Название | 20000 lyö su altı ilə |
---|---|
Автор произведения | Жюль Верн |
Жанр | |
Серия | Dünya ədəbiyyatından seçmələr |
Издательство | |
Год выпуска | 0 |
isbn | 9789952241501 |
Birinci hissə
Hərəkət edən qaya
1866-cı il unudulmayan izaholunmaz hadisələrlə yadda qalmışdı. Şayiələr sahil şəhərlərini narahat etmiş, hətta dənizçilər arasında həyəcan toxumu səpmişdi. Tacirlər, gəmi sahibləri, kapitanlar, hərbi dənizçilər, yerli hökumət bu hadisədən təşvişə düşmüşdü.
Söhbət ondan gedirdi ki, gəmilər açıq dənizdə uzunluğuna və hərəkət sürətinə görə balinadan üstün olan, ətrafa parlaq işıq saçan iynəyəbənzər, qəribə bir varlığa rast gəlirdilər.
Bu sirli varlığın eşidilməmiş sürəti və gücü, onun davranış xüsusiyyətləri barədə təsvirlər bir-birinə bənzəyirdi. Gözü ilə görənlərin sözlərinə əsasən, uzunluğu iki yüz ingilis futuna bərabər sayıla bilərdi. Əgər bu, heyvan idisə, onda elmə məlum olan bütün heyvanlardan iri və güclü idi.
Şayiələrin sonsuz bir həyəcan doğurması təbii idi. Axı insanların müəmmalı hadisələrə qapılmaq meyli var.
…20 iyulda “Qubernator Hinginson” gəmisi Avstraliyanın şərq sahillərində hərəkət edən bir qayaya rast gəlmişdi. Kapitan Bekker dənizdə yeni bir qaya tapdığını zənn etmiş və onun coğrafi koordinatlarını təyin etmək istəyirmiş ki, birdən həmin “qayanın” içərisindən iki su sütunu fışıltı ilə püskürərək iki yüz əlli futa qədər yuxarı qalxmışdı. Əgər bu, sualtı qeyzer deyildisə, deməli, burun dəliklərindən yuxarıya buxar qarışıq su püskürən dəniz məməlisi imiş.
23 iyulda isə “Xristofor Kolumb” gəmisi də həmin naməlum varlığı görə bilmişdi.
On beş gün sonra Atlantik okeanında rastlaşan “Helvesiya” və “Hanaan” gəmiləri də bu nəhəngə rast gəlmişdilər. Hər iki gəminin kapitanları bu məməlinin uzunluğunun üç yüz əlli ingilis futuna çatdığını iddia edirdilər. Halbuki Aleut adaları ətrafında rast gəlinən balinaların ən böyüyü yüz on beş futdan uzun olmur.
Bəzi ölkələrdə bu xəbərlərə gülürdülər. Lakin bu məsələ İngiltərə, Almaniya və Amerika hökumətlərinin ciddi marağına səbəb olmuşdu.
Alimlər arasında bu məsələyə inananlar da vardı, inanmayanlar da. Bu naməlum varlıq haqqında olan mülahizələr qızğın mübahisələrə səbəb olmuşdu. Nəhəngin müəmması bütün zehinləri məşğul edirdi. Mübahisələrdə gah bir, gah da digər tərəf uğur qazanırdı.
1867-ci ilin ilk aylarında bu məsələ ətrafında olan söz-söhbət və mübahisə nisbətən səngiməyə başlamışdı. Lakin gözlənilmədən ortaya yeni faktlar çıxmağa başladı. Söhbət olduqca ciddi bir təhlükədən gedirdi.
…25 mart gecəsi “Moraviya” gəmisi xəritələrdə göstərilməyən bir qayaya toxunmuşdu. Gəminin gövdəsi möhkəm olmasaydı, iki yüz otuz yeddi nəfər sərnişin və komanda heyəti dənizdə bata bilərdi. Növbətçi zabitlər okeanın üzünü çox diqqətlə müşahidə etsələr də, şübhəli heç nə görməmişdilər. Limana yetişdikdə gəmi kilinin[1] bir hissəsinin sınmış olduğu aşkarlanmışdı.
Əgər üç həftədən sonra buna bənzər bir hadisə yeni şəraitdə təkrarlanmasaydı, yəqin ki, “Moraviya”nın başına gələnlər tezliklə unudulacaqdı. Bu dəfə qəzaya uğrayan “Şotlandiya” ingilis gəmisi idi.
“Şotlandiya” gəmisi aprelin 13-də sakit və dalğasız sularda üzərkən qəflətən sağ tərəfdən almış olduğu zərbədən sarsılmış, bunun nəticəsində gəminin anbarında iki metr enində deşik əmələ gəlmişdi. Xoşbəxtlikdən, deşik maşın hissəsində deyildi. “Şotlandiya” yarıya qədər suya oturmuş halda üç gün gecikmə ilə özünü limana çatdıra bilmişdi.
Mühəndislər gözlərinə inana bilmirdilər. Gəminin gövdəsində bərabəryanlı üçbucaq şəklində deşik açılmışdı. Deşiyin kənarları hamar idi. Açıq görünürdü ki, gəminin dörd santimetr qalınlığında dəmir layını deşən silah müstəsna bir kəsərə malik imiş. Bu, tamamilə izahedilməz bir hal idi…
Bu hadisədən sonra camaatın naməlum heyvana olan sönmüş marağı yenidən alovlandı.
