Xatirələr. Yıxılan rejimin və bitməyən Eşqin hekayəsi. Fərəh Pəhləvi

Читать онлайн.
Название Xatirələr. Yıxılan rejimin və bitməyən Eşqin hekayəsi
Автор произведения Fərəh Pəhləvi
Жанр
Серия Xatirə ədəbiyyatı
Издательство
Год выпуска 0
isbn 978-995-255-738-1



Скачать книгу

      XATİRƏLƏR

      YIXILAN REJİMİN VƏ BİTMƏYƏN

      EŞQİN HEKAYƏSİ

      “Xatirə Ədəbiyyatı” silsiləsindən 21-ci kitab

      

      İran şahı Məhəmməd Rza Pəhləvi və Şahbanu Fərəh Pəhləvi

      Fərəh Pəhləvi 1938-ci il oktyabrın 14-də Tehranda doğulub. Atası Söhrab Diba İran Ordusunun zabitlərindən idi. Eyni zamanda Sorbonnada (Fransa) hüquq təhsili almışdı. Diba (farsca “ipək” mənasını verir) ailəsinin kökləri Azərbaycanda, Xəzər dənizi sahillərində yaşayan Qütbi xanədanına gedib çıxır. Fərəh Pəhləvi Tehrandakı Janna d’Ark və Razi məktəblərini bitirəndən sonra Parisdə memarlıq təhsili aldı. Memarlığa duyduğu böyük sevgi bütün həyatı boyunca davam elədi.

      1959-cu ildə dekabrın 21-də İran şahı Məhəmməd Rza Pəhləviylə ailə qurdu. 1967-ci ildə Kraliça (Şahbanu) oldu və İran tarixi ərzində tac qoyan ilk qadın kimi tanındı. Ailə qurandan sonra bütün diqqətini sosial fəaliyyətə yönəltdi. Qadınların azadlığına, idman və sənət sahələrinin inkişafına üstünlük verdi. Təhsil, sağlamlıq, mədəniyyət və yardım yönümlü iyirmi dörd dərnəyə rəhbərlik elədi. Sənətə olan meylinin İrandakı mədəni mühitin canlanmasına böyük təsiri oldu. İranlı gənc sənətçiləri dəstəkləməsi qədim ənənəvi sənətlər və memarlıqla bağlı muzeylərin açılmasına təkan verdi.

      Ölkədə yaranan qarmaqarışıqlıqlar ucbatından Şahla birlikdə ölkəni tərk elədi. İrandakı şahlıq rejiminin 1979-cu il yanvarın 16-da devrilməsindən sonra Baham adalarından Meksikayacan uzanan geniş bir ərazidə sürgün həyatı yaşadı. Ciddi xəstəliyə tutulan Şah 1980-ci il iyulun 27-də Misirin paytaxtı Qahirədə vəfat elədi.

      Rza, Fərəhnaz, Əli Rza və Leyla adlı dörd uşaq dünyaya gətirdi. Qızı Leyla 2001-ci il iyunun 10-da Londondakı bir otel otağında ölmüş vəziyyətdə tapıldı. 2003-cü ildə 65 yaşını qeyd eləyən Fərəh Pəhləvi “Xatirələr” adlı kitabını nəşr etdirdi. Hələ də uşaqlarıyla birlikdə Amerikada sürgün həyatı yaşayır.

      Aydınlığın düşmənləri

      tərəfindən qətlə yetirilənlərin xatirəsinə.

      İranın bütövlüyü üçün

      həyatlarını itirənlərin xatirəsinə.

      İran xalqına;

      uşaqlarıma;

      şahıma olan sevgim adına.

      Son uçuşu xatırla,

      quş ölümlüdü…

      Foruq Fərruxzad

      Bu kitabın yazılmasında məndən

      köməyini əsirgəməyən Lionel Duroya

      minnətdarlığımı bildirirəm.

      

      Fərəh Diba imzasıyla, 1959

      Nə vaxt o 1979-cu il yanvar səhərini xatırlayıram, eyni dərin kədər gəlib ürəyimə saplanır. Aylardan bəri atəş və qan içində yaşayan paytaxtımız sanki qəfildən solub-saralmışdı, insanın hövsələsini daraldan səssizlik çökmüşdü Tehranın üzərinə. 16 yanvar günü ölkəmizdən ayrılırdıq. Şahın müvəqqəti olaraq geri çəkilməsinin çaxnaşmanın yatmasına köməyi olacağını düşünüb yurdumuzu tərk eləyirdik.

      Getməyə məcburuyduq. Bu qərar on gün qabaq verilmişdi. Rəsmi olaraq, sanki bir neçə həftəlik tətil üçün xaricə gedirdik. Şah vəziyyəti xalqa bu şəkildə bildirməyi arzu eləmişdi. Amma zaman-zaman baxışlarında oxuduğum o dərin kədər buna özünün də inanmadığını göstərirdi. Mən də çox inanmırdım, amma bütün qəlbimlə ümid bəsləyirdim. Həyatının otuz yeddi ilini xalqına həsr eləyən bir insanın gələcəkdə nə vaxtsa millətinin inamını qazanmaması, mənə görə, mümkünsüzüydü. Onun hökmdarlığı müddətində İran qarşısıalınmaz inkişafa nail olmuşdu. Aralıq sakitləşəndə, hamı bu həqiqəti, əlbəttə, dərk eləyəcəkdi. Mən bu ümidimi qoruyub saxlayırdım. Bütün gördükləri xatırlanacaq, ona edilən haqsızlıq aradan qaldırılacaqdı.

