.

Читать онлайн.
Название
Автор произведения
Жанр
Серия
Издательство
Год выпуска
isbn



Скачать книгу

      İki naməlum qadın

      1784-cü ilin şaxtalı qışı Fransanın bir hissəsini öz cənginə almışdı. Təkcə elə Parisdə üç yüz min zavallı soyuqdan və aclıqdan əziyyət çəkirdi.

      Kral xəzinənin bütün pulunu bu adamların vəziyyətini yüngülləşdirməyə xərclədi. Kraliça isə qənaət edib yığdığı puldan beş yüz luidor[1] ianə verdi. Monastırları, xəstəxanaları, ictimai binaları sığınacağa çevirdilər.

      Ancaq hava düzəlmək bilmirdi. Tezliklə qar yığınları yolları, keçidləri bağladı. Paris qara təslim olub qışla mübarizəni dayandırdı…

      Martın sonlarında havalar, nəhayət, mülayimləşdi. Ancaq gecələr yer donduğundan küçələrdə şütüyən karet və kabrioletlər[2] yanlarından keçən piyadaların üstünə sürüşür, onların qəniminə çevrilirdi…

      Belə günlərin birində Parisə bir kirşə[3] girdi. Kirşədə iki qadın oturmuşdu. Xəz kürkə bərk-bərk büründüklərindən üzlərini görmək mümkün deyildi. Onlardan daha qədd-qamətli olan qadın pambıq yaylığı dodaqlarına sıxaraq üzünə çırpan küləyə fikir vermədən başını dik tutmuşdu.

      Sent-Krua-d’Anten kilsəsində saat beşi vurdu və Parisə qaranlıq çökməyə başladı. Bu vaxt kirşə şəhərin qədim Sen-Deni darvazasının yaxınlığında idi. Yaylığı dodağına sıxan qadın barmağını faytonçunun çiyninə toxundurdu.

      Kirşə dayandı.

      – Veber! – qadın dilləndi. – Kabrioleti siz tanıdığınız yerə gətirərsiniz. Küçələrin halını görürsünüz. Hər yan palçıqdır. Kirşə ilə qayıtmaq çətin olar.

      Bundan sonra qadın kirşədən hoppandı və rəfiqəsinin əlindən tutub uzaqlaşdı…

      Malikanə

      Bulvarın tinində öz əzəməti ilə seçilən binada bir vaxtlar görkəmli fizik Cüzeppe Balzamo yaşamışdı. Binanın bir hissəsindəki yanğından sonra Balzamo yoxa çıxmış, malikanədə isə təmir işləri aparılmamışdı.

      İndi gəlin, kiçik bağa bitişik olan, hasara alınmış hündür binanın qapısını döyək. Divara söykənmiş pilləkən sonuncu – altıncı mərtəbəyə qalxır.

      Qapı açıqdır. Boş, qaranlıq otağa daxil oluruq. Pəncərənin pərdəsi salınıb. Bu otaq dəhliz rolunu oynayır, oradan ikinci otağa qapı açılır. Döşəməyə parket əvəzinə taxta vurulub. Üç kresloya sarı məxmərdən üz çəkilib. Köhnə taxtın yastıqları qırışıb. Oturan olanda kreslolar etiraz eləyirlərmiş kimi cırıldayır.

      Divardan isə iki portret asılıb. Birinci portret Fransa və Polşa kralı III Henrixi xatırladır. Hə, özüdür ki var: portretin qızıl suyuna çəkilmiş çərçivəsinə qara hərflərlə yazılıb: Henrix de Valua. Digər portretdə isə qaragözlü, balaca burunlu gənc qadın təsvir olunub. Bu portretin altında qara hərflərlə yazılıb: Janna de Valua.

      Portretlərin bu evdə nə işi var? Suala cavab tapmaq üçün palıd ağacından düzəldilmiş stola tərəf baxsanız kifayətdir: orada sadə geyimli bir qadın dayanıb və köhnə məktublara baxır. Həmin qadın Janna de Lamott de Valuanın özüdür. Ondan üç addım aralıda isə altmış yaşlarında Klotilda adlı qulluqçu qarı durub.

      Birdən qadın əlini saxladı və qulluqçu qarıya dedi:

      – Zəng çalınır!

      Qarı dəhlizə yüyürdü, onun xanımı isə kədərli görkəm alıb taxtda oturdu. Çox keçmədi ki, dəhlizdən səs eşidildi. Kimsə nəzakətlə soruşdu:

      – Xanım de Lamott burada yaşayır?

      – Bəli, xanım. Qrafinyaya kimin gəldiyini deməyimi əmr edirsiniz? – Klotilda da eyni nəzakətlə xəbər aldı.

      – Deyin ki, xanımlar xeyriyyə cəmiyyətindən gəlib, – qadınlardan yaşca böyüyü bildirdi.

      – Parisdən?

      – Parisdən, özü də Versaldan, hökmdar sarayından.

      Bu cavabdan sonra yad qadınlar Klotildanın arxasınca işıqlı otağa girdilər. Janna de Valua kreslodan çətinliklə qalxıb hər iki qonağı hörmətlə salamladı.

