Mauqli. Редьярд Джозеф Киплинг

Читать онлайн.
Название Mauqli
Автор произведения Редьярд Джозеф Киплинг
Жанр
Серия Dünya ədəbiyyatından seçmələr
Издательство
Год выпуска 0
isbn 9789952241143 



Скачать книгу

      İnsan balası canavar ailəsində

      Hindistanın Sion dağlarına toranlıq düşürdü. Öz ailəsi ilə dağın döşündəki mağarada məskən salmış Ata Canavar günorta yatıb yuxusunu almışdı. İndi ova çıxmaq vaxtı idi. O gərnəşib mağaraya nəzər saldı. Küncdə onun dörd balası zingildəşirdi. Ana Canavar yekə başını balalarının üstünə qoyub mürgüləyirdi.

      Ata Canavar mağaradan çıxıb dağın yamacına enməyə hazırlaşırdı ki, kolluqda xəfif bir xışıltı eşidib durdu, tüklərini qabardıb döyüşə hazır vəziyyət aldı. Sonra hıqqana-hıqqana kolluqdan çıxan çaqqalı görüb sakitləşdi. Bu, Qabyalayan Tabaki idi.

      Canavarlar və ümumiyyətlə, cəngəllik heyvanları çaqqallara ikrahla yanaşırlar. Çünki bu rəzillər onun-bunun artığını yeyir, hamıya yaltaqlanır, söz gəzdirir, ara vururlar. Bununla belə, heyvanlar həm də çaqqallardan qorxurlar, ona görə ki daim zibillikdə eşələnən çaqqallar tez-tez quduzluq xəstəliyinə tutulurlar, sonra da qabaqlarına gələni dişləyib bu xəstəliyə yolux-dururlar. Bu, dəhşətli xəstəlikdir, odur ki heyvanlar çalışırlar çaqqallara baş qoşmasınlar.

      – Uğur olsun, ey böyük canavar! – Tabaki yaltaq səslə dilləndi. – Sənin balalarına möhkəm ayaqlar, iti dişlər arzulayıram. Qoy onlar heç zaman unutmasınlar ki, bu dünyada aclar da var.

      Ata Canavar Tabakinin istəyini başa düşürdü, ancaq bu iyrənc məxluqu mağarasına buraxmaq istəmirdi.

      – Burada yeməyə bir şey yoxdur. Mən indi ova hazırlaşıram.

      – Canavar üçün, ola bilsin ki, yoxdur. Ancaq mənim kimi xırda, aciz məxluq üçün bir parça quru sümük də böyük nemətdir.

      – Yaxşı, gir bax, gör nə tapırsan.

      Tabaki mağaranın küncündə iri bir maral sümüyü tapıb ləzzətlə xırçıldatmağa başladı. Yeyib qarnını bərkitdikdən sonra o, ev sahiblərini yeni cəngəllik xəbərləri ilə təəccübləndirmək istədi:

      – Şirxan ovlağını dəyişib. O, indi burada, dağda ov edəcək. Özü mənə dedi.

      Şirxan pələng idi. O, mağaradan iyirmi mil aralıda, Vayiqanqa çayının sahilində yaşayırdı.

      – İxtiyarı yoxdur! – deyə Ata Canavar qəzəblə dilləndi. – Cəngəllik qanununa görə, o heç kimə xəbərdarlıq etmədən ovlağını dəyişə bilməz.

      Bu yerdə söhbətə Ana Canavar qarışdı:

      – Şirxana doğulduğu gündən Lanqri (Topal) deyirlər, çünki o, axsaq doğulub. Odur ki bu yaramaz yalnız ev heyvanlarını ovlayır. Görünür, Vayiqanqa sahillərində yaşayan insanlar onun əlindən zinhara gəlib o yerlərdən qovublar. İndi də bizim tərəflərə təşrif buyurub. Bir azdan yaxın kəndlərin adamları duyuq düşüb cəngəlliyi ələk-vələk eləyəcəklər. O, yenə başını götürüb başqa yerlərə gedəcək. Bəs bizim balalarımızın axırı necəolacaq?

      Elə bu zaman aşağıdan, balaca çaya tərəf uzanan vadidən pələngin sərt, canları lərzəyə salan nəriltisi eşidildi. Bu, həmin səs idi ki, gecələr meşədə qalanların tükünü ürpədir, onları qaçaraq bəzən pələngin caynağına keçməyə məcbur edir. Ata Canavar hiddətlə:

      – Axmaq! – dedi. – Heç gecə ovuna da belə səs-küylə başlayarlar?! İndi bütün maralları ürküdəcək…

      – Suss! – Ana Canavar onun sözünü kəsdi. – Onun bu saat ovladığı maral deyil. O, insan ovlayır.

