Leonardo da Vinçi. Уолтер Айзексон

Читать онлайн.
Название Leonardo da Vinçi
Автор произведения Уолтер Айзексон
Жанр
Серия Tarixi yaradanlar
Издательство
Год выпуска 0
isbn 9789952244588



Скачать книгу

uthor>Leonardo da Vinçi

      

      © Altun kitab MMC – 2021

      www.altunkitab.az

      Ön söz

      İkinci minilliyin adamı

      Leonardo da Vinçi bəşər tarixində «dahi» ünvanına layiq olan, daha doğrusu, bu ünvanı qazanmış az adamlardan biridir. Əlbəttə, tarix dahilər sarıdan kasad deyil, lakin Leonardo kimi ən müxtəlif sahələrdə böyük uğurlara imza atmış ikinci bir insana rast gəlmək mümkünsüzdür. Ayrı-ayrı sahələr üzrə məşhur dahilər var, məsələn, musiqidə Motsart, riyaziyyatda Eyler və s. Leonardo Da Vinçi isə öz universallığı (hərtərəfliliyi) ilə seçilirdi; o, rəssamlıqdan memarlığa, musiqidən ədəbiyyata, mühəndislikdən, anatomiyaya, riyaziyyatdan təbiətşünaslığadək fərqli yaradıcı və elmi sahələrdə öz istedadını sübuta yetirib.

      Məşhur alman filosofu Artur Şopenhauer (1788–1860) vaxtilə yazırdı: «İstedad heç kəsin vura bilmədiyi hədəfləri vura bilir, dahi isə heç kəsin görmədiyi hədəfi vurur». Bu sözlər sanki Leonardo üçün deyilib…

      Da Vinçini fövqəlinsan da adlandırmaq olar: bir-birindən qiymətli rəsm əsərləri, öz sağlığında heç vaxt havalanmayacaq uçan qurğular, yalnız yüz illər sonra həyata keçən qeyri-adi ideyalar, bir-birindən maraqlı alətlərin, cihazların layihələri… Bu sıraya elmin müxtəlif sahələrinə dair mətnləri də əlavə etdikdə Leonardonun dövrünü çox qabaqlamış nəhəng şəxsiyyət olduğuna heç bir şübhə qalmır. O öz ixtiraları və icadları ilə zamanı bir neçə yüz il qabaqlamışdı. Əksər ideyalarını tamamlamasa və ya həyata keçirə bilməsə də, bunlar böyük sənətkarın qiymətini əsla azaltmır.

      Da Vinçini başqalarından fərqləndirən cəhət yaradıcılığa bütün varlığı ilə bağlanması, təxəyyülünün imkanlarından sonacan istifadə etməsi idi. Müşahidələrini fantaziyaları ilə bir araya gətirə bilən Leonardo daim hər kəsi heyrətləndirməyi bacarırdı.

      Erkən yaşlardan hər şeylə maraqlanan, ətrafda gördüyü heç nəyi diqqətdən qaçırmayan Leonardonun bütün ömrü öyrənməklə, araşdırmaqla keçmişdi. Da Vinçiyədək bəşər tarixində kimsə «Mona Liza» kimi rəssamlıq şedevri yarada bilməmiş, apardığı uzunmüddətli tədqiqatların nəticəsi olaraq bənzərsiz anatomik rəsmlər çəkməmişdi. Da Vinçiyədək bəşər tarixində heç kim çayların məcrasını dəyişmək məqsədilə irimiqyaslı layihələr işləməyib, Yer səthindən əks olunan günəş işığının Ay səthini işıqlandırdığını söyləməyib, ürək mədəciklərinin necə işlədiyini öyrənmək üçün donuzun döyünməkdə olan ürəyini yarmayıb, tamamilə orijinal musiqi alətləri düzəltməyib, teatr tamaşalarına qeyri-adi tərtibat verməyib…

      Leonardonun şəxsiyyəti, həyatı və yaradıcılığı insanlara həyatda uğur qazanmağın yolunu göstərir. Onu dahiliyə aparan məziyyətləri belə sıralamaq olar:

      1. Hər şeylə maraqlanmaq.

      2. Biliyə can atmaq.

      3. Təəccüblənmək hissini heç vaxt itirməmək.

      4. Ən xırda detalı belə gözdən qaçırmamaq.

      5. Faktlara hörmət etmək.

      6. Təxəyyülün gücünə inanmaq.

      7. Təkcə sifariş üçün yox, həm də özün üçün yaratmaq.

      8. Araşdırma ehtirasına və şövqünə malik olmaq.

      Məhz yuxarıdakı keyfiyyətlər Leonardo da Vinçini bəşər tarixinin ən görkəmli şəxsiyyətlərindən birinə çevirmiş, onun «İkinci minilliyin adamı» seçilməsinə gətirib çıxarmışdı. İndi isə gəlin bu böyük sənətkar və aliminın həyat yolu, uğurları, eləcə də uğurlarının sirləri ilə daha yaxından və ətraflı tanış olaq.

      Leonardonun dünyaya gəlişi

      Xoşbəxtlikdən Leonardo nikahdankənar doğulmuşdu. Yoxsa nəslindəki bütün böyük oğullar kimi o da notarius[1] olacaqdı. Hər halda ən azı beş nəsil idi ki, belə davam edirdi. Bu ənənə onun ulu babası Mikeledən gəlirdi. Hələ XIV əsrdə Mikele İtaliyada, Florensiya yaxınlığındakı kiçik Vinçi şəhərciyində notarius işləyirdi. Bütün notariuslar kimi Mikeleyə də «ser» deyə müraciət edirdilər: ser Mikele da Vinçi.

