Linkoln. Карл Август Сэндберг

Читать онлайн.
Название Linkoln
Автор произведения Карл Август Сэндберг
Жанр
Серия Tarixi yaradanlar
Издательство
Год выпуска 0
isbn 9789952245097



Скачать книгу

      Bəzi insanları həmişə, hamını isə bəzən aldada bilərsiniz, lakin hamını hər zaman aldada bilməzsiniz.

Linkoln

      Vəhşi Qərbdə keçən uşaqlıq və gənclik

      1776-cı ildə məşhur İstiqlaliyyət Bəyannaməsi qəbul edildi. Bu, Amerika Birləşmiş Ştatlarının yaranmasını, xalqın suverenliyi ideyasını, bütün insanların qanun qarşısında bərabərliyini nəzərdə tutan bir sənəd idi.

      Həmin dövrdə xam torpaqlarla zəngin Pokinham qraflığında Avraam Linkoln adlı bir zabit yaşayırdı. Avraam hindularla müharibəyə qoşulan Virciniya xalq könüllü dəstəsinin kapitanı olmuşdu. Ona atası Con Linkolndan 210 akr1 torpaq qalmışdı. İngiltərə, Şotlandiya, İrlandiya, Almaniya və Hollandiyadan gələn başqa köçkünlər kimi, Avraam da indi ailəsi ilə birgə qədimdən hindulara məxsus olan xam torpaqları kotanla şumlayırdı. Onun üç oğlu – Mordexay, Coşua, Tomas və iki qızı var idi.

      1782-ci ildə Avraam və ailəsi hazırda paytaxtı Frankfort olan Kentukki ştatına köçdü. İki il sonra isə onun başına dəhşətli hadisə gəldi. Avraam uşaqları ilə tarlada işləyirdi. Bu zaman oğlanlar güllə səsləri eşitdilər. Atası «Hindulardır!» deyərək güllələrdən qorunmaq üçün yerə yıxıldı. Mordexay daxmaya cumdu, Coşua kömək çağırmaq üçün meşəyə qaçdı, altı yaşlı Tomas isə qanı axan atasının yanında qaldı. O, başını qaldırıb yanında dayanmış hindunu gördü. Elə bu vaxt hindu əllərini yana açdı və bükülərək yerə sərildi. Ona daxmanın pəncərəsindən atəş açan Mordexayın gülləsi dəymişdi.

      Sonralar Tomas dülgərlik və xarratlıq sənətinə yiyələndi. İndi o, az da olsa oxumağı, soyadını yazmağı bacarırdı. On doqquz yaşında Kentukki ştatının könüllüləri sırasına daxil oldu. İyirmi dörd yaşında isə Kamberlend qraflığına konstebl2 təyin olundu. 1803-cü ildə Mill-Krik ətrafında özünə torpaq aldı.

      Tomas Linkoln 1806-cı ildə iyirmi iki yaşlı Nensi Henks ilə evləndi. Bu qızı Nensi Sparrou da çağırırdılar, çünki Tomas və Elizabet Sparrouların evində böyümüşdü, onların ögey qızı idi. Nensinin iki qardaşı vardı: Con və Dennis. Bu qardaşlardan ən kiçik olan Dennis də Sparroular ailəsinin himayəsində böyüyürdü.

      1807-ci ildə Nensinin qızı oldu, adını Sara qoydular. Bir il sonra ailə Nolin-Krik çayının sahilinə köçdü. Tomas öz kəsdiyi şalbanlardan daxma tikdi. Daxmanın kiçik pəncərəsindən uzanıb gedən çöllük görünürdü.

      Saradan iki il sonra – 1809-cu ildə isə Nensi oğlan uşağı dünyaya gətirdi. Tomas ocağa odun qoyub Nensinin üstünü bərk-bərk örtərək iki mil3 aralıda yaşayan Sparrougilə yollandı. Onu kandarda həmin vaxt doqquz yaşında olan qaynı Dennis qarşıladı. «Nensi oğlan doğdu», – Tomas utana-utana dedi.

