Hekayələr. Иван Бунин

Читать онлайн.
Название Hekayələr
Автор произведения Иван Бунин
Жанр
Серия Hekayə ustaları
Издательство
Год выпуска 0
isbn 9789952242621 



Скачать книгу

itle>

      MİTYANIN MƏHƏBBƏTİ

I

      Moskvada Mityanın axırıncı sevincli günü martın doqquzu idi. Hər halda, ona belə gəlirdi.

      Onlar Katya ilə birlikdə səhər saat on ikiyə işləyəndə Tverskoy bulvarla yuxarı qalxırdılar. Qışı birdən-birə bahar əvəz etmişdi, günəş yeri, demək olar, qızdırırdı. Elə bil ki, doğrudan da, torağaylar uçub gəlmiş, özləri ilə isti hava, sevinc gətirmişdilər. Hər şey islanmışdı, hər şey əriyirdi, evlərdən su damırdı, dalandarlar səkilərin buzunu sındırıb qazıyır, yumşalmış qarı damlardan yerə atırdılar; hər yer adamla dolu, qələbəlik idi. Yüksəkdəki buludlar seyrək ağ tüstü kimi dağılaraq mavimtraq səmaya qarışırdı. Uzaqda fikrə dalmış xoşsimalı Puşkin ucalırdı; Strastnoy monastır parlayırdı. Lakin hər şeydən yaxşı bu idi ki, həmin gün xüsusilə məlahətli olan Katya bütünlüklə sadəqəlblik və səmimiyyət mücəssəməsi idi, tez-tez uşaqcasına sadəlövhlüklə Mityanın qoluna girir, aşağıdan onun üzünə, xoşbəxt, hətta elə bil azca təkəbbür ifadə edən çöhrəsinə baxırdı. Mitya elə iri addımlarla yeriyirdi ki, Katya onunla zorla ayaqlaşırdı.

      Puşkinin yanında Katya birdən dedi:

      − Sən necə də məzəlisən, güləndə yekə ağzın uşaqcasına bacarıqsız, məlahətlə açılır. Sən incimə, mən səni elə bu təbəssümünə görə sevirəm. Bir də sənin Bizans gözlərinə görə…

      Həm mübhəm məmnuniyyətini, həm də yüngülvarı narazılığını zorla gizlədərək gülümsəməməyə səy edən Mitya indi artıq qarşısında yüksələn abidəyə baxa-baxa dostcasına cavab verdi:

      − Uşaqlığa qalanda, deyəsən, bu cəhətdən biz bir-birimizdən o qədər də uzaqlaşmamışıq. O ki qaldı bənzəməyə, sən Çin imperatriçəsinə bənzədiyin kimi, mən də bizanslıya bənzəyirəm. Bu Bizanslar, İntibahlar sizin hamınızın ağlını çaşdırıb… Mən sənin ananın hərəkətlərini başa düşə bilmirəm!

      Katya soruşdu:

      − Yaxşı, bəs sən onun yerində olsaydın, məni balaxanaya salıb qapısını kilidləyərdin?

      Mitya özünü sakit və dostcasına laqeyd saxlamaq cəhdini davam etdirərək cavab verdi:

      − Balaxanaya salmazdım, amma bütün o, guya ki artistlər bohemasını, studiyalardan və konservatoriyalardan, teatr məktəblərindən peyda olan bütün bu gələcək şöhrət sahiblərini evin astanasına da yaxın buraxmazdım. Axı sən özün mənə deyirdin ki, Bukovetski səni Strelnaya şama dəvət edirdi, Yeqorov sənin nəsə ölməkdə olan dəniz dalğası şəklində lüt bədəninin gildən heykəlini yapmaq istəyirdi, sən də ki bu cür şərəfə nail olmaqdan məmnun qalmışdın.

      Katya dedi:

      − Mən, fərqi yoxdur, hətta sənin xatirinə də incəsənətdən imtina etmərəm. Ola bilsin, sənin tez-tez dediyin kimi, mən murdarın biriyəm, − deyə əlavə etdi. Halbuki Mitya ona heç vaxt belə söz deməmişdi. − Ola bilsin, mən pozğun adamam, lakin sən məni necə varam, elə qəbul et. Gəl savaşmayaq, heç olmasa indi, bu cür gözəl gündə sən məni qısqanmaqdan əl çək! − Katya onun gözünün içinə bu dəfə süni işvəkarlıqla baxaraq yavaşdan və israrla: − Axı necə başa düşmürsən ki, mənim üçün sən, hər halda, hamıdan yaxşı, yeganə insansan? − deyərək dalğın halda, aram-aram ifadəli tərzdə oxudu:

      Bizim aramızda mürgülü bir sirr,

      Ürək ürəyinə üzük veribdir.

      Bu son sözlər, bu şeir Mityaya artıq çox bərk toxundu. Ümumiyyətlə, hətta elə həmin gün də bir çox şey iyrənc və iztirablı idi. Uşaqcasına bacarıqsızlıq haqqındakı zarafat onu dilxor etmişdi: bu cür zarafatları Katyadan o, birinci dəfə eşitmirdi, həm də bunlar təsadüfi deyildi. Katyanın gah bu, gah da digər bir məsələdə özünü ondan yaxşı hesab etməsi nadir hal deyildi, dəfələrlə, həm də qeyri-iradi (yəni tamamilə təbii olaraq) özünün ondan üstün olmasını nümayiş etdirirdi. Mitya da bunu Katyanın nəsə əsrarəngiz eyibli təcrübəliliyinin əlaməti kimi iztirabla qəbul edirdi. “Hər halda” ifadəsi xoşuna gəlmirdi (“sən, hər halda, mənim üçün hamıdan yaxşısan”), bir də xoşuna gəlməyən o idi ki, bu sözləri deyəndə səsini nə üçünsə qəflətən yavaşıtmışdı, xüsusilə xoşuna gəlməyən isə şeirin ifadə ilə oxunması idi. Buna baxmayaraq hətta şeirə və onun oxunmasına, yəni Katyanı Mityanın əlindən alan mühiti ona hər şeydən artıq xatırladan, onun nifrətini və qısqanclığını kəskin şəkildə coşduran əlamətlərə bu sevincli doqquz mart günü o, nisbətən asanlıqla dözdü, sonralar Mityaya çox zaman elə gəlirdi ki, Moskvada keçirdiyi həmin gün onun sonuncu sevincli günüdür.

