Azərbaycanda, eləcə də Yaxın Şərqdə məşhur qəzəl şairi kimi şöhrət qazanmış Əliağa Vahidin yaradıcılıq bioqrafiyası maraqlı və özünəxas cəhətlərə malikdir. Vahid qəzəl yaradıcılığında püxtələşdikcə, klassik qəzəl məktəbinin istedadlı davamçışı kimi, öz dəsti-xətti ilə seçilmiş, qəzəlləri və satirik şeirləri xalq arasında sürətlə yayılmış, ürəklərə yol tapmış, sevilmiş və dillər əzbəri olmuşdur.
Füzuli ənənələrinin davamçısı olan Əliağa Vahid müasir Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsidir. Qəzəlləri poetik dilinin sadəliyi, xəlqiliyi və ahəngdarlığı ilə seçilir, xanəndələrin repertuarında mühüm yer tutur. Ə.Vahid Nizami, Xaqani, Füzuli, Nəvai və başqalarının qəzəllərini Azərbaycan türkcəsinə tərcümə etmişdir. Kitabımıza müəllifin qəzəllərini və şeirlərini daxil etmişik.