Tarzan və onun heyvanları 3. Эдгар Райс Берроуз

Читать онлайн.
Название Tarzan və onun heyvanları 3
Автор произведения Эдгар Райс Берроуз
Жанр
Серия Dünya ədəbiyyatından seçmələr
Издательство
Год выпуска 0
isbn 9789952242591 



Скачать книгу

kitab

      I fəsil

      Oğurlanmış uşaq

      – Çox müəmmalı əhvalatdır. Dəqiq bilirəm ki, nə polisin, nə də baş qərargah zabitlərinin bunun necə baş verdiyindən xəbərləri var. Hamıya bircə şey məlumdur: Nikolas Rokoff yoxa çıxıb, – deyə d`Arno dilləndi.

      Əvvəllər meymun qəbiləsindən Tarzan kimi tanınan Con Kleyton – lord Qreystok Parisdə, dostu leytenant Pol d`Arnonun evində oturub məyus-məyus gözlərini parıldayan çəkməsinin ucuna dikmişdi.

      Lord dərin düşüncələr içindəydi. Nikolas Rokoff Tarzanın verdiyi şahid ifadələri əsasında ömürlük həbsə məhkum edilmişdi. İndi isə, budur, ona deyirlər ki, qatı düşməni naməlum şəraitdə Fransanın ordu həbsxanasından qaçmağa müvəffəq olub.

      Rokoff dəfələrlə Tarzanın həyatına qəsd etmişdi. Bunu lord Qreystok unutmamışdı və tamamilə əmin idi ki, təhlükəli cani azadlığa çıxan kimi, ilk növbədə, həbsinə bais olmuş adamdan qisas almağa çalışacaq, məqsədinə yetişməyincə sakitləşməyəcək.

      Tarzan arvadı ilə oğlunu Uziridən, Afrikada Vaziri məmləkətindəki malikanəsindən Londona yenicə gətirmişdi. Orada yağışlar mövsümü başlanmışdı. Yüksək nəmişlik uşağın səhhətinə ziyan idi.

      Ailəsini Londondakı malikanəsində yerbəyer edən kimi lord Qreystok Parisə, köhnə dostu d'Arno ilə görüşməyə getmişdi. Dostundan aldığı ilk xəbər uzun ayrılıqdan sonra görüş sevincini alt-üst etmişdi. Artıq o, Londona qayıtmaq barədə düşünürdü.

      – Mən özümə görə qorxmuram, Pol! – nəhayət, Kleyton sükutu pozdu. – Rokoffla döyüşlərdən həmişə qalib çıxmışam. Amma əvvəl öz əlim, öz başım idi. İndi isə ailəmin təhlükəsizliyinin qayğısına qalmalıyam. Mən bu adamı yaxşı tanıyıram, bilirəm ki, arvadıma və balaca Cekə zərər yetirməyə çalışacaq. O, yaxşı başa düşür ki, məndən ancaq bu cür intiqam ala bilər. Yox, Pol, yubanmadan Londona qayıtmalıyam. Rokoff tutulana, ya da birdəfəlik zərərsizləşdirilənədək yanlarında qalmalıyam…

      Dostlar Parisdə ikilikdə söhbət edən vaxt başqa iki şübhəli şəxs Londonun kənarındakı gecəqonduların birində qabaq-qabağa əyləşib məkrli planlar cızırdı. Görkəmlərindən onların əcnəbi olduqları bilinirdi. Həbsxanadan qaçmış, arıq və yorğun sifətli kişi qarabuğdayı, topasaqqal həmsöhbətinə deyirdi:

      – Mütləq saqqalını qırxmalısan, Aleksis. Yoxsa tanıyacaqlar. Biz indi ayrılacağıq. Amma çox ümid edirəm ki, «Kinkayd»ın göyərtəsində görüşəndə yanımızda iki «fəxri qonağımız» da olacaq. Doğrudur, tezliklə uzaq səfərə çıxacaqları barədə onların özlərinin hələlik xəbərləri yoxdur. Bu gecə mən qonaqlarımızdan biri ilə Duvr limanında olacağam. Sabah axşam isə, əlbəttə, əgər mənim dediklərimə dəqiq əməl etsən, digər qonağı sən gətirəcəksən. Əminəm ki, səylərimiz uğurla nəticələnəcək, böyük gəliri əldən verməyəcəyik. Fransız hökuməti axmaqlıq edərək mənim həbsxanadan qaçmağım barədə məlumatı bir müddət gizlədib, odur ki planımızı incəliklərinə qədər düşünüb-daşınmaq, əməliyyatı hazırlamaq üçün kifayət qədər vaxtımız olub, işimizdə heç bir maneə yaranmamalıdır. Hə, xudahafizləşmək vaxtıdır, Aleksis. Uğurlar olsun!..

      Üç saatdan sonra Parisdə poçtalyon leytenant d'Arnonun evinin qapısını döyürdü.

      – Lord Qreystoka teleqram var, – deyə poçt xidmətçisi qapını açan qulluqçuya məlumat verdi. – O, buradadır?

      Qulluqçu sənədə qol çəkib teleqramı götürdü və yubanmadan onu yola çıxmağa hazırlıq görən Tarzana çatdırdı.

      Tarzan kağızın qatını açan kimi rəngi ağardı, teleqramı dostuna uzatdı:

      – Oxuyun, Pol. Başlandı.

