""Sirlər Xəzinəsi"" (fars مخزنالاسرار Məxzənül-əsrar) – Nizami Gəncəvinin ilk iri həcmli əsəridir. Yaxın və Orta Şərq ədəbiyyatında didaktik poema janrının ən qiymətli nümunəsi olan[1] bu əsər şairin yaradıcılığında epik şeir sahəsində ilk qələm təcrübəsi idi. Əsər hicri tarixilə 570-ci ildə yazılmışdır ki, miladi təqvimilə 1174-1175-ci illərə uyğun gəlir. «„Sirlər Xəzinəsi“» zahirən Nizamiyə qədər Yaxın və Orta Şərq ədəbiyyatında geniş yayılan didaktik əsərlər silsiləsinə daxildir. Mövzuca, məqsədcə müəyyən dərəcədə «„Kəlilə və Dimnə“», «„Qutadqu bilik“», «„Hədiqətül-həqiqə“», «„Siyasətnamə“», «„Qabusnamə“», «„Cəhar məqalə“» və sair kimi əsərlərə yaxın olan «„Sirlər Xəzinəsi“» həm də onlardan fərqlənir. Nizami sanki özünəqədərki didaktik ədəbiyyatı yekunlaşdırıb ona daha yüksək humanist[2] və demokratik[2] istiqamət vermişdir. Poema müxtəlif məsələlərə həsr edilmiş müqəddimə, məqalətlər və bu məqalətləri epik lövhələrlə əks etdirən kiçik hekayələrdən ibarətdir. Kitabın tamamlanması haqqında kiçik bəhslə poemaya yekun vurulur. Başlanğıcda şair tovhid, minacat, nət adlı başlıqlar altında Allahdan, peyğəmbərdən söhbət açır, islam dini ehkamları çərçivəsində onları tərifləyir. Zamanın tələbinə uyğun hərəkət edən şair bu bəhslərin özündə belə ənənəvi dini ifadələrlə olsa da, çox ciddi ictimai problemlərə toxunur. Nizaminin sənətkar mövqeyi bu hadisələrə münasibətdə də açıq-aydın diqqəti cəlb edir; şair oxucunu həyəcanlandırır, şairin əfvali-ruhiyyəsi, ürək təlatümləri oxucuya da sirayət edir. Məlum olur ki, bütün bu təriflər, müraciətlər əsil mətləbə keçmək üçün bir bəhanədir. Zəmanəsindən son dərəcə narazı olan şair Allaha və peyğəmbərə də böyük ideallar naminə müraciət edir, qədim düzlük və doğruluq, təmizlik dövrünün, islamın ilk illərinin həyatını qaytarmağa çağırır. Nizaminin ədalətli insan cəmiyyəti haqqında siyasi-ictimai-əxlaqi fikir və düşüncələri, Şerin epik-lirik janrda ilk qələm təcrübəsi olan «„Sirlər Xəzinəsi“»ndə hər biri ayrı-ayrılıqda bitkin bir sənət əsəri olan iyirmi məqalə və müqəddimədə pərakəndə halda, dağınıq verilmişdir. Bu pərakəndəliyə baxmayaraq iyirmi əsas məqalə və bədii müqəddimədə qoyulmuş mövzu və ideyalar məntiqi surətdə bir-biri ilə bağlanıb əsərin vahid mövzu və ideyasını ifadə edir. İctimai əmək, yüksək və aşağı təbəqə üzvlərinin əxlaqi keyfiyyətləri, cəmiyyətin qurulmasında şer və şairin rolu kimi mövzu və ideyalar bütünlükdə baş mövzunun, ədalətli insan cəmiyyəti haqqında fikir və düşüncələrin işıqlandırılmasına xidmətdədir. H. Araslı “Sirlər Xəzinəsi”nin əsas ideya və mövzusunun ədalət və əmək mövzusu olduğunu, ümumiyyətlə bu mövzuda dövrün mühüm ictimai-siyasi və əxlaqi məsəllərinin öz əksini tapdığını qeyd edir.[3] Y. E. Bertels “Sirlər Xəzinəsi”nin mövzusundan danışdıqda əsərin əsasında şairin ədalət və əmək haqqında fikirləri, verilən sözün üstündə durmaq, rəhmli olmaq, qızıla nifrət, həqiqi dostluq kimi əxlaqi məsələlərin durduğunu göstərmişdir.[4] F. Qasımzadə “Sirlər Xəzinəsi”nin ayrı-ayrı məqalələrində qoyulmuş mövzu və ideyaları əsasən ədalət, əmək və əxlaq kimi üç istiqamətdə qruplaşdırıb təhlil etməyin mümkün olduğunu qeyd edir.