Leyli və Məcnun (fars لیلی و مجنون) – Nizami Gəncəvinin «Xəmsə» toplusuna daxil olan üçüncü poemadır. Əsər 1188-ci ildə fars dilində yazılmışdır. Nizami bu əsəri Şirvanşah I Axsitana (1160-1197) ithaf etmişdir. Əsərin süjetinin əsasında sonradan «Məcnun» (dəli) adlandırılan gənc Qeys və gözəl Leylinin nakam eşqindən bəhs edən qədim «Leyli və Məcnun» dastanı dayanır. 4600 beytdən ibarət olan poema «„Leyli və Məcnun“» haqqında dastanın fars dilində yazılmış ən məşhur variantıdır.[1] Nizami «Leyli və Məcnun» haqqında xalq dastanını yazılı ədəbiyyata gətirən ilk şairdir.[2] Nizami “Leyli və Məcnun” poemasında insanın mənəvi əsarətinə və məhəbbətin faciəsinə səbəb olan ictimai-dini ziddiyyətləti tənqid etmişdir. “Leyli və Məcnun”da ideya və məzmun iki əsas ədəbi priyom üzərində qurulmuşdur. Birinci halda Nizami iki gəncin faciəli məhəbbətini ictimai-dini şəraitlə əlaqələndirir. Əsərin bu hissəsində orta əsr həyat həqiqətlərinin güclü ifadəsi müşahidə edilir. İkinci halda isə, mövcud ictimai mühitdə insan səadətinin qeyri-mümkünlüyü fonunda yalnız maddi aləmi seyr edib ruhani aləmdəki əbədi gözələ qovuşmaq yolu ilə xoşbəxtliyə çatmağın mümkünlüyü göstərilir.