      Həmin gün Kuznetsk körpüsündən geri qayıdanda Katya Simmermanın mağazasından Skryabinin bir neçə əsərini aldı; Katya, sözarası, onun, Mityanın anası haqqında danışmağa başladı, özü də gülə-gülə dedi:

      − Mənim irəlicədən ondan necə qorxduğumu sən təsəvvür edə bilməzsən!

      Sevişdikləri bütün müddət ərzində nə üçünsə bir dəfə də olsun onlar gələcək məsələsinə, sevgilərinin nəylə qurtaracağı məsələsinə toxunmamışdılar. İndi birdən Katya onun anası haqqında danışmağa başladı, özü də elə başladı ki, sanki Mityanın anasının onun gələcək qayınanası olması onsuz da aydın idi.

II

      Sonra hər şey sanki əvvəlki kimi davam edirdi. Mitya Katyanı Bədaye Teatrının studiyasına, konsertlərə, ədəbi axşamlara müşayiət edir, yaxud onun Kislovkadakı otağında əyləşir və Katyanın anasının qızına verdiyi əcaib azadlıqdan istifadə edərək gecə saat ikiyə qədər otururdu; Katyanın anası həmişə ənlik-kirşanlı olan, həmişə papiros çəkən, tünd-qırmızı saçları olan məlahətli, mehriban bir qadın idi (o, çoxdan ərindən ayrı yaşayırdı, əri ikinci dəfə ailə qurmuşdu). Katya da Mityanın yanına, onun Molçanovkadakı tələbə nömrələrinə gəlirdi; həm də onlar, əvvəlki kimi, bütün görüş vaxtını öpüşlərlə keçirir, demək olar, daim məst olunca, taqətdən düşüncə öpüşürdülər. Lakin Mityaya elə gəlirdi ki, qəflətən nəsə dəhşətli bir şey başlanmışdır, nəsə dəyişmişdir; Katyanın hərəkətlərində dəyişiklik əmələ gəlmişdir.

      O unudulmaz könülaçan günlər, onların təzəcə görüşdükləri, yenicə tanış olaraq birdən, ancaq bir-biri ilə (lap səhərdən axşama qədər də) söhbət etməyin hər şeydən maraqlı olduğunu duyduqları xoş günlər tez keçib-getdi, – o vaxtlar idi ki, Mitya heç gözləmədən, uşaqlıqdan, yeniyetmə yaşlarından gizlincə intizarını çəkdiyi əfsanəvi məhəbbət aləminə qədəm basmışdı. Belə bir vaxt dekabr ayı idi, – şaxtalı, açıq havalı, gündən-günə Moskvanı qalın qırovla bəzəyən və alçaqda dayanan tutqun-qırmızı günəşin zinətləndirdiyi dekabr. Yanvar, fevral Mityanın fasiləsiz səadət bəxş edən məhəbbətini sanki qasırğalı bir təlatümə salmışdı, onun məhəbbəti sanki kamına çatırdı, yaxud da, hər halda, elə indicə kama çatmağa hazır idi. Lakin məhz elə bu vaxt onun bu səadətini nəsə (getdikcə də daha tez-tez) təşvişə salmağa, zəhərləməyə başlamışdı. Elə o zaman çox vaxt ona elə gəlirdi ki, sanki iki Katya mövcuddur: biri o Katya idi ki, Mitya onunla tanışlığının ilk dəqiqəsindən inadkarlıqla arzu etməyə başlamışdı, digəri isə birinci ilə iztirab dərəcəsində uyğun gəlməyən həqiqi, adi Katya idi. Buna baxmayaraq Mitya o zaman indiki duyğusuna bənzəyən bir şey hiss etmirdi.

      Hər şeyi izah etmək olardı. Bahar fəslində qarşıya çıxan qadın qayğıları, şey-şüy almaq, sifariş vermək, gah bu, gah da başqa bir şeyi fasiləsiz olaraq düzəltmək, dəyişdirmək əhvalatı başlanmışdı; ona görə də Katya, doğrudan da, çox vaxt anası ilə birlikdə dərzilərin yanına getməli olurdu; bundan başqa, Katya təhsil aldığı xüsusi teatr məktəbində imtahana hazırlaşmalı idi. Buna görə də onun təşvişi, dalğınlığı tamamilə təbii ola bilərdi. Beləliklə də, Mitya dəqiqəbaşı özünə təsəlli verirdi. Lakin təsəllilər kömək etmirdi – onlara rəğmən vəsvəsəli qəlbin dediyi daha güclü idi və daha aydın təsdiq olunurdu. Katyanın ona qarşı daxili diqqətsizliyi getdikcə artırdı, bununla birlikdə, Mityanın bədgümanlığı, qısqanclığı da artırdı. Teatr məktəbinin direktoru öz tərifləri ilə Katyanın başını gicəlləndirirdi, ona görə də Katya özünü saxlaya bilmir, bu tərifləri Mityaya söyləyirdi. Direktor ona demişdi: “Sən mənim məktəbimin iftixarısan”,