      Dennis bunu eşidincə Linkolnların evinə tərəf götürüldü. Nensi şüvüllərdən düzəldilmiş yataqda uzanmışdı. O, körpədən gözünü çəkib Dennisin üzünə gülümsədi. «Nensi, ona nə ad qoyacaqsınız?» – Dennis soruşdu. «Avraam, – Nensi cavab verdi, – babasının adını daşıyacaq».

      1811-ci ilin yazında Tomas ailəsini təzə yerə köçürdü. O Nob-Krikin sahilində 230 akr torpaq almışdı. Gənc ailənin yeni daxması məşhur Kamberlend yolunun yaxınlığında yerləşirdi. Bu yolda Birləşmiş Ştatların cənubuna üz tutan köçkünlərin furqonlarına, müxtəlif xırdavat mallarla alver edən çərçilərə (xırdavatçılara), kölələri qabaqlarına salıb aparan qul alverçilərinə rast gəlmək olurdu. Kentukkinin ən böyük şəhəri Luisvillə iclasa gedən konqresmenlər, qanunverici məclisin üzvləri də qəşəng faytonlarda buradan keçirdilər.

      Balaca Avraam yerimək və danışmağı burada öyrəndi. Bir az böyüyəndə isə ev işlərində valideynlərinin köməyinə çatdı. Məktəb evdən dörd mil aralıda idi. Sara ilə Avraam hər gün bu yolu qət eləyirdilər. Şalbanlardan tikilmiş, döşəməsi torpaq olan həmin daxmada onlar əlifbanı və 10-a kimi saymağı öyrəndilər.

      Tomas Linkoln xaraktercə saf və dürüst adam idi. Ancaq 1814-cü ildə sənəddə edilən bir səhv ucbatından Mill-Krikdəki fermasını satmalı oldu.

      1816-cı ilin dekabrında Linkolnlar ailəsi dörd at və ən vacib ev əşyaları ilə birlikdə Kentukkidən şimala doğru üz tutdu. Onlar Amerikanın ən böyük çayı olan Missisipinin qolunu – Ohayonu keçərək İndianaya yetişdilər. Burada Tomas xeyirxah qonşularının və hələ səkkiz yaşına çatmayan balaca Avraamın köməyi ilə daxma tikdi. Avraam sonralar xatırlayırdı ki, balaca olmasa da, yaşından çox böyük görünürdü, üstəlik, ilk dəfə əlinə baltanı da həmin vaxt almışdı. Bu ən lazımlı aləti Avraam o vaxtdan etibarən bir də heç vaxt əlindən buraxmadı…

      Həmin il ailə üçün ağır keçdi. Əsasən meşədə vurduqları maral, ayı, ördək, qaz əti ilə qidalanırdılar. Gecələr isə daxmanı ocaqda tüstülənən odunlar işıqlandırırdı.

      1817-ci ilin sonlarında Linkolnların sahəsinə bir furqon yaxınlaşdı. Gələnlər köhnə dostları Tomas və Elizabet Sparroular idi. Yanlarında isə artıq on yeddi yaşı tamam olan gülərüz Dennis var idi.

      Sparroular torpaqsız qalmışdılar, odur ki Linkolnların daxmasına sığındılar. Ancaq bir il keçmədi ki, Tomas və Elizabet Sparrounu «süd xəstəliyi» həyatdan apardı. Bu xəstəlik nəticəsində dildə ağ ləkələr əmələ gəlirdi. Güman edirdilər ki, inəklərin yediyi bəzi otlar onların südünü zəhərləyir. Həmin südü içənlər isə sağalmaz xəstəliyə tutulurdular.

