Название | "Qanadı sınmış quş" da uçarmış |
---|---|
Автор произведения | Süleyman Vəliyev |
Жанр | |
Серия | Xatirə ədəbiyyatı |
Издательство | |
Год выпуска | 0 |
isbn | 978-995-255-749-7 |
“QANADI SINMIŞ QUŞ” DA UÇARMIŞ
(Sənədli roman)
“Xatirə Ədəbiyyatı” silsiləsindən 32-ci kitab
“MÜVƏQQƏTİ ÇƏTİNLİKLƏR”
Ramana Abşeron yarımadasının ən yüksək nöqtəsində, kiçik bir dağın üstündə yerləşir. Uzun əsrlərdən bəri burda məskən salmış Bakı kəndlərindən biridir. Əzəmətli, qədim qalası ilə məşhurdur. Əvvəllər kəndin dörd həndəvəri üzüm bağları imiş. Sonra Abşeronun bu guşəsində də buruqlar boy göstərməyə başlayıb. Bir azdan kəndin özünü də köçürmək, evlərin altından neft çıxarmaq istəyiblər. Kəndin ağsaqqalları buna baş bulayıb. Qafqaz valisi general Vorontsov-Daşkova qədər şikayətlərini çatdırıblar. O da rədd cavabı verib. Ancaq ramanalıları heç qüvvə yurd yerindən aralı sala bilməyib.
Mən 1916-cı ilin son günlərinin birində Ramanada doğulmuşam. Birinci dünya müharibəsinin alovlandığı günlərdə. (Bəlkə buna görə sonralar həyatım “od-alov” içində keçib). Necə deyərlər, göz açıb ata-anamı, kənd adamlarını, bir də əfsanə və nağıllardan çıxdığını güman elədiyim əcaib nəhəngləri – buruqları görmüşəm. Quyuların gurultusundan, iniltisindən əvvəl diksinib, sonra alışmışam. İnsan hər şeyə qatlaşdığı kimi.
Ramana Bakının inqilab ocaqlarından biri olub. Qaladan bir qədər aşağıda köhnə bir mədənin ərazisində iki kiçik otaqdan ibarət ev var. Serqo Orçonikidze 1908-ci ildə burada feldşer işləyib, inqilabçıları gizli qəbul edib, Leninin tapşırıqları ilə onları təlimatlandırıb. Bura Bakı bolşeviklərinin baş qərargahı sayılırdı. Hazırda evin qabağında Serqo Orçonikidzenin heykəli yüksəlir. Onun qabaq qənşərində “Qudok” qəzetinin gizli redaksiyası muzey kimi qorunur. Həmid Sultanov, Məmməd Məmmədyarov, “Bığlı ağa” adı ilə məşhur olan Abbas Əlican, Əmir Bağırov kimi qocaman kommunistlər əmək fəaliyyətinə Ramanada başlamışdılar. Atam da neftçi olub. O, inqilabçılarla, xüsusən Həmid Sultanovla yaxın dost idi. Həmid Sultanov 1907–1909-cu illərdə Ramana mədənlərində işlərkən fəhlə tətillərinin təşkilatçılarından olmuşdu.
Atam dünyaya göz açıb anasını görməmişdi. Uşaqlığından başı daşdan-daşa dəymişdi. Zəhməti sayəsində özünə bir gün qazanmışdı. Ata-anam məni ərköyün böyütməyib, istəsəydilər də bunu edə bilməzdilər. Yaxama gözmuncuğu da salmayıblar. Buna ehtiyac yox idi. Arıq, qarabuğdayı oğlandım. Çit köynəkdə… Yeməkdən qıtlıq çəkirdik. Əsas xörəyimiz darı sıyığı idi, onunla böyümüşdük. Bunu mədən idarəsi bizə pulsuz verirdi.