      Janna de Lamott de Valua

      Janna de Lamott kimlərlə görüşdüyünü təxmini bilmək üçün onları gözaltı süzdü. Qadınlardan böyüyünün otuz iki yaşı olardı. O, çox gözəl idi, ancaq üzündəki təkəbbürlü ifadə bu gözəlliyə, az da olsa, xələl gətirirdi. Ümumi görkəmi onun adlı-sanlı nəsildən olduğunu göstərirdi.

      Xanımın yol yoldaşı ondan dörd-beş yaş kiçik olardı və öz gözəlliyini hər vəchlə nəzərə çarpdırmağa çalışırdı.

      Janna de Valua hansı xoşbəxt təsadüfün onları buraya gətirdiyi ilə maraqlandı.

      Qadınlar bir-birinə baxdılar.

      – Xanım! – yaşca kiçik olan sözə başladı. – Siz evlisiniz, elə deyilmi?

      – Mən nəcabətli zadəgan qraf de Lamottun arvadıyam.

      – Biz isə bir xeyriyyə təşkilatını himayə eləyirik. Vəziyyətiniz haqqında bizə danışıblar. Bəzi məlumatlar bizə maraqlı gəldiyindən sizi daha yaxından tanımaq istədik.

      – Xanım! Sizin qarşınızdakı III Henrixin portretidir. O, ulu babamın əmisidir. Mənim damarlarımda Valua sülaləsinin qanı axır.

      – Xanım, – yaşca böyük olan qadın məlahətli səslə dedi, – ananızın qapıçı olduğu doğrudurmu?

      Janna qızardı:

      – Doğrudur, xanım. Anam Mari Josel öz gözəlliyi ilə seçilirdi. Atam onu sevib. Mən atam tərəfdən əsilzadə nəslindənəm. Atam Sen-Remi de Valua krallar sülaləsindəndir.

      – Bəs necə oldu ki, siz belə kasıbladınız?

      – Sizə məlumdur ki, hakimiyyət Valua sülaləsindən sonra Burbonlara keçdi. Həmin vaxtdan etibarən Valua ailəsinə mənsub olanlar qorxudan soyadlarını dəyişməli olub. İllər keçdi və babam öz məşhur soyadını qaytarmaq qərarına gəldi. Beləliklə, yenidən Valua soyadı ilə öz əyalətinin ucqarında kasıbçılığını eləməyə başladı. Fransa sarayında isə heç kimin ağlına gəlmirdi ki, taxt-tacın cah-calalından uzaqda kral nəslindən olan biri acınacaqlı həyat sürür.

      Janna sözünü bitirib susdu.

      – Atanız rəhmətə gedib? – yaşı digərindən az olan qadın soruşdu.

      – Bəli, xanım. III Henrixin nəticəsi olan atam baron de Valua paytaxtda, Parisdə aclıqdan və kasıbçılıqdan ölüb.

      – Ola bilməz! – hər iki qadın heyrətlə qışqırdı.

      – O heç də burada, – Janna sözünə davam etdi, – bu kasıb mənzildə, öz yatağında ölməyib. Mənim atam Parisin mərkəzi xəstəxanasında ölüb.

      Qadınlar heyrətdən donub qaldılar.

      – Atamın öz tayı ilə evlənmədiyini, yəqin ki, bilirsiniz, – Janna yenidən dilləndi.

      – Bəli, qapıçı qadınla evlənmişdi.

      – Həmin qadın bununla fəxr eləmək, atama minnətdar olmaq əvəzinə onu var-yoxdan çıxarıb. Anamın bitməyən tələblərini yerinə yetirmək üçün atam hətta sonuncu torpaq parçasını da satmağa məcbur olub. Sonra anam israr edib ki, o, Parisə gedərək kral nəslinin nümayəndəsi kimi özünün bəzi hüquqlarını geri alsın. Atam, görünür, kralın ədalətinə bel bağlayırdı. Odur ki olan-qalanı pula çevirib Parisə yollandı. Onun məndən başqa bir oğlu və bir qızı da var. Qardaşım orduda başını girləyir. Zavallı bacım isə atamın Parisə getdiyi ərəfədə bir fermerə övladlıq verilib. Onun sonrakı taleyindən xəbərsizik… Atamın səfəri onunla nəticələndi ki, olan-qalan pulumuz da bitdi. Atam boş yerə hamıya ağız açmaqdan bezmişdi. Biz onu evdə az-az görürdük. O, evdə olmayanda anam acığını məndən çıxırdı. Sonra atam xəstələnib yatağa düşdü. Atama dinclik lazım olduğunu bəhanə eləyib məni onun otağına



<p>1</p>

Luidor – Fransada qızıl sikkə (6-7 qramlıq təmiz qızıl)

<p>2</p>

Kabriolet – biratlı, sürətli, ikitəkərli, yüngül araba

<p>3</p>

Kirşə – altı hamar iki paralel xizək üzərində düzəldilmiş minik və ya yük arabası