      Qar yağmışdı. Gün doğanda, Elbrus dağlarından əsən sərt külək buz kimi qar dənələrini ətrafa sovururdu. Gecə qəribə şəkildə sakit keçmişdi; elə sakit keçmişdi ki, Şah bir neçə saat yata bilmişdi, bu da az şey deyildi! Keçən bir il ərzində Şah xeyli arıqlamışdı, hadisələr onun içini yeyib-tükədirdi, bu da bəs deyilmiş kimi, xəstəlik də onu zəiflətmişdi. Üstəlik, son həftələrdə tez-tez asayiş qaydalarının ziddinə, əsgərləri heçə sayan və binaların damlarına dırmanan nümayişçilərin kin dolu səs-küyü saraya, bizə qədər gəlib çatırdı: “Allahü-Əkbər!”, “Rədd olsun Şah!” Bu həqarətlərdən Şahı qorumaq üçün hər şeydən keçərdim.

      Artıq uşaqlarımız yanımızda deyildi. Kiçik Leylamın qəfildən qapını açıb içəri girməsi, Fərəhnazın atasına bir az ürkək, sevgi dolu baxışları, Əli Rzanın elədiyi və ərimin həmişə şəfqətlə qarşıladığı şaqraq zarafatları… Bütün bunlardan məhrum olduq. Saray zülmətə bürünmüşdü. Bütün bunların iyirmi il ərzində bizi xoşbəxt eləyən ailə həyatının sonu demək olduğunu qabaqcadan hiss eləsəm də, uşaqlarımın gedişini son ana qədər gecikdirmişdim. Böyük oğlum Rza Amerikada hərbi pilot olmaq üçün təhsil alırdı. O zaman on yeddi yaşındaydı və hər gün bizə zəng eləyirdi. Amerika televiziyalarının araşdırdığı tərzdə olan İrandakı vəziyyət onu son dərəcə qayğılandırırdı. Ölkənin çarəsiz şəkildə xaosa sürükləndiyini görməklə bərabər, oğlumu sakitləşdirməyə çalışır, dözməsi və tamamilə ümidini itirməməsi üçün onu ruhlandırmağa can atırdım.

      Ölkənin büsbütün hər yerində insanlar işlərini atmışdılar, müəssisələr dayanmış, iqtisadiyyat pozulmuşdu. Hər gün yeni nümayişlər keçirilir, kinlə dolu yeni təhdidlər səslənir, uydurma xəbərlər sel kimi axırdı. Şah oğluyla telefonla çox qısa danışırdı, o da atasına qayğısını heç bildirməməyə çalışırdı. Və insanlar qaçırdılar. Hər ay firma şefləri, mühəndislər, tədqiqatçılar, dövlət məmurları ölkəni tərk eləyirdilər. Qısa bir müddətdən sonra biz də qara qüvvələrin qətiyyətlə batırmaq qərarı verdikləri bu gəmidə son “mühacirlər” kimi yerimizi tutacaqdıq.

      Uşaqların yola düşməsindən lap qabaqkı bir neçə gün qorxulu keçmişdi. Yalnız səkkiz yaşında olan Leyla elə bil, yaşadığımız o insanı dəhşətə salan gərginliyin çox fərqində deyildi, amma on beş yaşlı Əli Rza və on iki yaşlı Fərəhnaz narahatlıqlarını gizlətmirdilər. Böyük qızımızın bağçanın barmaqlıqları önündə uzun müddət durduğunu və sakitcə boş küçələri izlədiyini görürdüm. Əvvəllər ara-sıra oynadığı, söhbətləşdiyi həminki nəşəli uşaqları görməmək onu təəccübləndirirdi. Bütün o uşaqlar hara qeyb olmuşdular? Bu arada generallar, siyasətçilər, pedaqoqlar və bəzi din adamları bir-birinin ardınca saraya gəlib, ərimə düşüncələrini ərz eləyirdilər. Bəziləri barış imkanları və siyasi çözüm yolları göstərirdilər, bəziləri isə vaxt itirmədən orduya atəş açmaq əmri verməsi üçün Şaha yalvarırdılar. Amma o, hər dəfədə: “Hökmdar taxtını yurddaşlarının qanı bahasına xilas eləməyə cəhd göstərməz, diktator bunu düşünə bilər, amma hökmdar bunu əsla eləməz!” – deyib hamısını qətiyyətlə rədd eləyirdi.

      Şah ən ağıllı çözümün ölkədən getmək olduğunu düşünürdü. Beləcə, uşaqlardan ayrılmağı qərara aldıq. Fərəhnaz elə bir ay qabaq, 1978-ci il dekabrın ortalarında böyük qardaşı