, naz-nemət içində böyümüş, ucaboylu bir adam idi. Qadının o biri tərəfində Mark Detsi Tsedisi əyləşmişdi. O, təxminən əlliyaşlı bir zadəgan idi. Hər şeydən çox yemək-içməyi xoşlayırdı. Bir qədər sonra Kvint Hortenzi4 də bura gəldi. O, natiqliyi ilə şöhrət qazanmışdı. Kvintin heç otuz altı yaşı olmazdı.

Valeriya və onunla söhbət edən adamlardan bir az kənarda iki uşaq ayaq üstə durmuşdu. Onlardan birinin on dörd, digərinin on iki yaşı vardı. Böyüyünün adı Katon, kiçiyininki isə Tsepion idi. Tsepion qardaşına nisbətən dilli-dilavər, Katonsa, əksinə, qaradinməz idi.

Yuxarıda, çıxış yollarından birinə yaxın olan yerdə daha bir uşaq oturmuşdu. O, on yeddi yaşlı bir oğlanla söhbət edirdi. Qısaboylu, solğun bənizli oğlanın adı Tit Lukretsi Kar5 idi. Gələcəyin bu böyük şairi on iki yaşı olan Kassi ilə şirin-şirin söhbət edirdi. Onlardan bir az aralıda Sullanın oğlu Favst oturmuşdu. O, sısqa, arıq, kürən bir uşaq idi.

Hələ təlim almamış cavan qladiatorlar meydanda taxta qılıncla vuruşurdular. Konsullar6 və Sulla gələnəcən tamaşaçıları bununla əyləndirirdilər. Birdən gurultulu alqışlar nəhəng amfiteatrı bürüdü.

– Yaşasın Böyük Pompey!7

Pompey sirkə girib kahin qızlarının yanında özünə yer tutdu. O, alqışların müqabilində xalqa nəzakətlə baş əyərək minnətdarlığını bildirdi.

Qney Pompeyin iyirmi səkkiz yaşı olardı. O, ucaboylu, möhkəm bədənli bir adamdı. Üzündən ciddiyyət və sərtlik yağan Pompey Roma xalqının sevimli sərkərdəsi idi.

Pompeydən sonra konsullar gəldilər. Konsullar gələn kimi cavan qladiatorların döyüşü dayandırıldı. Hamı vuruşmanın başlanması üçün konsulların verəcəyi işarəni gözləyirdi. Konsullar isə amfiteatrın sıralarına göz gəzdirir, sanki icazə almaq üçün kimisə axtarırdılar. Onlar Lutsi Korneli Sullanı gözləyirdilər.

Nəhayət, alqış səsi eşidildi. Sulla senatorların, dostlarının və tərəfdarlarının müşayiəti ilə Zəfər qapısından sirkə girdi. Bu qəribə adamın o vaxt əlli doqquz yaşı vardı. Sullanın sifəti dəhşətli olsa da, üzünün xətləri düzgün və ahəngdar idi. O, yavaş-yavaş irəliləyərək sirkə girdi. Alqış gurultularını eşidib acı-acı gülümsədi və astadan dedi:

– Əl çalın, əl çalın, sarsaq qoyunlar!

Bu zaman konsullar tamaşanın başlaması üçün işarə verdilər. Kameralardan yüz nəfər qladiator çıxıb sıra ilə meydanda irəliləməyə başladı. Onlar sirk meydanında dolanır, tamaşaçılar da əl çala-çala onları alqışlayırdılar. Gəlib Sullanın oturduğu yerə çatanda başlarını qaldırıb bir ağızdan çığırdılar:

– Salam sənə, hökmdar!

Sulla ətrafındakı adamlara sarı dönərək dedi:

– Belə baxanda yaxşıdılar! İgid, qüvvətli cavanlardır! Biz gözəl bir tamaşanın şahidi olacağıq.

Qladiatorlar sirk meydanını dolanıb konsulları salamladılar, sonra da kameralara qayıtdılar. Meydanda ancaq iki adam qaldı: bir mirmillon8, bir də retiari9.

Sirkə səssizlik çökdü. Hamının nəzəri vuruşmağa hazır olan bu iki qladiatora dikildi. Retiari birdən sıçrayaraq mirmillonun bir neçə addımlığında yerə düşdü, əlindəki toru ildırım sürətiylə düşmənin başına atdı. Mirmillon geri atılaraq özünü yerə sərib tordan canını qurtardı, sonra da retiarinin üstünə cumdu. Retiari yanıl- dığını başa düşərək qaçmağa başladı. Mirmillon onun ardınca yüyürdü. Lakin retiari bacarıqlı adamdı. O, meydanı dolaşaraq tor düşən yerə gəldi. Mirmillon ona çatanda toru düşməninin başına atdı. Mirmillon iməkləyərək torun altından çıxdı, cəld sıçrayışla ayağa qalxdı. Retiari irəliləyərək üçdişli yaraqla onun ancaq qalxa- nını cıza bildi. Bu zaman retiari yenə qaçmağa başladı.