O zaman hamımız başa düşürdük ki, ölkəmiz ağır imtahanlardan çıxıb, xalq təsərrüfatı bərbad halda idi. Ehtimal edirdik ki, təxminən on ildən sonra, otuzuncu illərin ortalarında iqtisadi vəziyyətimiz yaxşılaşacaq. O zaman hamı eyni şəraitdə yaşayırdı. Hər cür azğınlığa, feodal dövrünə xas olan cəhalətə, tayfaların “qan davası”na son qoyulmuşdu. Atam deyərdi: “İndi gecələr rahat yatıram”.
Lenin, Nərimanov və başqa partiya rəhbərlərinin hər sözü ürəyimizdən xəbər verirdi. Ümumiyyətlə, iyirminci illərin fərəhli, şən günləri, ruh yüksəkliyi uşaqlıq xatirəmlə bağlıdır. Bakı neftçilərinin beşillik planı iki il yarımda yerinə yetirməsi respublikamızda böyük bayram təntənəsinə çevrilmişdi. Bu zaman Azerneft idarəsi və bir qrup partiya təsərrüfat sənayesinin işçiləri Lenin ordeni ilə təltif olunmuşdu. Ölkəmizin hər bir nailiyyətinə ürəkdən sevinirdik.
Otuzuncu illərdə sənayemizdə müəyyən irəliləyiş olsa da, əhalinin ərzaqla təmin edilməsində dönüş yaranmadı. Ancaq dözməli, “müvəqqəti çətinliklərə” sinə gərməli idik.
Kəndimizdə bir neçə xüsusi ərzaq dükanı vardı. Burada təzə ət və başqa yeyinti məhsulları satılırdı. Ancaq onların qiyməti baha idi. Çox vaxt ərzağı nisyə alırdıq. Dükançıların qalın, boz rəngli dəftəri yaxşı yadımdadır. Onlar köhnə əlifba ilə yazırdılar. Filan gün filankəs iki girvənkə ət, yarım girvənkə pendir aldı… Anam ən çox soğan bozbaşı bişirərdi. Bu adi kasıb xörəyinin ləzzəti indi də damağımdadır. Su satan köşklərdə kisel satardılar. Onu bir tikə çörəklə yeyərdilər. Bu, qəlyanaltı sayılırdı.
Otuzuncu illərdəki aclıq, bir parça çörək həsrətində olduğum günləri də heç zaman unuda bilmirəm. Çörək dükanlarının qabağında gecədən növbə tutardıq. Növbənin ucu-bucağı görünməzdi. Ertəsi günü böyük müsibətdən sonra bir kömbə çörək alıb evə gətirəndə özümüzü xoşbəxt sayardıq. Çörək kartoçka sisteminə keçəndə (işləməyənə 400 qram, fəhləyə isə bir kilo verirdilər. Çörək ona görə çox yeyilirdi ki, başqa ərzaq yox idi). Ramana mədənində fəhləliyə başladım.
Həmid Sultanov adına Ramana qəsəbə klubunun nəzdində ədəbiyyat dərnəyi vardı. Ona görkəmli ədibimiz Seyid Hüseyn rəhbərlik edirdi: Ona bir neçə hekayə oxudum. Hekayələrdən “Əmanət kassası” nisbətən xoşuna gəldi, mənə bir neçə məsləhət verdi. Yazım üzərində yenidən işlədim. Onun köməyi ilə hekayə “Hücum” jurnalının Oktyabr inqilabının 15 illiyinə həsr olunmuş 10-11-ci nömrəsində (1932) “Gənc kadrlarımız yazır” başlığı altında şəklimlə birlikdə çap olundu. Onda 16 yaşım vardı. Özümə belə sual verdim: “Görəsən, niyə məhz “Əmanət kassası” Seyid Hüseynin nəzərini cəlb etdi?” Bu haqda düşünəndə çox şey mənə bəlli oldu.