      Teleqram iki qısa cümlədən ibarət idi:

      «Ceki təzə qulluqçumuzun köməyi ilə oğurlayıblar. Təcili geri qayıt.

      Ceyn».

* * *

      Tarzan Londondakı malikanəsinin pilləkənlərini qaça-qaça qalxdı. Qapıda onu arvadı gözləyirdi. Ceyn özünü mərdanə aparırdı: lord ledinin gözlərində bir damcı da yaş görmədi, qadının balaca yumruqları qəzəbindən düyünlənmişdi.

      Ceyn hadisənin necə baş verdiyini qısaca Tarzana danışdı.

      Səhər tezdən dayə Ceki uşaq arabasına qoyub həyətin gün dəyən tərəfində gəzdirməyə çıxarmışdı. Bu vaxt bir taksi evə yaxınlaşmış və binanın küncündə dayanmışdı. Maşından heç kim çıxmamışdı, amma sürücü avtomobilin mühərrikini söndürməmişdi, sanki o, kiminsə evdən çıxmasını gözləyirmiş. Dayə bunlara diqqət yetirsə də, ciddi əhəmiyyət verməmişdi.

      Qreystokların təzəcə işə götürdükləri Karl adında qulluqçu həmin an qaça-qaça pilləkənləri düşmüşdü, xanımın əlimyandıda dayəni axtardığını, uşağı Karlın yanında qoyub dərhal yuxarı qalxmağı tələb etdiyini demişdi. Bu da dayədə heç bir şübhə oyatmamışdı. Amma o, qapının ağzına çatanda ayaq saxlamışdı ki, Karla uşağı gəzdirəndə arabanı döndərməməyi, körpənin gözünə gün salmamağı tapşırsın. Geri dönəndə görmüşdü ki, qulluqçu iti addımlarla arabanı maşına doğru aparır. Taksinin qapısı açılmış və oradan qarabuğdayı bir kişinin başı görsənmişdi. Dayə təhlükə hiss etmiş və özünü taksiyə tərəf atmışdı. Karl isə uşağı da götürüb tez taksiyə oturmuş və qapını çırpmışdı. Amma sürücü maşını yerindən tərpədənədək dayə özünü yetirmiş və avtomobilin ayaq yerinə sıçramışdı. Nə qədər çalışsa da, qapını aça bilməmişdi. Taksi evdən aralanıb yola çıxanda Karl pəncərənin şüşəsini endirmiş və bir yumruqla dayəni avtomobilin ayaq yerindən aşağı salmışdı. Yazıq qızın əl-ayağı əzilmişdi.

      Dayənin qışqırıqları yoldan keçənlərin diqqətini cəlb etmişdi. Hətta Ceyn də səsə evdən bayıra çıxmış və dayənin uşağı qaytarmaq üçün necə fədakarlıqla mübarizə apardığını öz gözləri ilə görmüşdü.

      Ledi Qreystok baş vermiş əhvalat barədə ərinə bundan artıq bir şey danışa bilmədi. Onun hər hansı fərziyyəsi, kimdənsə şübhələnmək üçün əsası yox idi. Axı Qreystoklar Londonda heç kimlə düşmənçilik etmirdilər. Körpə uşağı oğurlamaq kimin ağlına gələ, işinə yaraya bilərdi? Yalnız Tarzan Rokoffun həbsxanadan qaçdığını söyləyəndən sonra Ceyn zərbənin haradan gəldiyini dərk etməyə başladı.

      Kabinetdə telefon zəng çalanda Tarzan ledi Qreystokla məhz bu barədə danışır, oğlunu xilas etməyin yollarını arayırdı. Dəstəkdə tanış olmayan kobud kişi səsi eşidildi:

      – Lord Qreystok?

      – Bəli.

      – Sizin oğlunuz oğurlanıb, mən onu qaytarmağa kömək edə bilərəm. Oğruların planları barədə dəqiq məlumatım var, çünki bu cinayətin hazırlanmasında və həyata keçirilməsində şəxsən iştirak etmişəm. Boynuma alıram. Mənə pul mükafatı söz vermişdilər, amma görürəm ki, aldatmaq istəyirlər. Mən də hərif deyiləm, heyfimi heç kimdə qoymaram. Qulaq asın, lord, oğlunuzu geri qaytarmaqda sizə yardım göstərməyə hazıram. Bircə şərtim var: söz verməlisiniz ki, sonradan bu işdə əlim olduğuna görə məni təqib etməyəcəksiniz. Razılaşdıq?

      – Söz verirəm, əgər məni oğlumun gizlədildiyi yerə aparsanız, sizi heç vaxt təqib etməyəcəyəm, – deyə Tarzan cavab verdi. – Əksinə, yaxşıca mükafatlandıracağam.

      – Danışdıq, – naməlum kişi sevindi. – Mən dediyim yerə gələcəksiniz. Amma tək olacaqsınız. Sizin quru vədinizə inanmağımın özü bir riskdir. Yanınızdakı ikinci adama etibar edə bilmərəm…

      – Nə vaxt və harada görüşək? – Tarzanın kişini sonadək dinləməyə səbri çatmadı.

      – Duvr limanında bir yeməkxana var, matrosların sevimli görüş yeridir. Bu axşam saat onda ora gəlin. Tələsməyə ehtiyac görmürəm, hələlik oğlunuza heç bir təhlükə yoxdur. Biz görüşəndən sonra mən sizi onun gizlədildiyi yerə aparacağam. Amma bir daha