      Mikelenin törəmələrindən biri – Pyero 1451-ci ildə Florensiyada məskunlaşarkən cəmi 25 yaşı vardı. Rəsmi müqavilələrdən birində onun iş yeri kimi şəhər hakimiyyətinin (meriya) binası göstərilir. O, Florensiya monastırları, dini ordenlər, şəhərdəki yəhudi icması üçün notarial aktlar tərtib edirdi. Bir dəfə hətta İtaliyanın məşhur sülalələrindən biri olan Mediçi kral ailəsindən belə sifariş almışdı.

      1452-ci ildə bir kəndli qızla izdivacdan Pyeronun oğlu dünyaya gəldi. Uşağın babası qeyd kitabçasının son vərəqində yazdı: «1452-ci il. Nəvəm doğuldu, yəni oğlum Pyeronun oğlu anadan oldu. Aprelin 15-də, şənbə günü, gecə saat 3-də. Adını Leonardo qoyduq». Həmin qeyd kitabçasında Leonardonun anası barədə heç nə yazılmır. Yalnız beş il sonra tərtib edilmiş vergi sənədində onun adına rast gəlirik – Katerina. O, 1436-cı ildə kasıb kəndli ailəsində doğulmuş, 14 yaşında yetim qalmışdı. Kiçik qardaşı ilə birgə nənəsigilə köçmüş, lakin 1451-ci ildə nənəsi də dünyasını dəyişmişdi. Elə həmin ilin iyulunda Katerina 24 yaşlı Pyero ilə birgə yaşamağa başladı. Katerinadan uşağı olsa da, Pyero onunla evlənmədi, çünki ayrı-ayrı sosial təbəqələrə aid idilər.

      Leonardo Vinçi qəsəbəsinin yaxınlığındakı Ankiano adlı balaca kənddə doğulmuşdu. Hazırda bu kənddə Leonardonun kiçik muzeyi yerləşir. Leonardo şənbə günü dünyaya gəlmişdi. Ertəsi gün keşiş onu Vinçinin məhəllə kilsəsində xaç suyuna saldı. Bir həftə sonra isə Pyero da Vinçi əliuşaqlı Katerinanı tərk edib Florensiyaya qayıtdı. Qadın isə Akkattabriqa adlı bir kəndliyə ərə gedib Vinçi yaxınlığındakı fermada yaşamağa başladı. Bundan sonra onların dörd qızı, bir oğlu da oldu. Leonardonun doğma atası isə ümumilikdə dörd dəfə evləndi və on bir övladı dünyaya gəldi. Leonardo daha çox anasıgildə yox, atasının Vinçidəki evində, əmisi Françeskonun yanında qalırdı.

      Qeyd edək ki, o vaxtlar nikahdankənar uşaqların dünyaya gəlməsi eyib və ya qəbahət sayılmırdı. XIX yüzillikdə yaşamış mədəniyyət tarixçisi Yakob Burkxard İtaliya intibah dövrünü «bastardların (nikahdankənar doğulanların – red.) qızıl dövrü» adlandırır. Hətta Papa II Piyin (1405–1464) nikahdankənar iki oğlu vardı. Leonardonun müasiri Papa VI Aleksandrın nikahdankənar oğlu Çezare Borcia isə papa ordusunun başçısı və kardinal[2] vəzifəsinə qədər yüksəlmişdi. Yeri gəlmişkən, vaxt gələcək, Çezare Leonardo da Vinçini himayə edəcək, ona arxa-dayaq olacaqdı.

      Nikahdankənar doğulanların arasında Petrarka, Bokaçço, Lornso Qiberti, Filippo Lippi və s. kimi dövrünün tanınmış sənətkarları da vardı. Lakin bastardların üzləşdiyi özünəməxsus çətinliklər də az deyildi. Məsələn, Florensiyanın notariuslar gildiyası ittifaqı onları öz sıralarına qəbul etmirdi. Ancaq bu məsələdə Leonardonun bəxti gətirmişdi: onsuz da onun notarius olmaq fikri yox idi, çünki yeknəsəq işdən zəhləsi gedirdi. Bundan başqa, nikahdankənar doğulduğu üçün Leonardonu, varlı tacirlərin və əsnafın ərköyün uşaqları kimi, «latın məktəbi» nə oxumağa göndərmədilər. Odur ki ibtidai məktəbdə öyrəndiyi toplama-çıxma, vurma-bölmə kimi riyazi əməliyyatları nəzərə almasaq, Leonardonun heç bir təhsili yox idi. Buna görə də yaşa dolduqdan sonra özünü ironiya ilə «təhsilsiz adam» adlandırırdı. Lakin eyni zamanda fəxr edirdi ki, nə zamansa vaxtını başdansovdu təhsilə sərf etməyib: bundansa «təhsilsiz adam» olmaq daha yaxşıdır. Ən əsası isə həyatdan kifayət qədər öyrənib; elə ona görə də bəzən sənədlərə «Təcrübələrin şagirdi Leonardo da Vinçi» deyə imza atırdı.

      Leonardo ənənəvi bilgiləri əzbərləmək ehtiyacı hiss etmir, təbiətin dərkində empirik (təcrübəyə əsaslanan) yanaşmalara, elmi metodlara üstünlük verirdi. Belə ki, onun istifadə etdiyi metodları yalnız bir əsr sonra ingilis filosofu və tarixçisi Frensis Bekonla



<p>2</p>

Kardinal – katolik kilsəsində Roma papasından sonra ali dini rütbə