Hekayə ailəmizdə baş verən bir əhvalata həsr edilmişdi. Atam əmək haqqını alıb şəhərə getmişdi, bizə hədiyyə almaq istəyəndə görür ki, cibindən pulunu çıxarıblar. Bu, evdə böyük qanqaralığa səbəb oldu. Mən onda əməyin qiymətini bilirdim. Atama təskinlik verib öz-özümə deyirdim: “Elə bir hekayə yazmaq lazımdır ki, cibgirlər müflis olsun”. Başıma belə bir fikir gəldi: pulu əmanət kassasında qorumaq! Ancaq bunu bədii əsərdə söyləmək bəsit və sadəlövh görünməzmi? Əlbəttə, burada dərinliyə getməyə heç bir ehtiyac yoxdur. Hekayə təbliğat məqsədi daşımalıdır. Belə də oldu.
“ Kəllə qənd” hekayəm də uşaqlıq xatirəmlə bağlıdır. O da olmuş bir hadisənin əsasında yazılmışdı.
Atam xəstə idi, qızdırma içində yana-yana arzuladı: “Qəndlə bir stəkan çay içsəydim, özümə gələr, ayağa qalxardım. Mən anama baxdım. O məni başa düşdü. Dolabın üstdə göy lentə bağlanmış kəllə qəndi götürüb dedi: “Bu, Süleymanın sənə hədiyyəsidir”. Atamın gözləri sevincdən yaşardı. Əlbəttə, o dəqiqə başa düşdü ki, bu qəndi necə almışam. Atamın hərdənbir mənə verdiyi qəpik-quruşu yığıb “Qara gün” üçün saxlardım. Elə bil hiss etmişdi ki, bu pul bir gün kara gələr. O zaman bu sözü tez-tez eşidirdim. Çünki fəhlələrin, kasıbların həyatda fərəhli günləri çox az olurdu. Atam kəllə qəndi görərkən özünü xoşbəxt saydı. Onun sevincindən parlayan gözləri indi də yadımdan çıxmayıb. Atam bir dəfə aclıqdan gileylənəndə ona təsəlli vermək istədim:
– Ata, bu, müvəqqəti çətinlikdir. Deyirlər ki, ikinci beşillikdən sonra ölkəmiz daha qüdrətli olacaq. Kapitalist ölkələrini ötüb keçəcəyik. Mağazalarda nə desən olacaq…
Atam istehza ilə gülümsündü, sanki mənə demək istədi: “Çox gopa basma”. Bir atam deyil, hamının əhvali-ruhiyyəsi belə idi. Adamlar bir tikə çörəyə həsrət yaşayırdı. Axşamlar itlər ulayırdı. Ramana qəbiristanlığı böyürürdü. Ancaq mədəniyyət ocaqlarının divarlarına vurulan: “Həyat yaxşı olub, şən olub” şüarını görəndə heç kəs bir söz deyə bilmirdi. Mətbuatda “Firavan yaşayırıq” sözünə tez-tez rast gəlirdik. Həyatla söz arasındakı belə kəskin ziddiyyətə hamı laqeyd idi. Kim bilir, bəlkə mənə belə gəlirdi. O zaman “Stalinin 6 göstərişi” (kitabça kimi çap olunmuşdu) dəbdə idi. Onu hamı əzbər bilməli idi, xüsusən fəhlələr.
1934-cü ildə Lökbatanda “Neft zərbəçisi” adlı çoxtirajlı qəzet nəşr olunurdu. Qəzetin redaktoru Saleh Hüseynov Ramanadan idi. Onun tövsiyəsi ilə həmin qəzetdə ədəbi işçi kimi çalışdım. İşə qəbul olmamışdan rayon partiya komitəsinin katibi Vorensə Stalinin 6 göstərişindən imtahan vermişdim. (1937-ci ildə Vorens, sonralar onu əvəz edən ramanalı Məmmədqulu Quliyev və başqaları “xalq düşməni” elan olundu). O zaman Lökbatanın şöhrəti bütün ölkəyə yayılmışdı. 45 nömrəli quyu gündə 25-30 min ton