Kukaraça. Нодар Думбадзе

Читать онлайн.
Название Kukaraça
Автор произведения Нодар Думбадзе
Жанр
Серия
Издательство
Год выпуска 0
isbn 978-9952-8050-1-9

Скачать книгу

i evi Varazisxevi küçəsinin qurtaracağında yerləşirdi.

Yay gələndə məhəlləmizin uşaqları sərçə topası kimi ağaclara daraşar və Marta xalanın söyüşləri, qarğışları, hədə-qorxuları həyəti başına götürərdi.

– Düş ağacdan, od aparmış!

– Ay səni, görüm, boğazında qalsın, budaqları niyə sındırırsan?

– Səni görüm, gözsüz qalasan, yaramaz! Korsan, görmürsən gilas kaldı?!

– Ədə, Jora, o duz atan tüfəngi gətir bura!

– Oğru köpək uşağı, avaralar, həyasızlar! Ata-ananız kordu bəyəm? Yoxsa heç əkib-doğan olmayıb sizi? Ay allah, özün bunların qarnına sancı sal, ayaqları açılanda bilsinlər nədir haram mal tıxmaq.

Marta xala əlində zoğal çubuğu ağacdan-ağaca qaçar, nəhayət heydən düşər, çarəsi kəsilmiş halda həyətin ortasında oturub başlayardı bizi dilə tutmağa.

– Natella, qızım, sən axı müəllimə qızısan! Bu necə olur axı, anan Vagedə1 dildən, ədəbiyyatdan, «Pələng dərisi geymiş pəhləvandan» dərs keçir, ancaq öz balasına bir gilə də tərbiyə verə bilmir, o boyda uşaq indiyəcən özününkü ilə özgəninkini ayıra bilmir?

– Ay-ay-ay! Dudu, bərəkallah, ay yekəbaş, mühəndis atan, şəhərin yarısını salan atan, sənə ev yarmağı da öyrədib ki, hə?!

– Ədə, ay ağıldan kəm, dişlərini niyə ağardırsan? Ay Qurisli! Kaş sən raykom katibi yox, xaşbişirən oğlu olaydın, verəydi əlinə çirkli, iyli qarınları, deyəydi apar Veryeyə2 yu, təmizlə. Ağıllı uşaqsan, gəl bura, sana qatıq verəcəm! Gəl də… Düş ağacdan deyirəm sana, qırışmalın biri qırışmal.

– Brodzeli, san də buradasan? Əlbəttə, əlbəttə, quldur, fırıldaqçı daha harada olar?.. Bu gün gilas oğurlayarsan, sabah özgənin mənzilini çalıb-çaparsan, bir gün də qatar soyarsan, dənizdə gəmiyə basqın edərsən…

– Bas bu kimdir belə? Kuçiko? Sən necə gəlib bura düşmüsən? Uf-f, görüm, küt başın yerə girməsin, yazıqsan!

– Ey-y, Kostya, yunan küçüyü! Xoş gəlmisiniz əlahəzrət, əcəb eləyib təşrif gətirmisiniz, buyurun, talayın bağı, halalınızdır. Yunanıstanda gilas, tut, nə gəzir axı?

– Bəs sən hara baxırsan, Kukaraça? Sən də elə dil pəhləvanısan! Quru-quru qırıldatmağın var, ay mən beləyəm, mən eləyəm! Adını da qoymusan sahə müfəttişi! Oğruların, dələduzların qənimi! Cavanların tərbiyəçisi! Lovğanın birisən! Tərbiyəçimə bax mənim! Heç vallah bilmirsən, hansı uşaq evindən çıxıb! Buna bir bax, qəhrəmana – qaragünə bax!

Bizim rayon milisinin sahə müfəttişi – Kukaraça – həqiqətpərəst, həssas, başqasının dərd-sərinə yarayan adam olduğundan hamının sevimlisiydi. Əgər kimisə taxtabiti belə dişləsəydi həmən dəqiqə şikayətə Kukaraçanın yanına gedəsiydi, heç bir vacib iş Kukaraçasız həll olunmazdı.

Sən demə Fin müharibəsindən döşündə Qırmızı Bayraq ordeni ilə qayıdan Kukaraça elə həmin gün rayon partiya komitəsinə gəlib iş istəyibmiş. «Bəs sən nə bacarırsan? – deyə partiya komitəsinin katibi ondan soruşanda, Kukaraça qayıtmışdı ki, «düşmənlərimizi gülləyə tutub məhv etməyi bacararam!» Katib gülümsəmiş, onu rayon milis şöbəsinə göndərmişdi. Sahə müfəttişimizin tərcümeyi-halı haqqında bildiyimiz elə bundan ibarətdir. Söz-söhbət gəzirdi ki, cəbhədə qəhrəmancasına vuruşubmuş. Bir də deyirdilər ki, həmin ordeni şəxsən Voroşilov özü döşündən çıxarıb, onun sinəsinə asıbmış. Özü də əlini çiyninə vurub deyibmiş:

– Əhsən, Kukaraça, dzalian karqi bici xar3!

– Gürcü dilini hardan bilirsiz, Kliment Yefremoviç? – deyə Kukaraça təəccüblənibmiş.

Guya, Voroşilov da Kukaraçanın sadəlövhlüyünə gülümsəyib, cavab veribmiş ki:

– İosif Vissarionoviç öyrədib.

