İlk sevgi haqqında 10 hekayə. Qarabağ müharibəsi veteranı Kamil Dadaşovun gündəlikləri əsasında 2013-cü ildə qələmə alınıb. Vətən yolunda canını vermiş bütün oğul və qızlarımızın xatirəsinə həsr olunur. İndi onların heç biri həyatda yoxdur. Yalnız mən sağ qalmışam, əlil arabasına məhkum bir həyat yaşayıram. Qanlı döyüşə girəcəyimiz günə qədər, döyüş dostlarımın danışdığı hekayətləri yaddaşımda canlandırıb yazmağı qərara almışam. Nəyə görəsə bu hekayətlərin silinib getməsini istəmirəm. Bu əhvalatlar yaşadıqca dostlarım da yaşayacaq, mənə belə gəlir… Arxa cəbhəylə əlaqəmiz kəsilmişdi. 10 nəfər əsgər Tərtər rayonunun G. kəndində düşmənin mühasirəsində qalmışdıq. Sursatımız qurtarmaq üzrəydi, ərzağımız isə demək olar ki qalmamışdı, lakin geri çəkilə bilməzdik. Qərargahın bizdən xəbəri vardı və köməyə gələcəklərindən şübhə etmirdik. Günlərdir yağmaqda olan leysan yağış uşaqların əhvalını daha da pisləşdirirdi. Sığındığımız komanın hər yerindən içəriyə su sızırdı. Gecənin qaranlığı ümidsizlik doğururdu. Deyəsən elə buna görə takım komandiri Çingiz maraqlı bir təklif etdi: hər kəs ilk sevgisindən və ya qadınla ilk əlaqəsindən danışacaqdı. Göz-gözü görmürdü, buna görə də utanmağın yeri yox idi… Birinci özü başladı. Tabeçiliyində olan əsgərlərin ruh yüksəkliyini saxlamaq üçün belə etdiyini başa düşürdük. Diqqətlə ona qulaq asmağa başladıq. Qaranlıqda siqaretinin közü havada cizgilər çəkirdi. Çingizin səsi qup-quru idi, arada uzun-uzadı fasilə verərək danışırdı, hiss olunurdu ki, həyatının intim təfərrüatlarını danışmağa onun özü də tərəddüd edir. Sabah, on birinci gecənin tamamında, hava işıqlanmadan mühasirəni yarmaqdan ötrü döyüşə atılacaqdıq. Qərarımız beləydi; ya ölüm, ya qalım. O gecə heç birimizin gözünə yuxu getmədi. Rasim Qaraca: “On bir gecə”nin yazılma ideyası beynimdə çoxdan var idi. Qarabağ savaşında həlak olmuş gənclərin ilk sevgi əhvalatlarını yazmalıydım, məqsədim savaşda həlak olmuş 20 000 gənc vətəndaşımızın qaniçən savaşçılar deyil, ilk sevgilərini belə doyunca yaşamamış dünənki uşaqlar olduğunu çatdırmaq idi. Nəhayət 2013-cü illərin əvvəllərində yazmağa başladım. Kiçik həcmli olsa da tam bir il ərzində yaza bildim bu kitabı. İdeya var idi, amma 10 hekayənin yalnız 2-3-ü haqqında xəyali təsəvvür vardı. Bir əhvalatı yazıb bitirdikdən sonra növbəti hekayə haqqında düşünür və yazmağa başlayırdım. Hər əhvalatın yazılması təqribən bir ay vaxtımı alırdı. Eyni zamanda tanıdığım Qarabağ döyüşçülərilə görüşüb intervülər edir, material toplayırdım.