      Cəngəllik qanununa görə, heç bir heyvan mənsub olduğu qəbilənin ərazisində insan öldürə bilməzdi. Cəngəllik heyvanları yaxşı bilirdilər ki, öldürülmüş bir insana görə cəngəlliyə öyrədilmiş fillər üstündə yüzlərlə adam məşəllərlə və od püskürən silahlarla soxulacaq. Onda bütün heyvan sürüsü bu əraziləri tərk edib başqa yerlərə köçməli olacaq. Bir də ki, deyilənə görə, adamyeyənlər bir müddətdən sonra qotura tutulurlar, dişləri tökülür. Heyvan üçün bundan pis şey yoxdur.

      Pələngin tükürpədici nəriltisi birdən-birə ulama səsi ilə əvəz olundu. Bu anda Tabakiyə maraq güc gəldi. O, yavaşca sivişib mağaradan çıxdı.

      – Tuta bilmədi, – deyə Ana Canavar dilləndi. – Görəsən, niyə?

      – Pəncələrini yandırdı… Axmaq!.. Yəqin, tonqalın üstünə atılıb.

      Artıq canavar ailəsi də mağaranın ağzına çıxmışdı. Ana Canavar qulaqlarını şəkləyərək:

      – Kim isə mağaraya tərəf qalxır, – dedi. – Hazır ol!

      Doğrudan da, lap yaxından, meşənin sıx yerindən xışıltı səsi gəlirdi. Ata Canavar dal ayaqları üstə çökərək sıçramağa hazırlaşırdı ki, ağacların arxasından çıxan məxluqu görüb belini dikəltdi və yerindəcə donub-qaldı.

      – İnsandır! – deyə o mırıldandı. – Özü də lap baladır!

      Canavar ailəsinin qarşısında təzəcə ayaq açmış qarabuğdayı, yarımçılpaq bir oğlan uşağı ağaclardan yapışıb dayanmışdı. O, Ata Canavarın üzünə baxaraq sanki ondan mağaraya dəvət gözləyirdi. Cəngəllik tarixində indiyə kimi belə şey olmamışdı – insan övladı, özü də lap balacası təmbələmtəkcə canavar mağarasına təşrif buyurmamışdı.

      – İnsanın balası belə olurmuş? – deyə Ana Canavar dilləndi. – Onu bura gətir.

      Canavar, adətən, öz balasını dişi ilə tutub ora-bura daşıyır və bunu elə edir ki, bala canavarın heç ruhu da incimir. İndi də belə oldu: Ata Canavar dişləri ilə körpənin belindən yapışıb mağaraya elə apardı ki, uşağın heç dərisi də cızılmadı.

      Körpə insan balası heç nə olmayıbmış kimi canavar balalarının arasında özünə yer elədi və hətta bir azdan Ana Canavarı əmməyə başladı.

      Ana Canavar mehribanlıqla ona baxıb təəccübləndi:

      – Bir buna bax! Lap ətcədir.

      Elə bu zaman Tabakinin cır səsi eşidildi:

      – Ağa, ağa, o, buraya girdi!

      Mağaraya düşən ay işığı yoxa çıxdı: Şirxanın yekə başı girəcəyi tutmuşdu. Mağaranın ağzı dar olduğundan yekə pələngin bədəni buradan keçmirdi.

      Ata Canavar çağırılmamış qonağı görüb hiddətlənsə də, təmkinini pozmadı.

      – Şirxan bizə xoş gəlib. O nə istəyir?

      Şirxanın qaranlıqda parıldayan yaşıl gözləri mağaranın künc-bucağını axtarırdı:

      – Ovunu! İnsan balasını! Onun ata-anası qaçıb canlarını qurtardılar. Özü isə sizin mağaraya gəlib. Onu mənə verin.

      Ata Canavar yenə də sakit cavab verdi:

      – İnsan balasını biz tapmışıq. O bizimdir. İstəsək, özümüz parçalayıb yeyərik. Sənin sözün bizim üçün qanun deyil. Canavarlar ancaq sürü başçısının dediyinə əməl edirlər.

      Pələngin göy gurultusuna bənzəyən nəriltisi mağaranı lərzəyə gətirdi:

      – Qulaq as! Səninlə Şirxan danışır! İnsan balası mənim qənimətimdir! Onu mənə qaytarmasan…

      Bu yerdə Ana Canavar yerindən sıçrayıb üzünü Şir-xanın sifətinə lap yaxınlaşdıraraq düz onun gözlərinə baxdı.

      – Bura bax, səninlə danışan Rakşadır. İnsan balası mənimdir, mənimlə də qalacaq. O, sürüdə yaşayacaq və sürünün qanunlarına tabe olacaq. İndi isə rədd ol burdan, cəngəlliyin bədheybət məxluqu!

      Rakşa "iblis" deməkdir. Bu adı Ana Canavara nahaq yerə verməmişdilər. Onu acıqlandıranda heç bir canavar qarşısına çıxa bilməzdi. Rakşanın gözlərini görən Şirxan başa düşdü ki, bu qurdla zarafat etmək olmaz, odur ki mırıldana-mırıldana daldalı bayıra çıxdı. Özünü genişlikdə hiss edincə yenidən nərildədi:

      – Hələ