Bu işin, doğrudan da, belə olub-olmadığını Kukaraçadan soruşanda, o, diplomatik tərzdə cavabdan yayınar, nə hə, nə də yox deyərdi.

– Əşi, oralarnan nə işiniz… Gəlin sizə danışım, görün, necə almışam bu ordeni… – Və bəlkə də azı yüzüncü kərə danışmağa başlayardı.

…Sən demə, Kukaraça öz tankıyla tanklara qarşı qazılmış çalaya yuvarlanır. Hə qədər əlləşir, nə düşdüyü çaladan çıxa bilir, nə də bizimkilərə məlumat verə bilir. Üzülüb əldən düşən, yorğun Kukaraçanı yuxu aparır. Bir də ayılır, görür ki, tankın həndəvərindən səs-küy gəlir. Hə, di gəl indi bacar bunlarnan! Finlərin iki yüngül tankı çalaya yaxınlaşır. Kukaraçanın tankını qoşqu troslarıyla bağlayıb çəkməyə başlayır. Kukaraça da özünü ölmüşlüyə qoyub, səsini çıxarmır, dilini dişləyib susur. Finlər tankı çuxurdan dartıb öz mövqelərinə doğru aparanda, Kukaraça fikirləşir: – «Yox, belə olmaz. «Bir az da sussaq əsir düşəcəyik!» Elə buradaca o öz maşınını işə salır, cəld çevirib sürəti artırır və finlər gözlərini açanacan onların yüngülyaraq tanklarını öz arxasınca çəkib aparır… Beləcə sağ-salamat özününkülərə yetişir. Doğrudur, finlər öz tanklarından düşüb əkilirlər, əşi qoy əkilsinlər.

Burda Kukaraça öz hekayəsini kəsər, Kliment Yefremoviç Voroşilovla aralarında olan söhbətin əsl məzmunu beləcə sirr olaraq qalardı.

Səhər obaşdan Tsxnetidən4 Tiflisə gələn qatıq satanlar öz eşşəklərini Marta xalanın həyətində saxlayır, qatıq qablarıyla dolu xurcunlarını çiyinlərinə aşırıb «Qatıq ala-a-a-n, qatıq a-la-a-a-n, süd var ha-a-a çığıra-çığıra küçələri, həyətləri dolaşardılar.

Günortadan keçmiş, mallarını satıb qurtarandan sonra, yenidən həyətə toplaşar, uzunsov taxta stolun ətrafında əyləşib, bala-bala adama bir şüşə kaxeti şərabı içər, arabir də uzun-uzadı tostlarına ara verib, gün ərzində eşidib öyrəndikləri yeniliklərdən danışar, laqqırtı vurardılar.

Biz Marta xalanın həyətinə «eşşək cıdırı» adı qoymuşduq.

Hərdən tsxnetili qatıq satanlar bu həyətdə öz uzunqulaqlarının cıdırını keçirərdilər. Start qapının böyründə, finiş çəpəri ayağında, məsafə də ki, 25–30 metr. Ötüşməyə özləri utanardı, ya da həvəsləri gəlməzdi deyən, biz uşaqlardan jokey tutardılar. Qalib gələnə bir qab qatıq verir, məğlub olanı isə məsxərəyə qoyardılar.

Yəqin ki, hər eşşəyin öz adı vardı, bizsə onları sahiblərinin adıyla çağırardıq.

…O gün də içib dəmlənmiş qatıq satanlar məzələnmək istədilər. Beş manat uduş təyin etdilər.

Mən Kitesenin, Natella Arşakın, Dudu Şakronun, İraça İmedonun, yunan Kostya isə Xalvatenin belinə mindi. Düzdür, burada yenə eşşəklər vardı, amma onlar birinci turda iştirak etmədilər – çünki qaçış yolunun eni yarışların sayını istər-istəməz məhdudlaşdırırdı. Hakim rolunda Marta xala çıxış edirdi.

Marta xala üçəcən sayır və cıdır başlayırdı. Eşşəklər qulaqlarını gülməli şəkildə tərpədərək, dırnaqlarını yerə vura-vura finişə doğru götürülürdülər. Eşşək sahibləri səslərini qaldırıb qızğınlıqla bizi ruhlandırırdılar:

– Tez ol! Yeri çər dəymiş, arpanı sənə boş yerə yedizdirmişəm?!

– Qulaq as, bico5, bir az da arxada əyləş, yeyin gedər onda!

– Ona bax! Eşşək ki, eşşək! Yerində mıxlanıb qalıb. Dəhmərlə, dəhmərlə!

– Əhsən, qıza! Bax buna deyərəm ötüşmək! Gör nə çatdadır! Əhsən!

– Ay sizi, fərsizlər! Qız da ötdü sizi!

Natellaya bir qab qatıq, Arşaka bir beşlik, mənim gündəyməziməsə bir şapalaq düşdü… Elə ikinci tura hazırlaşırdıq ki, birdən dostumuz Zevera rəngi kətan kimi ağarmış halda həyətə atıldı və tükürpərdən bir səslə bağırdı:

– Kukaraçanı

1

Tiflisdə rayon adı

2

Tiflisdə çay

3

Sən yaxşı oğlansan

4

Tsxneti – Tiflis yaxınlığında kənd adı

5

Bico – uşağa, balacaya müraciət.