Bu dəfə mirmillon onun ardınca yüyürmədi, düşməninin gələ biləcəyi tərəfə döndü, gedib tordan bir neçə addım kənarda durdu. Retiari onun hiyləsini duyaraq geri yüyürdü, silsilənin üstündən atıldı. Tərslikdən mirmillon onu burda gözləyirdi. O, retiariyə hücum edib onu qılınclamağa başladı. Retiarinin rəngi qaçmışdı. O, bütün gücünü toplayaraq əlindəki üçdişli yarağı mirmillonun ətrafında hərləyir, torunu yerdən götürməyə çalışırdı. Ancaq bunu məharətlə və cəld edə bilmədi, mirmillon qılıncı ilə onun sol çiynini yaraladı, qan yaradan fəvvarə kimi axmağa başladı. Retiari yaralansa da, toru götürüb qaçdı. Təxminən otuz addım qaçdıqdan sonra düşməninə sarı dönüb ucadan çığıra-çığıra dedi:

– Yara yüngüldür! Zərərsizdir!..

Sonra əlavə etdi:

– Gəl, gəl… Bu gün axşam mən mərhəmətli Xarona qızardılmış balıq göndərəcəyəm!

Retiarinin bu zarafatı mirmillonun yenidən hücum etməsinə səbəb oldu. Bu dəfə retiari torunu çox məharətlə ata bildi: düşmən tora düşdü. Mirmillon çıxmağa çalışsa da, daha artıq dolaşırdı. Tamaşaçılar qəhqəhə ilə gülürdülər. Retiari üçdişli yarağı ilə düşməninin üzərinə hücum çəkdi. Lakin mirmillon var gücünü toplayaraq güclü əlləri ilə toru yırtdı. İndi onun əlləri azad olduğundan retiarinin hücumuna qarşı dura bilərdi, ancaq tor onun ayaqlarını hərəkət etməyə qoymurdu.

Mirmillon toru yırtanda retiari yüyürüb əlindəki üçdişli yaraqla ona ağır zərbə endirdi. Mirmillon zərbəni elə qüvvətlə dəf etdi ki, əlindəki qalxan qırıq-qırıq oldu. Lakin üçdişli yaraq mirmillonu yaraladı, onun qolundan qan fəvvarə vurdu. Elə bu anda mirmillon sol əli ilə üçdişli yarağı tutdu, bütün gövdəsiylə düşmənin üstünə atılaraq qılıncı yarıyadək onun sağ buduna soxdu. Retiari silahını düşmən əlində qoyub qanı meydana tökülə-tökülə qaçdı. Lakin qırx addım getməmiş arxası üstə yerə yıxıldı. Mirmillon

1

Roma erası – Roma şəhərinin əsasının qoyulduğu tarixdən (eramızdan əvvəl 753-cü il) başlanır. Roma erasının 675-ci ili yeni tarix hesabı ilə bizim eradan 78 il əvvəl deməkdir.

2

İd – Roma təqvimi üzrə ayın ortası: martın, mayın, iyulun, oktyabrın on beşinci, başqa ayların on üçüncü günü.

3

Lutsi Korneli Sulla (e.ə. 138-78-ci illər) – aristokratların başçısı olmuşdur. E.ə. 82-ci ildə hakimiyyəti ələ keçirmiş, özünü hökmdar elan etmişdi. E.ə. 83-cü ildə Şərqdə Roma hökmdarlığını bərpa etdikdən sonra Romaya qayıtmış, senatı ona qeyri-məhdud hakimiyyət verməyə vadar etmişdir.

4

Kvint Hortenzi (e.ə. 114-50-ci illər) – məşhur Roma natiqi

5

Tit Lukretsi Kar – böyük Roma şairi və alimi

6

Konsul – Romada respublikanı idarə etmək üçün hər il iki konsul seçilərdi. Ali mülki hakimiyyət onların əlində olardı, müharibə zamanı orduya komandanlıq edərdilər.

7

Böyük Pompey (e.ə. 106-48-ci illər) – Roma sərkərdəsi və dövlət xadimi

8

Mirmillon – dəbilqəsinin ucunda balıq şəkli olan silahlı qladiator

9

Retiari – üçdişli yaraqla və torla silahlanmış qladiator