      Az sonra belə bir ağ ləkə Nensinin də dilində əmələ gəldi. O, öləcəyini bildiyindən uşaqları yanına çağırıb zəif səslə onlarla vidalaşdı. Bu vaxt tarix 1818-ci il oktyabrın 5-ni göstərirdi.

      Nensinin ölümündən sonra evin iş-gücünün ağırlığı on iki yaşlı Saranın çiyinlərinə düşdü. İşi belə görən Tomas çıxış yolu tapdı: o, Kentukkiyə gedib çoxdan tanıdığı dul qadın Sara-Buş Constona evlənmək təklif etdi. Sara-Buş bu təklifə müsbət cavab verdi. Beləliklə, 1819-cu il dekabrın 2-də onlar evləndilər.

      Bir səhər daxmalarına yaxınlaşan furqondan Sara-Buş Linkoln və onun ilk nikahdan doğulan üç uşağı – on üç yaşlı Sara, on yaşlı Matilda və doqquz yaşlı Con düşəndə, Sara ilə Avraam öncə mat qaldılar. Lakin çox keçmədi ki, Sara-Buş qəhrəmanımızın – Avraamın xoşuna gəldi. Həmin gündən Linkolnların birotaqlı daxmasında səkkiz nəfər yeyib-yatırdı.

      Avraam əlifbanı öyrənən kimi əlinə keçən kitabları oxumağa girişdi. O, sonralar dəfələrlə demişdi: «Bilmək istədiyim hər şey kitablarda yazılıb. Mənim ən yaxşı dostum – hələ oxumadığım kitabı mənə verən adamdır».

      Gənc Linkoln məktəb və kitablardan savayı, təhsilini başqa yollarla da alırdı. O bütün ailədəkilər və qonşular üçün məktublar yazırdı. Vəkillərə qulaq asmaqdan və onların işi necə apardığını öyrənməkdən ötrü 30 mil yolu getməyə ərinmirdi. Belə ki, qaynar hadisələrin cərəyan elədiyi şəhərlərə gedib siyasi natiqlərə qulaq asır, onların deklamasiyasını4 yamsılayırdı. Məhz həmin vaxtlarda ilk dəfə viskinin dadına baxdı və onun ağla, sağlamlığa heç nə vermədiyini başa düşdü. Papiros çəkməyi də sınadı və tütünü qətiyyən bəyənmədi.

      Zaman keçdikcə Avraamın həyatında analığı böyük yer tuturdu. Dərdli, fikirli vaxtlarında Sara-Buş onun dostuna, sirdaşına çevrilirdi.

      Günlərin bir günü Avraam iş axtarışına çıxdı və Ohayo çayının sahilinə yollandı. Orada paroxodlar, kənd təsərrüfatı məhsullarının daşındığı yastıdibli qayıqlar, sənaye mərkəzlərindən mallar gətirən gəmilər gördü. İlk dəfə burada birinci qayığını düzəltdi, sərnişinləri sahildən aralıda dayanan paroxodlara daşımağa başladı.

      Bir müddət sonra isə Missisipi çayı ilə Yeni Orleana qayıqla satmağa ərzaq aparan gənc Linkoln ilk dəfə böyük şəhər gördü. İri gəmilər buradan Avropaya pambıq, şəkər, tütün və ərzaq daşıyırdılar. Müxtəlif xalqların dənizçiləri burada vurnuxur, ucadan danışır, bərk hay-küy



<p>1</p>

Akr – gündə bir cüt öküzlə şumlanan sahə. 1akr 4046,86 kv.m-dir (red.).

<p>2</p>

Konstebl – ABŞ-da aşağı çin polis rütbəsi (red.)

<p>3</p>

Mil – əsasən ABŞ və İngiltərədə istifadə olunan məsafə ölçü vahidi. 1 mil 1420 metrə bərabərdir (red.).

<p>4</p>

Deklamasiya – hər hansı mətni ruh yüksəkliyi ilə, intonasiya, jest və mimikalarla söyləmək bacarığı (red.)