Türk dünyasının nəhəng fikir və əməl adamlarından biri olan görkəmli Azərbaycan mütəfəkkiri və ictimai-siyasi xadimi Əhməd bəy Ağaoğlunun daha bir kitabını oxucuların ixtiyarına veririk: “Atəşkəs və sürgün xatirələri”. Xatirələr 1919-1921-ci illərdə Əhməd bəy Ağaoğlu Maltada sürgündə olarkən qələmə alınıb. Əsər təkcə sürgün həyatının məşəqqətli və sərgüzəştli xatirələri ilə məhdudlaşmayıb. Burada oxucu Birinci Dünya savaşından sonra Osmanlı imperiyasının çöküşü və Türkiyənin gələcək taleyi, eləcə də bu hadisələrin fonunda Avropada, Rusiyada və Orta Asiyada cərəyan edən hadisələrlə bağlı Ağaoğlunun fikir və düşüncələri, ideoloji baxışlarında yaranan ziddiyyətli məqamları ilə tanış ola bilər. Xatirələrdə həmçinin, Türkiyənin alçaldıcı sülhə sürüklənməsinə etiraz olaraq Anadoluda vüsət alan Qurtuluş hərəkatı, bu hərəkatda Ağaoğlunun tutduğu mövqe və gördüyü işlər də öz əksini tapıb. “Atəşkəs və sürgün xatirələri” XX əsrin əvvəllərində dünyada cərəyan edən hadisələri öyrənmək baxımından qiymətli mənbə sayıla bilər.