Lehinə və əleyhinə
Bu hadisələr baş verdiyi zaman mən Şimali Amerikanın Nebraska ştatında səyahətdə idim. Bir təbiətşünas və Paris Təbiət Tarixi Muzeyinin professoru olaraq məni Fransa hökuməti bu yerlərə tədqiqatlar üçün göndərmişdi.
Burada çox qiymətli bir kolleksiya toplayaraq 1867-ci il martın sonlarında Nyu-Yorka gəldim. Buradan Fransaya geri dönməli idim.
Nyu-Yorkda olduğum vaxt gəmilərin başına gələn əhvalatlar haqqında eşitdim. Bu sirli məsələ mənim də marağıma səbəb oldu. Bütün Nyu-York bundan danışaraq iddia edirdi ki, bu varlıq ya çox iri heyvan, ya da görünməmiş gücə malik bir sualtı gəmidir.
Lakin bu son fərziyyə Amerika və Avropada aparılmış araşdırmalardan sonra havaya sovruldu. Bir-birinin ardınca İngiltərə, Fransa, Rusiya, Almaniya, İtaliya, Amerika və Türkiyədən məlumatlar alındı. Bütün bu ölkələr bu işdən xəbərsiz olduqlarını bildirdilər. Doğrudan da, belə bir nəhəng maşının yaradılmasını heç bir dövlət gizli şəkildə həyata keçirə bilməzdi.
Bütün qəzetlər yalnız bu barədə yazırdılar. Mənim o vaxt Fransada “Dəniz dibinin sirləri” adlı ikicildlik bir əsərim çıxmışdı. Bu əsər elmi dairələrdə özünə diqqət çəkə bildiyi üçün yerli qəzet məni də baş vermiş hadisələrlə bağlı öz fikrimi bildirməyə dəvət etdi. Nə qədər boyun qaçırsam da, mümkün olmadı.
Aprelin 30-da yerli qəzetdə professor Pyer Aronaksın, yəni mənim bu məsələni təhlil edən məqaləm dərc olundu. Məqaləmdə göstərdim ki, okean dərinliklərindəki həyat bizə naməlumdur. Bu dərinliklərdə nələr olduğunu bilmirik. Biz hələ heç planetdə yaşayan heyvanların hamısını tanımırıq. Belə olduqda mən okeanların dibində böyük bir narvalın[2] yaşadığını ehtimal etdiyimi yazmışdım.
Narval, doğrudan da, xüsusi bir dişə, yaxud mizrağa malikdir. Paris tibb fakültəsinin muzeyində uzunluğu 2 metr, eni 48 santimetr olan bir mizraq saxlanılır. Gəlin ondan on dəfə böyüyünü təsəvvür edək… Mən belə bir fikir söylədim ki, bu, ola bilsin, zirehli freqatlar[3] kimi güclü zərbəyə malik bir narvaldır.
Bu məqalə qızğın hay-küyə səbəb oldu. Amma deməliyəm ki, fikrimi qəbul etməyənlər tərəfdarlarıma nisbətən azlıq təşkil edirdilər.
Hansısa nəhəng bir canlının mövcudluğuna insanlar getdikcə daha çox inanırdılar. Odur ki ingilislər və amerikalılar dənizləri bu qorxunc nəhəngdən təmizləməyə qərar vermişdilər.
Amerika hökuməti sürətli “Abraham Linkoln” freqatını təcili olaraq bu səfərə hazırlamağa başladı. Lakin freqatın tamamilə silahlanıb qeyri-adi şikarı ovlamaq üçün bütün cihazlarla təmin edilməsinə baxmayaraq, onun kapitanı Faraqut “Abraham Linkoln”u suya sala bilmirdi. Çünki o haraya gedəcəyini, nəhəngi harada, hansı dəniz və ya okeanda axtaracağını bilmədiyi üçün freqata hansı istiqamət verəcəyini qərarlaşdıra bilmirdi.
Elə bu arada Şanxay və San-Fransisko arasında səfər edən bir gəminin üç həftə əvvəl Sakit okeanın şimal hissəsində bu nəhəngə rast gəlməsi xəbəri yayıldı.
Bu xəbərin yayıldığı gün kapitan Faraquta təcili şəkildə dənizə çıxmaq əmri verildi.
Freqatın yola düşməsinə üç saat qalmış bir məktub aldım. Dəniz naziri Hobson mənə “Abraham Linkoln”un heyətinə qoşulmağı və Fransa hökumətini təmsil etməyi təklif edirdi.
“Ağam necə istərsə”
Əslində, dəniz nəhənginə olan marağım bir müddət idi ki, sönmüşdü. Lakin dəniz səfərinə dəvət məktubunu aldıqdan sonra anladım ki, mən insanlığı bu təhlükəli nəhəngin xətərindən qurtarmaq istəyənlərin yanında olmalıyam.
Əziyyət və çətinliklərlə dolu səyahətdən yenicə dönməyimə və dincəlməyə ehtiyacım olmasına baxmayaraq, mən hər şeyi unutdum və dəvəti qəbul etdim. Düşündüm
1
2
3